“Yataqxana illəri... Uzun məsələdir... İnsanın ən əziz xatirələri orayla bağlıdır. Amma mənə elə gəlir ki, heç kim yataqxanada könüllü yaşamır. Həqiqətən, heç kim orada yaşamaq istəməz. Yataqxananın nə demək olduğunu bilənlər də, bilməyənlər də orda qalmağa ürəklə razılıq verməz. Demək olar, orda yaşayanların hamısı buna məcbur qalır.
İlk illər mənim şəxsən yaşamağa bir yerim olmadığı üçün kirayə evlərdə qalırdım. İsa İsmayılzadə, Abbas Abdulla, Ələkbər Salahzadə, Tofiq Məhərrəmoğlu ilə birlikdə Bakıda kirayədə qaldıq. O vaxtlar kirayə ev verən mənzil sahibləri rus və ermənilər idi. Sonra Yasamalda 4 nömrəli yataqxanaya köçdük”.
Bu sözlər Xalq yazıçısı Mövlud Süleymanlıya aiddir.
Tələsməsəniz, qeyd edərdik ki, AzEdu.az təhsil portalında “Tələbə yataqxanası” adlı yeni rubrikaya başlamışıq. Onun da növbəti qonağı yazıçı Mövlud Süleymanlı oldu. O, rubrikanın şərtinə uyğun olaraq, tələbəlik illərinin unudulmaz çağları olan yataqxana xatirələrini bizimlə bölüşəcək. Universitetlərimizin yataqxanalı çağlarının nostalgiyasına bürünüb, həmin maraqlı illərə qayıtmaq istəyirsinizsə, başlayaq...
Bütün yaşayış yerlərindən fərqlənən məkan-Yataqxana
-Yataqxana əslində qurama bir şey idi. Özünün quruluşu da quramaya oxşayır: elə bil, sovet hökuməti bir kolxoz yaratmışdı. Kolxozu heç nəyə bənzədə bilməsək də, orada yaşadıq. Yataqxana həyatı da buna oxşayır, quramadır. İnsan elə bir qüvvədir ki, hər yerdə özünə ev düzəldir. Yataqxana bütün yaşayış yerlərindən seçilən bir yer idi. Qazandırdığı tərbiyə, həyat şəraiti, davranışlar –hamısı çox qəribədir, fərqlidir...
Mənim doğulduğum yerlə Bakının min kilometrdən çox məsafəsi var idi. Yadımdadır, anam məni görməyə gələndə onu yataqxanada saxlamağa ürəyim gəlmədi. Çoxu indi dünyasını dəyişən professor Bəhlul Abdulla, Akif Mirişli otaqdan çıxdılar ki, mən anamla qala bilim. Amma yenə də mən onu burda saxlaya bilmədim. Əslində, o mənə görə harada olsa, qalardı. Amma mən anama qıymadım ki, yataqxanada qalsın. Rəhmətlik Abbas Abdullanın Bakıda evi vardı; anası ilə bir yerdə yaşayırdılar. Analarımız bir-birini tanıyırdı, həmin gün onun yanında qaldı. Bu idi də yataqxana...
Günlər keçir… bizə qalır o günlərin xatirəsi
“Yolumuz” yataqxanayadır. Mövlud müəllim o illəri yenidən yaddaşın süzgəcindən keçirir. Yaddaşın qapıları açıldıqca tələbəlik illəri, sevgi macəraları, dostluqlar bir-bir göz önündə canlanır:
-Tələbəlik də elə bir növ yataqxanaya oxşayır. O illərdə, elə indi də həmişə öz üzərimdə işləmişəm, yazı yazmışam. Atam müharibədə həlak olub. Nə müəllimim, nə evdə anam mənə “oxu” deməsə də, oxumuşam. “Bu cür yaz” deyən olmayıb, mən bu cür yazmışam. Heç kimə, heç kəsə bənzəməyən yazılar yazmışam. Yəni həmişə məsuliyyətli olmuşam. Xatirələrimiz olsun deyə, digər tələbələrlə əylənmək mənlik deyildi.
Bizim yataqxanadan yuxarıda qızlar yataqxanası yerləşirdi. Onların yataqxanası bir az bizimkindən hündürdə idi. Yasamal dağlıq yerdi axı… Həmişə onların gözü bizdə, bizim də gözümüz onlarda olurdu. Qonşu otaqda yaşayan Qara Tağızadənin gözəl səsi var idi. O vaxtlar türk müğənnisi Zəki Mürən məşhur idi. Onu elə yamsılayırdı ki, elə bilirdin, doğurdan da Zəki Mürən oxuyur. Təsəvvür edin, neçə mərtəbəli bina və neçə- neçə pəncərələri var. Hamısından da qızlar baxışırdılar. Və biz bilirdik ki, onlar nə istəyir: Qaranın oxumağın.
