“Paytaxt universitetləri tez-tez rayonlardakı ali təhsil müəssisələrini ziyarət etməlidirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev deyib.
O, Bakı Dövlət Universitetinin gələcək hədəfləri və əsas istiqamətləri haqqında fikirlərini bölüşüb:
“Bu il Bakı Dövlət Universiteti yüz illiyini qeyd edir. Biz möhtəşəm yubiley tədbirləri keçirməkdə davam edirik. Eyni zamanda, Bakı Dövlət Universiteti elm və təhsilin qovuşduğu klassik bir məkandır. Biz təhsilin ən müxtəlif səviyyələri ilə maraqlanırıq. BDU-nun əsas işi ali təhsillə bağlıdır.
Gənc nəslin yetişdirilməsinə öz töhfəmizi verməyə həmişə hazırıq. BDU-nun gənc istedadlar liseyində proses artıq yeni rakurs və yanaşmaya təkan verir. Eyni zamanda, biz müxtəlif universitet, lisey və məktəbə qədər təhsil müəssisələri ilə əlaqə qurmağa maraqlıyıq. İstəyirik ki, universitet liseylər ilə birgə fəaliyyət göstərsin və layihələr reallaşdırsın. Həmçinin, ekologiya sahəsinə də kifayət qədər maraqlıyıq. Bu proseslərin hamısı zəncir kimi bir-biri ilə bağlıdır. Bu mənada biz əməkdaşlıq üçün hər zaman açıq olmağa çalışırıq. Əlimizdən gələn hər işi etməyə hazırıq.
Hazırda rayonlarda olan universitetlər passiv deyillər. Onlar öz işlərini ictimaiyyətə çatdırmaqda bir az çətinlik çəkirlər. Media nümayəndələri bu məsələdə onların fəaliyyətini lazimi şəkildə işıqlandırmalıdır. Hər bir universitetin spesifik xüsusiyyətləri var. Bu baxımdan, Bakı Dövlət Universiteti xüsusi şəkildə fərqlənir. BDU klassik bir universitetdi. Burada elmin bütün sahələri demək olar ki, öz əksini tapıb. BDU 16 fakültə 121 kafedra və 24 mindən çox tələbənin təhsil aldığı məkandır .Bu mənada hansısa bölgə və sahə üzrə ixtisaslaşan universitetlərdən hər şeyi gözləmək düzgün olmaz. Onlar öz sahələrində kifayət qədər irəli getməyə çalışırlar. Sadəcə, bunu düzgün surətdə işıqlandırmaq lazımdır. Biz özümüz şəxsən bölgə universitetləri ilə əməkdaşlığa başlamışıq. Bu yaxınlarda Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq haqqında protokol imzaladıq və birgə kadr hazırlığına başladıq. Növbəti səfərimiz Lənkərana və Naxçıvanadır. Biz qüvvələrimizi birləşdirərək ölkədəki təhsilin inkişaf etdirilməsinə töhfəmizi verməyə çalışırıq.
Tələbələrin özəl universitetlərlə müqayisədə dövlət kolleclərini seçməsi ölkədə olan təhsilin və elmin inkişafına dövlət başçısının xüsusi qayğısının təzahürüdü. Dövlət sifarişli təhsilə diqqət və qayğı artırılır və dövlət sifarişli qiymətlər 30 faizədək qaldırılıb. Bütün dünyada olduğu kimi bizdə də təhsilin hər iki növündən uğurla istifadə olunur. Hər bir universitet işini elə qurmalıdır ki, tələbələr seçim edərkən yanılmasınlar. Bunun üçün infoturlar təşkil olunmalıdır. Müəyyən etik qaydaları gözləməklə reklam kampaniyaları edilməlidir. Paytaxt universitetləri tez-tez rayonlardakı universitetləri ziyarət etməlidilər. Bu onların tanıdılmasında böyük rol oynayacaq. Biz məktəblərə tez-tez getməliyik. Müxtəlif səviyyələrdə təhsil alan şəxslərlə əlaqə yaratmalı və demək istədiyimizi anlaşıqlı şəkildə çatdırmağı bacarmalıyıq. Ali məktəblərə seçim gənclərin formalaşma dövründə baş verir. Burada səhv etmək və qəliz informasiyalar vermək olmaz. Əksinə onların formalaşdığı dövrdə biz abituriyentlərə kömək etməli və onların yanında olmalıyıq. Gənclər seçimi özləri etməyi bacarmalıdılar. Seçim etmək üçün isə kifayət qədər düzgün informasiya olmalıdır. Bu mənada BDU bütün media ilə açıq şəkildə fəaliyyət göstərməyə çalışır və AzEDu.az-la əməkdaşlığa hər zaman hazırdı”.