“Azərbaycan-Fransız Universitetində magistratura səviyyəsi üzrə tələbə qəbulunun olması nəzərdə tutulur”
Bu sözləri Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı deyib:
Mustafa Babanlı ilkin olaraq keçirilən sərgi barədə məlumat verərək bu cür tədbirlərin artıq Azərbaycanda ənənə halını aldığını vurğulayıb:
“Bu gün keçirilən təhsil sərgisi ənənəvidir. Hər il oktyabrın əvvəlində təhsil sərgisi keçirilir. Burada həm karyera həm də universitetlərin texniki və elmi göstəriciləri nümayiş etdirilir. ADNSU son 5 ildə təhsil sərgisində aktiv olaraq iştirak edir. Artıq ADNSU-da 14000-dən çox tələbə təhsil alır . Təhsil sərgisində universitetimizin "Startup" layihələrini, təhsildə innovativ yanaşmalarını göstəririk. Əsas məqsədlərimizdən biri də aşağı və yuxarı yaş qruplarında təhsil alan gəncləri universitetimizə cəlb etməkdir. Bunun üçün də gənclərimizə müəyyən tövsiyələrimizi veririk. İstəyimiz isə gələcəkdə onları ADNSU tələbələri olaraq görməkdir.
Bugünki təhsil sərgisində xarici universitetlərin nümayəndələri də iştirak edir. Sərgi çərçivəsində xarici universitetlərlə ikitərəfli görüşlər keçirməyə çalışırıq. Həmçinin, xarici universitetlərlə ikili və üçlü müqavilələr imzalamağa çalışırıq. Sərgi çərçivəsində xarici universitetlərlə mübadilə işləri həyata keçirib, əlaqələrimizi genişləndiririk. Həmçinin, Azərbaycan universitetlərində də əcnəbi tələbələrin sayının çoxalmasından ötrü mübadilə işləri həyata keçiririk”.
Mustafa Babanlı Azərbaycan-Fransız Universitetində magistratura səviyyəsi üzrə tələbə qəbulunun açılmasından da söz açıb:
“Azərbaycan-Fransız Universitetində bir neçə ildir ki, ikili diplom layihəsi həyata keçirir. Hazırda UFAZ-da 538 tələbə 4 ixtisas üzrə təhsil alır. Onu da bildirim ki, hər il bir ixtisas üzrə 40 tələbə qəbul olur. Onların 30 nəfəri dövlət sifarişi ilə10 nəfəri isə ödənişli əsaslarla təhsil alırlar. Universitetə qəbul olan tələbələr kompüter elmləri, geofizika, neft-qaz və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alırlar. UFAZ-ı müvəfəqiyyətlə bitirən tələbələrə ikili diplom veriləcək.
Azərbaycan-Fransız Universitetində magistratura səviyyəsinin açılması nəzərdə tutulur. Həmçinin, Amerika, Fransa, Gürcustanın nüfuzlu universitetləri ilə ikili diplom müqavilələrini imzalanması ərəfəsindəyik.
Amerikada yaşayış və təhsil xərcləri çox olduğundan bakalavr səviyyəsi üzrə “3+1” magistratura üzrə isə “1+1” proqramını gənclərə təklif edəcəyik.
Almaniyadan gələn 4 alman tələbəmiz “Erasmus+” proqramıyla universitetimizdə təhsil alır”.