Azərbaycanda “Sağlam Təhsil – Sağlam Millət” layihəsinə 2014-2015-ci dərs ilindən başlanılıb. Hazırda bu layihə 35 ümumtəhsil məktəbinin 68 sinfində tətbiq edilir. Bunlardan 53-ü birinci, 15-i isə ikinci siniflərdir.
Layihənin məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. "Sağlam təhsil sinfi"ndə tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır.
Ölkəmizdə sözügedən layihə həyata keçirilməmişdən əvvəl dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa İttifaqı, Yaponiya, Finlandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib
Bakıda “Sağlam Təhsil – Sağlam Millət” layihəsinin tətbiq edildiyi təhsil müəssisələrindən biri Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdir.
AzEdu.az xəbər verir ki, Azvision.az-ın əməkdaşı həmin məktəbin "Sağlam təhsil sinfi"ndə bir günlük dərs prosesindən fotoreportaj hazırlayıb.