Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.
Müsabiqədə uğur qazananlarla yanaşı istədiyi nəticəni əldə edə bilməyən müəllimlər də olub.
AzEdu.az müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən müəllimlər arasında sorğu keçirərək, onların fikirlərini öyrənməyə çalışıb. Onların arasında müsabiqədə uğur qazananı da var, qazanmayanı da...
Astara rayon Qapıçıməhəllə kənd orta məktəbinin tarix müəllimi Həbib Əlizadə müsabiqədə iştirak etsə də, müsbət nəticə əldə edə bilməyib:
“Müsabiqədə iştirak edənlər arasında yüksək bal yığanlar çoxluq təşkil etdiyi üçün müsbət nəticə əldə edə bilmədim. Mən MİQ üzrə müsabiqədə 53 bal toplamışam. Müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak edənlərin arasında 57-58 bal toplayanlar olduğu üçün istədiyim yeri seçə bilmədim.
Müsabiqənin şəffaflığına şübhəm yoxdu. Ötən il də bu müsabiqə sayəsində iş yerimi Lənkərandan Astaraya gəlmişəm.
Müsabiqədə iştirakıma səbəb isə Bakıda daha çox iş görəcəyimə inanmaqdı. Yoxsa işlədiyim məktəbdən qətiyyən narazı deyiləm. Buranın kollektivi və şagirdləri ilə çox yaxşı anlaşıram. Bu cəhətdən isə çox şanslıyam.
Qəbul olmaq istədiyim təhsil müəssisələri, Nardaran Əmircan, Binə və Binəqədi qəsəbəsində olan məktəblər idi.
Hazırda Astara rayonunda işləyirəm və bir ildə burada olmağı düşünürəm”.
Astara rayon Şahağacı kənd orta məktəbinin ingilis dili müəllimi Babək Rzazadə isə müsbət nəticə əldə edən müəllimlərdəndir. Təəssüratı da elə nəticəsinə uyğun olaraq, pozitivdir:
“Bu ilki yerdəyişmə müsabiqəsi vasitəsilə Astara şəhər 1 saylı məktəbə seçildim. Əvvəl isə Astara kənd məktəbində müəllim kimi işləyirdim.
İşlədiyim məktəb yaşayış yerimdən uzaq idi və işə getmək üçün səhərlər 3 avtobus dəyişməli olurdum. Rayon yerində kursda da işləyirəm və günortadan sonra ora gedib müəllimlik etmək çox əziyyətli olurdu. Əsas səbəb, yol problemi idi. Buna görə müsabiqədə iştirak etdim və uğur qazandım.
Astara şəhər 1 saylı məktəbdə çalışacağam. Şəhər məktəbi kənd məktəbindən fərqlənir. Burada şagirdlər daha çox aktivlik göstərirlər. Bunu mən bir il ərzində müşahidə etdim. Burada müəllim daha yaxşı işləyə bilir”.
Xızı rayonu Türkoba kənd ümumi orta məktəbinin tarix müəllimi Emin Piri də yerdəyişmə müsabiqəsində iştirak etsə də, istədiyi məktəbə düşə bilməyib:
“Müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirakın məqsədi daha sərfəli yerlərdə işləyə bilməkdir. Hərənin bu müsabiqədə iştirakının fərqli səbəbləri var.
Mənim iştirakımın səbəbi isə çalışdığım məktəbdə iş saatının azlığı və buna bağlı maaşın da aşağı olmasıdır.
Daha çox Sumqayıt məktəblərinin birində işləmək istəyirdim, çünki özüm bu şəhərdənəm. Burada isə tarix fənninə 3 vakant yer ayrıldığından müsabiqədə uğur qazanmaq çox çətindir. Sumqayıtda işləməyin müsbət tərəfi isə buranın böyük şəhər olması və repetitorluğa şans yaratmasıdır.
Hazırda işlədiyim kənddə avtobus xətti də yoxdur. Avtobus günorta vaxtı gəlir və bu zamanda artıq dərs vaxtı bitir. Yerli camaat bizə bu məsələdə çox köməklik edir. Bura dənizkənarı yerdi və havası pis olur. Kənddə asfalt yol yoxdu. Əgər avtobus xətti olsaydı, burada qalmaq istəyərdim.
Burada hələ də qalmağıma səbəb isə məktəb kollektivinin gəlmə müəllimlərə olan hörmətidir. Bəzən elə olub ki, direktor özü bizi yoldan götürüb məktəbə aparıb. Sadəcə həmin avtobus xətti səhər bir dəfə işləsə, heç bir problem yaranmaz.
Məktəb 1988-ci ildə Axısqa türkləri tərəfindən inşa edilib. Bu əslində məktəb də deyil, yaşayış yeridir. Bura vaxtı ilə 3 otaqlı mənzil olub. Bu evi məktəbə çeviriblər. Bizdə direktor və müəllimlər üçün otaq yoxdu. Kitabxana mövcud deyil. Müəllimlər boş zamanlarında oturmağa yer də tapa bilmirlər. Bufet və idman zalı yoxdur. Yağışlı-qarlı havada müəllimlər çöldə dayanırlar.
Bütün bu şəraitsizliklər insanı motivasiyadan da salır. Burada 3-5 ay qalmaq olar. Sonradan bu şəraitsizlik insanı depressiyaya salacaq.
İlk iş yerim Siyəzən rayonunda olub. İki ildir ki, Xızı rayonunda işləyirəm. Qəbul olub getmədiyim məktəblər də olub. Cəlilabad rayonunun Cəfərxanlı kənd məktəbi və Hacıqabulun Talış kənd məktəbinə qəbul olmuşam, amma getməmişəm”.
Şükufə Süleymanlı