Azedu.az

Atalar məktəbdən uzaqlaşır, analar whatsappda “qrup”laşır...

Məktəblər

1 Oktyabr 2019, 09:12
Atalar məktəbdən uzaqlaşır, analar whatsappda “qrup”laşır...

Orta ümumtəhsil müəssisələrində fəaliyyət göstərən kişi müəllimlərin sayı kəskin azalmaqdadır. Mütəxəssislərin fikrincə, bu, gənclərin, xüsusilə də oğlan uşaqlarının tərbiyəsinə mənfi təsir göstərir. Bundan başqa, müəllimlərin əksəriyyətinin qadın olması məktəbə valideyn qismində daha çox anaların cəlb olunmasına səbəb olur, atalar demək olar ki, valideyn iclaslarında iştirakdan da məhrum olur. Həmçinin valideynlərin və müəllimlərin iştirakı ilə yaradılan whatsapp qrupları da daha çox qadın qruplarıdır, burada da qarşı cinsin iştirakı arzuolunmazdır. Valideynlərin müəllimlərdən kənar müzakirələr apardığı qruplar isə yalnız müəyyən məqsədlərlə pul yığımlarını həyata keçirməyə və bunların məktəbdən kənarda baş tutmasını tənzimləməyə yönəlib.  Orta məktəblərdəki bu durum, evdə də əsas tərbiyəçinin ana olması gənclərin tərbiyəsində də öz işini görür.

 AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı  danışan təhsil eksperti Kamran Əsədov ilk növbədə onu qeyd etdi  ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir: “Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məktəbə qədər ancaq qadın müəllimlərin, evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür.

Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı.

1995-ci ildə ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltdı. Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Kişilərin sayının az olması bir sıra problemlərə gətirib çıxarır".

Təhsil eksperti valideyn-müəllim assosiasiyalarının da yalnız qadınlardan ibarət olmasını pislədi: “Orta ümumtəhsil məktəblərində valideyn-müəllim assosiasiyaları olur və onların məqsədi müəllim və şagirdlər arasındakı münasibətləri tənzimləməkdir. Amma demək olar ki, bu kimi qurum və qruplarda nə kişi müəllimlər, nə də kişi valideynlər olmur. Real vəziyyət ondan ibarətdir ki, orta ümumtəhsil məktəblərindəki valideyn-müəllim assosiasiyası daha çox məktəbdə baş verən pul yığımlarının məktəb rəsmiləri tərəfindən keçirilməsinin qarşısını alıb. Bəzən müəllimlərin özü də bu qruplarda olur, onlar uşaqların vəziyyəti ilə bağlı mütəmadi olaraq valideynlərə məktəb işində, övladlarının tədris prosesində fəal iştirakına dair ümumi məlumat verir. Müəllimin iştirak etdiyi qruplar tədrisin keyfiyyətinin artmasına müsbət təsir edir. Valideynlərin özləri də bu yolla bir-biriləri ilə fikir mübadiləsi aparırlar. Müəllimin iştirak etmədiyi whatsApp qruplarında isə valideynlər bayramlar, ad günləri və digər tədbirlərlə bağlı razılaşaraq pul yığılmasını həyata keçirirlər. İlkin nəticədə yığılan pullar müəllimə çatır. Buna rüşvət də demək olmaz. Bu bir növ pul yığımının məktəbin rəsmilərindən valideynlərə keçməsinə xidmət edən qrupdur. Ümumilikdə isə bu qrupların təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin əlçatan olmasına müsbət təsirləri var".

K.Əsədovun sözlərinə görə, əksər whatsapp qrupları pul yığılması üçün  bir qeybət  məkanına çevrilib: “Amma hazırda bayramlarda nə qədər pul yığılacaq, kitabların, dəftərlərin qiyməti kimi məsələlər valideynlər və müəllimlər arasında yaradılmış whatsapp qrupları qeybət məkanına çevrilib. Artıq məktəb üçün pul yığımı müəllimlər günü, Yeni il və Novruz bayramlarına, ”8 Mart" Beynəlxalq Qadınlar günü və digər bayramlarla bağlı bütün maliyyə söhbətləri valideyn komitələrinin yaratdığı whatsapp qruplarında aparılır".

Ekspert hesab edir ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır: “Bundan başqa, dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik. Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”. (Yeni Müsavat)

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox