Bu il IX və XI sinif buraxılış imtahanlarında şagirdlərə xarici dil fənnindən təqdim olunan 15 sualdan 6-sı dinləmə mətni əsasında tərtib olunub.
Müəllim və abituriyentlərin narahatlığına səbəb olan məqam isə məktəblərdə dinləmə mətni əsasında dərslərin keçirilməməsi və orta təhsil müəssisələrinin lazımi vəsaitlərlə təmin olunmamasıyla bağlıdır.
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, buraxılış imtahanlarının məzmunu, yəni təqdim edilən tapşırıqların növü və qiymətləndirmə qaydası DİM və Təhsil Nazirliyi tərəfindən birgə müəyyən olunur.
Məlumatda qeyd olunub ki, tapşırıqların məzmunu “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.12-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənən dövlət təhsil standartlarına və proqramlarına (kurikulumlara) uyğun müəyyən edilir.
Kurikulum standartlarında da şagirdlərə dinləyib-anlama bacarıqlarının tədrisi və bu bacarıqların yoxlanılması öz əksini tapıb.
Xatırladaq ki, imtahan otağında dinləmə mətni xüsusi qurğu vasitəsilə iki dəfə səsləndirilib. Səsləndirmə ümumi olub və tapşırıq zamanı şagirdlərin qulaqcıqdan istifadəsi nəzərdə tutulmayıb. Sualların rahat şəkildə cavablandırılması üçün imtahan zamanı zalda sakitlik təmin olunub.