Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən V-X sinif dərslikləri əsasında hazırlanmış 93 “Qiymətləndirmə tapşırıqları” kitabçasının və “Kimya”, “Riyaziyyat”, “Fizika”, “Coğrafiya”, “Tarix”, “Ədəbiyyat”, “Azərbaycan dili”, “Rus dili”, “Literatura”, “İngilis dili” vəsaitlərinin, “İngilis dili lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin hər biri respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklərlə tutuşdurulub. Elmi-metodik seminarlarda bildirilmiş və elektron ünvana daxil olmuş qeydlər, təkliflər, dərsliklərdəki yeniliklər nəzərə alınmaqla, vəsaitlər və kitablar təkmilləşdirilib.
AzEdu.az xəbər verir ki, bu, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı DİM-in elmi-statistik təhlilində yer alıb.
Bundan əlavə, respublikanın ümumtəhsil müəssisələrinin XI siniflərində istifadədə olan dərslik komplektləri əsasında “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” işlənib hazırlanıb. Onu da qeyd etmək lazımdır ki, siniflər üzrə “Qiymətləndirmə tapşırıqları” kitabçalarında verilmiş materiallarla şagirdlər yeni tipli tapşırıqlarla işləmək bacarıqlarına yiyələnə, müəllimlər isə məktəbdaxili qiymətləndirmədə (diaqnostik, formativ və summativ) istifadə edə bilər. Eyni zamanda, bu materiallarla buraxılış imtahanlarına hazırlaşmaq mümkündür.
Hesabatda bildirilir ki, Təhsil Nazirliyinin sifarişi ilə yeni təhsil proqramları (kurikulumlar) əsasında ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün hazırlanmış 72 dərslik komplektinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki maketlərinin (Azərbaycan və rus bölmələri üzrə birlikdə) elmi-metodik monitorinqi və qiymətləndirilməsi aparılıb. Təhsil Nazirliyinin təsdiq etdiyi “Dərsliklərin qiymətləndirilməsi meyarları”na uyğun olaraq hər bir dərslik komplektinin maketi məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, müəllim üçün metodik vəsaitin məzmunu baxımından və s. təhlil edilərək qiymətləndirilib. Qiymətləndirmə nəticəsində hazırlanmış yekun rəylər Təhsil Nazirliyinə göndərilib.