Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Eyni ixtisas qrupu üzrə yaz və yay qəbul imtahanlarının hər ikisində iştirak edən və müsabiqə şərtlərini ödəyənlər istədikləri nəticəni seçə bilərlər.