AzEdu.az davamlı olaraq müəllimləri maraqlandıran suallara cavab tapmağa çalışır. Müəllimləri maraqlandıran suallardan biri də məktəbəhazırlıq qruplarında hansı müəllimlərin dərs deyə bilməsi ilə bağlıdır.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.
Tədris ili başlamazdan əvvəl məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.
Məlumat üçün qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır. Birinci yarımil 1 oktyabr-26 yanvar, ikinci yarımil isə 1 fevral-31 may tarixlərini əhatə edir.
Ayşə Müseyib