“Direktor Müşfiq Mirzəyevlə bağlı belə bir hadisənin baş verdiyi doğrudur. Lakin bu hadisə məktəbdə baş verməyib. Direktor toyda döyülüb”.
Ağsu rayon Təhsil Şöbəsindən AzEdu.az-a verilən açıqlamaya əsasən, Şamaxı rayon Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyev hazırda xəstəxanadadır, özünü yaxşı hiss edir:
“Kənd yerində heç restoran da yoxdur. Dünən “palatka toyu”nda davanı sakitləşdirmək üçün yaxınlaşan direktor kənd sakini tərəfindən vurulub, sadəcə, zərərçəkən o, olub. Direktorla əlaqə saxlamışıq. Hazırda xəstəxanadadır, özünü yaxşı hiss edir. Məlumat yazılanda ümumiyyətlə düzgün yazılmalıdır. Hansısa direktor haqqında yalan məlumat yazmağın heç bir adı yoxdur”.
Qeyd edək ki, yayılan xəbərlərə görə, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb. O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.