İndi də yadımdadır, Qara Tağızadə gözəl, işıqlı səsi ilə oxuyurdu və birdən əl çalınırdı, elə bil ki, stadiondur. Hamı pəncərələrə dırmaşırdı, tələbələr az qalırdı özlərini atsınlar. O tərəfdə qızlar, bu tərəfdə biz. Bu təhsilin, tərbiyənin yeni bir ədaları idi. Yeni gözəl mənalar yaranırdı.
Elə bu dəmdə bir sual:
-Mövlud müəllim, qızlar yataqxanasında sizin üçün xüsusi biri vardı?
-Yox. Mənim birinci kursdan əvvəl gözaltı etdiyim biri vardı: indi o xanım uşaqlarımın anasıdır. Şeirlər yazan bir qız idi. Biz bir yerdə universitetdə ikinci növbə oxuyurduq. Dərsdən sonra onu Bakının kəndinə -evlərinə qədər aparıb yola salırdım. Oradan 4 nömrəli avtobusla yataqxanaya qayıdırdım. Elə o dörd nömrəli avtobusda daimi gedib-gəldiyimə görə dörd rəqəmi mənim üçün əhəmiyyətli idi (gülür).
Kasıbanə və gözəl ömür sürdük. O qız ki qarşındakını başa düşə bilir, ona güvənmək olar. Sakit, geniş, duyğulu olsan bilərsən ki, şəhərli, kəndli nə deməkdir, necə yaşayırlar. Bir-birini başa düşmək elə də qəliz məsələ deyil. O məni başa düşdü: özü də bir müddət deyil, bir ömür boyu...
Ötən günə gün çatarmı, calasan da günü-günə?
Diz üstündə olan qeyd dəftərləri, mürəkkəbli əllər, fikir axını…
-Yataqxana otağı balaca olsa da, hamı bir yerdə yaşasa da heç vaxt yazılarıma maneə olmayıb. Mən heç vaxt yazmaq üçün otağa, kresloya, masaya, sakitliyə ehtiyac hiss etməmişəm. İndi də elədir. Min adam birlikdə ağız-ağıza verib, yanımda ariya oxusa da mən onların yanında yazını yazacağam. Elə yazılarımı da çox vaxt dərsdə yazmışam. Orta məktəbdə oxuyanda şeirlər yazırdım. Bir müəllimimiz vardı, bildi ki, ona qulaq asmıram, yazı yazıram. O, şeir yazdığımı gördü. Onda 9-cu sinifdə oxuyurdum. Şeiri oxuyub bəyənmişdi. Ondan sonra mənə dedi ki, oğlum, sən mənim dərsimdə də yaz.
Universitetdə isə Bəxtiyar Vahabzadə müəllimimiz idi. Mənə deyirdi ki, əgər bu cür şeylər yazırsansa, heç mənə qulaq asma, həmişə yaz. Biz belə adamları görə-görə böyümüşük. Yazmaq üçün heç bir rahatlıq axtarmamışam. Nə gəldi, harada gəldi, yazmışam. Yataqxanada isə istəsək belə ayrıca otağımız , yerimiz yox idi. Heç bilmirdik, necə, harada yazırıq. Çox vaxt elə dizimizin üstündə yazırdıq.
Keçər aylar, düşər səndən aralı..
Mövlud müəllim səliqəli, ütülü günlərini xatırlayır. O, heç vaxt yataqxanada digərləri ilə problem yaşamadığını, yataqxana qaydalarını pozmadığını deyir.
-Komendantla heç vaxt problemimiz olmayıb. İndi nə yalan deyim, heç üzlərini də xatırlamıram. Amma otaqlara, səliqə səhmana nəzarət edirdilər. Biz elə səhər çıxıb, axşam qayıtmışıq. Həm də mənim həmdəmim var idi. Onu mən heç yataqxanaya gətirmədim. Çünki nəsə adam yataqxanadan bir az çəkinir. Orda yaşayanlardan pislik görməsə belə, yataqxananın özünün müasir dillə desək “imici” var.
Bayramlarda tələbələrin çoxu evlərinə gedirdilər. Mən evə getmək üçün Gürcüstanı da keçirdim. Qarsa, Amasyaya yaxın dağ Borçalısında yaşayırdım. Evləri uzaq olub yataqxanada qalanlar soğanla da olsa, bayramı keçirirdilər. Yataqxanada çox az adam, cəmi bir-iki nəfər qalırdı, otaqlar bağlanırdı, O vaxtlar bunu təbii sayırdıq. Darıxmırdıq. Qəribçilik olsa da, ailəmizi görmək istəsək də, bunu normal qarşılayırdıq. Yaxşı bilirdik ki, daima ana qucağında yaşamaq olmaz.
