Modul tipli məktəblərin quraşdırılması 2019-cu ildə davam etdiriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov məlumat verib.
Bildirilib ki, 2019-cu il ərzində daha 50 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.
Nazirlik rəsmisinin sözlərinə görə, cari ildə təkcə modul məktəblərin quraşdırılması deyil, eyni zamanda bəzi məktəblərdə əsaslı təmir-tikinti işlərinin həyata keçirilməsi də planlaşdırılır.
Məlumata əsasən, il ərzində həmçinin bir sıra məktəblərin açılışı da olacaq. 13.404 şagird yerlik 36 məktəbin açılışı nəzərdə tutulub ki, həmin məktəblərə 2 internat, 2 məktəbdənkənar təhsil müəssisə daxildir.
Qeyd edək ki, son 15 il ərzində ölkədə 3200-dən artıq məktəb binası tikilib və ya təmir edilib. Bu məktəblərdən 941-i Təhsil Nazirliyinin birbaşa sifarişi ilə inşa olunub. Həmin məktəblərin 536-sı yenidən tikilib, 135 məktəbdə isə bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb.
2017-2018-ci tədris ili ərzində ölkədə 56 məktəb tikilərək istifadəyə verilib. Bu 56 məktəbdən 39-u ümumi təhsil, 7-si internat, 2-si məktəbdənkənar, 3-ü isə peşə təhsili müəssisədir.