Qara dəlik elə bir məkan-zaman yeridir ki, qravitasiya cazibəsi həddən böyük olduğundan, işıq sürətilə hərəkət edən obyektlər, hətta işıq kvantları belə oranı tərk edə bilmirlər.
Bu yerin sərhədləri "hadisələr üfüqü" adlanır, ölçüləri isə qravitasiya radiusudur. Ən sadə halda sferik simmetrik qara dəlik Şvarsşild radiusuna bərabərdir.
Eynşteynin tənliklərinin bəzi dəqiq hesabları var ki, onların ilkini Karl Şvarsşild etmişdi. "Qara dəlik" ifadəsinin müəllifinin bəlli olmadığı deyilir, amma ifadəni Con Arçibald Uiler məşhurlaşdırıb.
Bu, belə və fizika ilə maraqlanan hər şəxs yazdıqlarımı bilir.
Amma...
1756-cı ildə Benqaliyanın nəvvabı, yəni hökmdarı Sirac üd Dövlə britaniyalıların təsir imkanlarının və gücünün artmasından təşvişə düşərək Fort-Uilyam qalasına hücum etdi. Bu qala sonralar Kəlküttə şəhəri olacaqdı.
Nəvvabın əmrinə əsasın, yerli sakinlərlə pis davranan britaniyalı əsgərlər və zabitlər tutuldular, şəhər həbsxanasındakı "Qara dəlik" adlı zindana salındılar. Zindanın sahəsi cəmi 20 kvadrat metr olsa da, ora 156 əsir ingilisi doldurdular.
İngilislər yaralardan, susuzluqdan və bürküdən ölməyə başladılar.
Səhər "Qara dəlik"də cəmi 23 nəfər sağ qalmışdı.
Bu hadisə Britaniya qəzetlərində və jurnallarında nəvvabın qəddarlığı kimi çox müzakirə olundu. Bir il sonra general Robert Klayv qalanı geri aldı, sonra da bütün Benqaliyanı ələ keçirdi.
O, 1000 avropalı, 2 min sipay və 8 topa malik olsa da, 35 min piyada, 15 min süvari və 50 topdan ibarət nəvvab qoşununu Plessi yaxınlığında darmadağın etdi.
Kəlküttədəki "Qara dəlik" zindanı ilə bağlı faciədən fizik Robert Dik bəhs etməyi çox sevirdi. Hətta onun evində və ya laboratoriyasında nə isə itəndə Dik deyirdi: "Bu zibili Kəlküttənin qara dəliyi uddu".
Daha sonra Dik mühazirələrində də "qara dəlik" ifadəsini söyləməyə başladı.
Hə, yeri gəlmişkən...
Kosmosda qara dəliklərlə bahəm, ağ dəliklər də var. Əgər qara dəlikdən heç nə qurtula bilmirsə və orada hər şey yox olursa, ağ dəliyə heç nə düşə bilmir.
Elçin ALIOĞLU