-Bəs evdən gətirilən “kənd payını” paylaşmaq ?
-Bizim evimiz uzaq, həm də dağlıq yer idi. Milli məhsullar, yağ, süd, qatıq gətirirdilər. Naxçıvandan olan dostlar, məsələn, Azər Abdullanın anası çox qəribə, biz tərəfin yeməklərinə oxşamayan yeməklər, meyvələr, qaxlar(meyvə qurusu) gətirirdi. Bizim hər bölgəmizin özünə xas mədəniyyəti var. Millət olaraq ən böyük qüdrətimiz elə bundadır. Çox sevinirəm, necə də duyğulanıram. (gülür)
Analarımız qiyabi də olsa, bizim vasitəmizlə bir-birilərini tanıyırdılar. Anam heç Azərin anasını görməmişdi, amma ona salam göndərirdi. Onun anası Azər kimi məni də oxşayırdı, qulluq edirdi, bizə görə narahat olurdu. Yataqxana illərində belə bir doğmalıq yaranmışdı. Bayramdan qayıdandan tamam başqa bir mənzərə yaranırdı. Bolluq olurdu.
Payız həsrət çəkər yaz yarpağına…
Tarixin ən qarmaqarışıq səhifələrində keçən tələbəlik illəri daha fərqli olar. Mövlud müəllim məhz belə bir dövrdə tələbəlik həyatı yaşamışdı. Həm də qaynar qazan kimi qaynayan həyatın ən fəal gənclərindən olub. Dediyinə görə, o dövrün gənclərini maddi sıxıntılardan daha çox bir məsələ düşündürürdü: Azadlıq!
-Bizim tələbəliyimizin təsadüf etdiyi 60-cı illər Sovet hökumətinin dəhşətli dövrü idi. Artıq xalqda oyanış var idi; sərhədin nə olduğunu, bizim –Azərbaycan türklərinin çox böyük yarısı İranda yaşadığını bilirdik. Orta məktəbdə müəllimlərin heç biri qorxularından deyə bilmirdi ki, əslində heç nə göründüyü kimi deyil, müharibələrdə torpaqlarımız, əhalimiz bölünüb. Bu haqda danışmaq olmazdı. O vaxt Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını gizlicə oxumuşdum. Məlumatım vardı ki, həmin poemanı çap etdirən “Nuxa” qəzetinin redaksiyası bağlanmışdı. Yataqxanada da xüsusi nəzarət var idi. Lap incəliklərinə qədər tələbələri araşdırırdılar. 1963-cü illərdə bir qrup tələbə görüşüb danışıqlar aparırdıq. “KQB” bunu bizə məlum olmayan yollarla öyrənmişdi. Həmin il iki “KQB” nümayəndəsi mənimlə bərabər 15-20 nəfər tələbəni yataqxanadan aparmışdılar. Həmin tələbələri Heydər Əliyev qorudu, yoxsa bizim hamımızı sürgün etmişdilər. Çox kədərli şeylər oldu. Amma rəhmətlik, doğurdan da böyük insan Heydər Əliyev bizi Moskvaya təqdim etmədi. Bizim hamımızla ayrı-ayrı görüşdü. Az-qala səhərdən axşama qədər orda dindirildik. Gecə saat 23:00 olardı , çıxanda gördüm ki, sevdiyim qızla bərabər dostlarım da yolumu gözləyirlər. Sonra qızı da aparıb evlərinə yola saldım.
Bəhlul Abdulla, Abbas Abdulla, İsa İsmayılzadə şeir yazırdılar, amma şeir onların düşüncələrinin yanında heç nə idi. Bu cür gənclər millətə lazım olacaq şeylər istəyirdilər. Bu kökdən gələn tərbiyə idi.
Sözümün canı, biz belə ayıq-sayıq, nəinki özünü, bütün nəcabətini dərk edən gənclər idik. Hərəmiz bir tərəfdən yığışmışdıq. O vaxtlar “ana” obrazları bir-birinə bənzəyirdi. Əsl türk anası geyiminə qədər bir-birinə bənzəyirdi. O anaların böyütdüyü uşaqlar müstəqillik haqqında düşünürdü. Çörək, pul haqqında düşünmədiyi qədər azadlıq haqqında fikirləşirdi.
Sonluq üçün bir neçə kəlmə…
-Sizinlə danışmaq xoş oldu, Mövlud müəllim
- Mənə də xoşdur. Bax belə illər yaşamışıq.
Ayşə Müseyib