“Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci ildə baş tutan Azərbaycan müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaradılıb. AGMA-nın əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir”.
Bu sözlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatoru Vəfa Qaragözlüyə aiddir:
Vəfa Qaragözlü 2019-cu ildə Bakı Dövlət Universitetinin SABAH qruplarının coğrafiya müəllimliyi ixtisası üzrə məzun olub. Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatoru vəzifəsinə təyin edilib.
O, AzEdu.az-a açıqlamasında assosiasiya haqda məlumat verərək, görüləcək işlərdən danışıb:
“İxtisasım müəllimlik olduğu üçün yeni yaranan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatoru vəzifəsində ilk yaranan gündən çalışmağa başlamışam. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 28 noyabr 2018-ci ildə Azərbaycan müəllimlərinin XV qurultayında gənc müəllim tərəfindən ilkin təşəbbüslə irəli sürülüb. Bu təşəbbüs Təhsil Nazirliyi tərəfindən müsbət qarşılandı və AGMA-nın yaranmasına qərar verildi. Əsas hazırlıq işləri may və iyun aylarında olub. İyulda Bakı və bir sıra bölgələrdən olan 30-a yaxın gənc müəllimlə "Azərbaycan Gənc Müəllimlərin Yay Məktəbi" keçirilib. Assosiyasiyanin missiyası isə təhsildə olan yeni çağırışlara uyğun olaraq daima inkişafda olmaqdır.
“Gənc Müəllimlər Assosiasiyasının məqsədi və gələcəkdə görüləcək işləri…”
Vəfa Qaragözlünün sözlərinə gənc müəllimlər assosiasiyaya böyük maraq göstərirlər:
“AGMA-nin əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarıb onların gələcək fəaliyyəti üçün əlverişli şərait yaratmaqdır.
AGMA-ı müxtəlif bölgələrdən olan gənc müəllimlərə bir-biri ilə əlaqə saxlamağa, təcrübə mübadiləsi aparmağa imkan yaradır. Bu assosiyasiyanın gələcək fəaliyyətində hər il gənc müəllimlər üçün yay və qış məktəblərinin təşkil olunması da planlaşdırılır. Həmçinin, müəllimlərlə birgə yeni layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Gələcəkdə müəllimlər üçün müxtəlif xarici ölkələrdə təcrübə səfərləri təşkil olunması nəzərdə tutulur. Onların müxtəlif rəsmilərlə - nazir, nazir müavini, kitab müəllifləri s. - görüşləri də keçirilib. Gənc müəllimlər üçün xüsusi təlimlərin təşkil olunması da planlaşdırılır.
Gənc müəllimlər yeni yaranmış assosiasiyaya böyük maraq göstərirlər. Hazırda onlayn qeydiyyat vasitəsilə müraciət edən yeni üzvlərin sayı 2600-u ötür. Qeydiyyatdan keçən müəllimlər respublikamızın hər bir bölgəsindən var”.
“Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olan müəllimlər bir çox uğurlar əldə edərək xarici ölkələrə təcrübə səfərləri edirlər”
Bu sözlər Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvlərindən Firuzə Haşımovaya aiddir.
Firuzə Haşımova Bakı şəhər Nərimanov rayonun 82 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir.
O, AzEdu.az-a açıqlaması zamanı assosiasiyanın əhəmiyyəti barəsindən də söz açıb:
“Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ilk üzvlərindən biriyəm. Bu assosiasiya haqqında sosial şəbəkə vasitəsilə məlumat əldə etmişəm. Məlumat əldə etdikdən dərhal sonra Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq qərarına gəldim. Son zamanlarda abituriyentlər müəllimlik sahəsinə daha çox meyl göstərirlər. Bu, çox sevindirici haldır. Gənc müəllimlərin sayının artması hansı bölgədə yaşamasından asılı olmayaraq onlar arasında əməkdaşlıq yaradır. Düşünürəm ki, sosial şəbəkələr vasitəsilə müəllimlər arasında əməkdaşlıq uzun müddətli olacaq.
Gənc Müəllimlər Assosiasiyasına üzv olmadan öncə ətrafımda elə də çox gənc müəllim yox idi. Məhz Gənc Müəllimlər Assosiasiyası sayəsində ətrafımda çoxlu müəllim dostlarım oldu. Müxtəlif bölgələrdən olan müəllimlərlə tanış olub, əməkdaşlıq etməyə başladıq. Hətta müəllimlərlə müxtəlif tədbirlərdə görüşür, fərqli fikirlərimizi bir-birimizə bölüşürük. Gənc Müəllimlər Assosiasiyasına üzv olan müxtəlif müəllimlər bir çox uğurlar əldə edərək, xarici ölkələrə təcrübə imkanı qazanıblar. İnanıram ki, assosiasiya sayəsində müəllimlər daha geniş imkanlar əldə edəcəklər. Gənc müəllimlərin yaradıcılığı, istedadı sayəsində onların yetişdirəcəyi şagirdlər də yüksək nailiyyətlər göstərəcəklər.
Assosiasiya sayəsində müəllimlər bir-birləri ilə olan ünsiyyətləri daha da genişləndiriblər”.