Azedu.az

“Şadam ki, bizim bu təşəbbüsümüz də dəstək qazandı”-  Ceyhun Bayramov  

Məktəblər

4 İyun 2019, 17:30
“Şadam ki, bizim bu təşəbbüsümüz də dəstək qazandı”-  Ceyhun Bayramov  

“Ölkə üzrə 2397 ümumi təhsil müəssisəsinin qatıldığı çempionatda 202.000-dən çox şagird iştirak edib”.

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəblilərarası Respublika Çempionatının təltifetmə mərasimində Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, hazırda məktəblilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün kifayət qədər imkanlar yaradılıb:

“İdmançılarımızın mötəbər yarışlarda qalibiyyətlərinin tez-tez şahidi oluruq. Şadam ki, bizim bu təşəbbüsümüz də dəstək qazandı və məktəblər arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil etməyə nail olduq. 4 idman növü üzrə keçirilən bu yarışlar II-XI sinifləri əhatə edir. Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.

Ölkə üzrə 2397 ümumi təhsil müəssisəsinin qatıldığı çempionatda 202.000-dən çox şagird iştirak edib. Çempionatın təşkilində vacib hədəflərimizdən biri də məktəblilərdə komanda ruhunu formalaşdırmaq, həmçinin, idmanda kütləviliyi təmin etməkdir. Hesab edirəm ki, gənclərin şəxsiyyət kimi formalaşması üçün bu kimi inkişafa yönəlik tədbirlər olduqca önəmlidir”.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb.

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox