AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Nazir yeni dərs ilinin ilk dərsləri ilə bağlı əmr verdi
Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.
Ötən həftədə müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib
Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil edilib.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılıb.
Təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri başlanıb
Ötən həftədə Mingəçevir, Quba və Şamaxı təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.
Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirilən sentyabr konfransında məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.
Tələbə köçürmələrinin nəticələri açıqlandı
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri açıqlandı
Geridə buraxdığımız həftədə Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
Ali məktəblərə tələbə qəbulu başa çatdı
Ötən həftədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb.
Ceyhun Bayramov şöbə müdirini işdən çıxardı
Ötən həftədə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri işdən azad edilib.
Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən Elmira Əvəz qızı Şükürova yaşa görə vəzifəsindən azad edilib.
Ceyhun Bayramov Təhsil Şöbəsinə yeni müdir təyin etdi
Kəlbəcər rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.
Təhsil şöbəsinə Fazil Zeynalov gətirilib.
9 illik orta təhsil bazasından kolleclərin boş qalan yerlərinə qeydiyyat başladı
Ötən həftədən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları orta ixtisas təhsili müəssisələrinə qeydiyyatı başlayıb.
Qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Ötən həftədə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başa çatdı
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatıb.
Peşə məktəblərinə qəbul olunanların adları açıqlandı
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 28 avqust-5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə 3754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Azərbaycanda təhsil alan bütün şagirdlərin statistikası açıqlandı
Ötən tədris ilində Azərbaycanda təhsil alan bütün şagirdlərin (ümumtəhsil müəssisələrində təşkil olunan məktəbəqədər hazırlıq qrupları daxil olmaqla) sayı 1.567.016 nəfər olub.
Bakı məktəblərində işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.