XV Avropa Gənclər Olimpiya Festivalında Bakı məktəbliləri seçilmiş ölkələrlə bağlı təbliğat işləri aparacaqlar.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıda festivalda “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumilikdə 49 ümumi təhsil məktəbi üzrə 800-dən çox şagird və müəllim heyətinin iştirakı nəzərdə tutulub.
Seçilmiş məktəblər 22-26 iyul tarixlərində onlara təhkim olunmuş ölkələrin mədəniyyətini, tarixini, incəsənətini və idman ənənələrini ölkəmizdə təbliğ edəcəklər.
Bu məqsədlə Bakıda seçilmiş 49 məktəbin 48-i Avropa ölkələrini, 1-i isə Azərbaycanı təmsil edərək öz pavilyonlarını nümayiş etdirəcək.
XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması nəzərdə tutulub. Festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) yarışlar keçiriləcək. Yarışlarda ölkəmizi paytaxt məktəbliləri təmsil edəcək.
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.