Paytaxt məktəblilərinin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir.
AzEdu.az məlumat verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 328 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sunay Kazımlı karate üzrə Rusiyada keçirilən beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli qızıl medal və diploma layiq görülüb.
76 nömrəli tam orta məktəbin V sinif şagirdi Aydın Rüstəmzadə karate idman növü üzrə Bakıda keçirilən dünya çempionatında 35 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.
Beynəlxalq yarışdan Vətənə qalibiyyətlə dönən digər məktəblimiz isə 213 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İsmayıl Hüseynovdur. O, İranda keçirilən beynəlxalq güləş turnirində 63 kiloqram çəki dərəcəsində I yerə layiq görülüb. Məktəbli qızıl medal və diplomla mükafatlandırılıb.
Eləcə də ciyutaido idman növü üzrə VIII respublika çempionatında Texniki-Humanitar Liseyin VI sinif şagirdi Əli Sadıqov 44 kq çəki dərəcəsində I yerə layiq görülüb.