“Musiqi dərslikləri elə tərtib olunub ki, şagirdlər kitabdan konkret heç nə öyrənə bilmirlər. Müəllim məlumat verməsə, əlavə dəftərə qeydlər yazdırmasa şagird heç nəyə nail ola bilməz. Musiqi konservatoriya proqramını orta məktəbə salıblar. Öyrənmək üçün isə heç nə yazmayıblar”.
Bu fikirləri AzEdu.az-a açıqlamasında musiqi müəllimi Təranə Nuri deyib:
“Əvvəllər dərslikdə bir bəstəkar haqqında məlumat verilirdi, şagird onu öyrənirdi. Müəllim də həmin bəstəkarın əsərlərindən fraqmentlər ifa edirdi. Əlavə mahnılar, məlumatlar öyrənməyə çox vaxt qalırdı. İndi vaxt çatdırmaq olmur. Test tapşırıqlarını da çıxarsaydılar, heç olmasa mövzuları ətraflı öyrənməyə, klassik musiqi dinləməyə və ya oxumağa vaxtımız olardı”.
O bildirib ki, yuxari siniflərdə nəzəriyyə, demək olar, yoxdu. Hər mövzuda bir-iki cümlə ilə kifayətləniblər. Əsasən, nəzəriyyə ibtidai sinif dərsliyinə salınsa da, ibtidai sinif müəllimləri musiqi fənninə ciddi yanaşmırlar.
“ İbtidai siniflərdə şagirdlərə nəzəriyyə keçirilir. Amma aşağı siniflərdə musiqi lazımi qaydada keçirilmir. Çünki bu siniflərdə fənlərin əksəriyyətin sinif rəhbəri tədris etdiyinə görə riyaziyyat, ana dili dərslərinə diqqət göstərir. Nəticədə şagirdlər proqramda verilən nəzəriyyəni öyrənmirlər. Musiqi dərsi ixtisas müəllimlərinə keçsə, yaxşı olar.”
Fənn müəllimi qeyd edib ki, istər dil-üslub cəhətdən, istərsə də materialların həcminə görə dərsliklər təkmilləşdirilməlidir:
“Məsələn, 6-cı sinif dərsliyində belə bir tapşırıq var: “Fikrət Əmirovun “Sevil” ariyası ilə Qara Qarayevin valsını Venn diaqramında müqayisə edin”. Dərslikdə məlumat olmadığına görə şagird özü bunu müstəqil şəkildə işləyə bilməz. Gərək müəllim hər iki əsər haqqında məlumat versin, şagird bunları bilsin ki, müqayisə etsin. Əvvəlki dərsliklərdə belə problem yox idi. Məlumdur ki, dərslikdə az məlumat verilməkdə əsas məqsəd şagirdləri axtarışa sövq etməkdir. Amma nəzərə almaq lazımdır ki, şagirdlərin hamısı internetdən axtarış edə bilmir”.
Dərslikdəki təlim materiallarının məzmunu haqqında danışan T. Nuri onu da bildirib ki, aşağı siniflərdə milli musiqilər, yuxarı siniflərdə isə xarici mahnılar öyrədilsə daha faydalı olar.
Ayşə Müseyib