Azərbaycanın orta təhsil müəssisələrində tədris prosesində genişlənmiş reallıq (AR – “Augmented Reality”) texnologiyasından istifadə oluna bilər.
AzEdu.az xəbər verir ki, bunu “APA-Economics”ə Türkiyənin “YuppiAR” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Səbinə Məmmədli deyib.
Onun sözlərinə görə, hazırda AR texnologiyası Türkiyənin Təhsil Nazirliyi ilə əldə olunan razılığa əsasən bu ölkənin orta təhsil müəssisələrdə kimya, botanika, biologiya, astronomiya və s. fənlərin tədrisində tətbiq olunur.
“Analoji layihəni biz Azərbaycanda da tətbiq etmək niyyətindəyik ki, bununla bağlı ölkənin Təhsil Nazirliyi ilə danışıqlar aparılacaq”, - deyə S. Məmmədli qeyd edib.
O həmçinin əlavə edib ki, bu texnologiya idman və turizm sahələrində də istifadə oluna bilər. Genişlənmiş reallıq bəzi yayımlanan materialların virtual modifikasiyasıdır və onları görmək üçün xüsusi mobil tətbiqdən istifadə olunur.