Azedu.az

12 illik təhsilə keçid nə vaxta qaldı...? - Ekspertlər danışır...

Məktəblər

Elm və Təhsil Nazirliyi

4 İyun 2019, 13:50
 12 illik təhsilə keçid nə vaxta qaldı...? - Ekspertlər danışır...
Azərbaycanda ilk dəfə məktəbəhazırlıq ümumitəhsilin bir səviyyəsi kimi nəzərdə tutulub.
Bununla bağlı məlumatı Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov yeni qəbul olunan «Ümumi təhsil haqqında» Qanunla bağlı çıxışında qeyd edib.
 
O bildirib ki, bununla da, uşağın ümumi təhsil müəssisəsində olma müddəti 12 il nəzərdə tutulub. «Məsələn, əvvəl ümumi təhsil sisteminin mərhələləri kimi ibtidai, orta və tam təhsil olmaqla 11 il nəzərdə tutulurdusa, artıq məktəbəhazırlıq müddəti olan bir il də mərhələ kimi bu sistemə əlavə olunub.
 
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev isə bir müddət əvvəl mətbuata açıqlamasında bildirdi ki, məktəbəhazırlıq, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil bir təhsil müəssisəsində təmin edildi. Odur ki, biz artıq məktəbəhazırlığa da təhsilin bir səviyyəsi kimi baxa bilərik və bu, qanunda da öz əksini tapdı. Bu yanaşma belə bir sual da yaratdı ki, bu, 12 illik təhsil sisteminə keçiddirmi? Düşünürəm ki, Bolonya prosesinə qoşulmuşuqsa, dünya təhsil sisteminə inteqrasiya ediriksə, uşaqların inkişaf sürətini də nəzərə alırıqsa, təhsilin fasiləsizliyi prinsipindən çıxış edərək gec-tez bu məsələni həll etməliyik. Hansı formada buna keçəcəyik? Bax, bu hələ konkretləşməyib. 5 yaşlıların da təhsilə bu şəkildə cəlb edilərək ümumi təhsilin bir səviyyəsini təşkil etməsi şərti olaraq 12 illik təhsilə keçidin başlanğıcı kimi də nəzərdən keçirilə bilər. Ancaq başqa bir təşəbbüs də var ki, təmayül siniflərini 11-12-ci siniflərdə davam etdirmək olar. Məsələ burasındadır ki, ümumi orta təhsildə ümumi bütün biliklər verilir. Tam orta təhsildə ixtisaslaşma özünü göstərməlidir.
 
Məsələ burasındadır ki, 12 illik təhsilə keçidlə bağlı xəbərlər və müxtəlif yanaşmalar məhz bu günün məsələsi olmayıb, son illərdə ən çox gündəmə gələn, ekspertlər və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan məsələlərdən biridir. Yəni, bu sistem Avropa standartlarına uyğun olsa belə, bir çox insanlar hələ də bu qənaətdədirlər ki, əlavə bir il, vaxt itkisidir.  Bununla belə, xatırlatmaq yerinə düşər ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Ölkə başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və iki illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanıb. Hətta bu məqsədlə Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr də aparılıb.
 
Məlum olduğu kimi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidin həyata keçirilməsinə başlanıb. Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir. Qeyd olunur ki, 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur. 
 
12 illik təhsilə keçidin zəruriliyi nə ilə şərtlənir? Hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu bir daha öz əksini və təsdiqini tapıb. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən, hesab edilir ki, 12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Digər tərəfdən, Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı, məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji psixoloji habelə iqtisadi xarakterli məsələlərin həlli də qaçılmazdır.
 
Lakin bir məqam da xüsusi olaraq vurğulanır ki, 12 illik təhsil sisteminə keçidə mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Bu, çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir. 12 illik təhsil sisteminə keçidə məhz sadəcə məktəbdə oxunan illərin artırılması kimi deyil, seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil layihəsi gerçəkləşə bilər. Sabiq Təhsil Naziri M. Cabbarovun təbirincə deyilsə bu, bir nəfərin qərarı olmamalıdır. Bu sistemə düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla keçiləcək.
 
Reallıqdan çıxış etsək və mövcud vəziyyəti nəzərə alsaq belə qənaətə gəlmək olar ki, keçid prosesi bir sıra ciddi maneələrin aradan qaldırılması və həll olunması baxımından qeyri-müəyyən müddətə ləngiyə bilər. Yəni, deyək ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər 2019-cu ildə məktəbi bitirəcəklər. Növbəti ildə oxuyacaq V siniflər üçün yeni kurikulumlar hazırlanmalıdır. Bu qısa müddət ərzində sənədlərin hazırlanması, elmi araşdırmaların aparılması müvafiq strukturlardan çox ciddi iş tələb edir. Dərsliklərin də yeni kurikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması və s. ciddi məsələlərdəndir. 
 
Professor Şahlar Əsgərov 11 illik təhsillə müqayisədə 12 illik təhsilin daha səmərəli olduğunu bildirir. Onun qənaətinə görə yaşadığımız era elmə, biliyə söykənən eradır. Dünyada bu gün yaşayan alimlərin sayı, indiyə qədər yaşamış alimlərin sayından çoxdur. Ona görə də elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var. Görünür, bu böyük dəyişiklikləri 11 ilə tədris etmək mümkün deyil. Təhsil müddətini bir az da artırmağın səbəbi bilikləri gənclərə daha çox mənimsətməkdir. Bunu alqışlamaq lazımdır. 
 
"XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də 12 illik təhsilin dünyanın qabaqcıl ölkələrində tətbiq edildiyini söyləyir: "12 illik təhsilə keçmək üçün hələ çox gecikmişik. Yeni təhsil haqqında qanun qəbul olunanda bu addım elə o vaxt atılmalı idi. Çünki 12 illik təhsil artıq Avropa standartlarına uyğundur.  Ona görə də bizim orta təhsil haqqında sənədimizin tanınması, məktəb proqramlarının unifikasiyası 12 illik təhsil üçün çox vacib məsələdir. Nə qədər orta məktəblərdə təmayülləşmə prosesi aparılmayıb, repetitorluq xidməti güclənəcək. Ona görə də bütün orta məktəblərdə təmayülləşmənin tətbiqi zəruridir.  E.Əliyev hesab edir ki, təmayül fənləri üzrə tədris edən müəllimlər də kifayət qədər təkmilləşməlidirlər Heç şübhəsiz ki, bu təkmilləşmə 12 illik təhsilə keçidlə bağlı daha sürətli xarakter daşımalıdır.
 
Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, belə bir modelə keçid beynəlxalq təhsil sisteminə inteqrasiya, tədris planlarının optimallaşdırılması və təhsil proqramlarındakı ağır yükün paylaşdırılması baxımından nəinki zəruridir, həm də faydalıdır. Bununla belə, 12 illik təhsil sistemi düşündüyümüz qədər də sadə proses deyil. Gedişatı və nəticəni zaman göstərəcək. Bir də ki, təhsilin keyfiyyətini yüksəltmək üçün onun müddətinin artırılmasına bel bağlayıb, buna ümid etməklə arxayınlaşmaq olmaz. 12 illik təhsilə keçid, keçid xətrinə deyil, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi üçün keçilməlidir. Ölkədə vaxtilə yeni kurikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq. Hər halda müzakirələr davam etdirilməlidir, özü də daha geniş tərkibdə. (Moderator.az)
Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox