Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında rus dilinin tədrisinə ayrılan vəsaitin dayandırılmasını təklif edib. O xatırladıb ki, hər il dövlət büdcəsindən rus dilinin tədrisinə 100 milyona yaxın vəsait ayrılır.
Ümumiyyətlə, ara – sıra mediada yayımlanan yazılar çoxlarının Rus bölmələrinə münasibətinin birmənalı olmadığını sübut edir.
“Rus bölməsinə axının qarşısını almağa çalışmaqdansa, rusdilli müəllimlər kontingentini yetişdirək”
Rus bölmələrinə dövət maliyyəsinin dayandırılması təklifi ilə bağlı AzEdu.az-a danışar təhsil eksperti Anar Məmmədov bu fikirlə qətiyyən razılaşmadığını bildirib. O qeyd edib ki, belə söyləməkdə məqsəd Rus bölməsinə olan meylin qraşısını süni şəkildə almaqdır:
“Amma Rus bölməsində oxuyan şagirdlərimiz özünəməxsus dünyagörüşü və təfəkkürə malikdirlər. Təklif edirəm ki, bu bölməyə axının qarşısını almağa çalışmaqdansa, rusdilli müəllimlər kontingentini yetişdirək. Universitetlərdə Rus dilində tədris apara bilən xüsusi müəllimlər yetişdirək. Rusca tədris alan azərbaycanlı şagirdlərin milli dəyərlərə uyğun, vətənpərvər ruhda böyüdülməsi üçün çalışmalıyıq. Hansı dildə oxumalarından asılı olmayaraq, Azərbaycan dəyərləri barədə məlumatlı olmalıdırlar.
Yaxşı, tutaq ki, dövlət büdcəsindən maliyyələşmə dayandırıldı. Bəs, Rus bölmələrində təhsil alan bu qədər şagird necə olacaq? Bununla qətiyyən razı deyiləm. Belə fərq qoymaq düzgün deyil”.
“Süni axının qarşısını süni yollarla almağa çalışırıq”
Onun sözlərinə görə, cəmiyyətdə Rus bölməsinə qarşı formalaşmış müəyyən qıcığın arxasında bəzi həqiqətlər də var:
“Çünki bu gün ailəsində rusca danışan olmayan, dil bilməyən şagirdi valideynləri gətirib Rus bölməsinə qoyurlar. Əziyyət çəkən isə məktəb və müəllimlər olur. Bu baxımdan haqq vermək olar. Uşaqların həyatda həll etməli olduğu ən böyük problem valideynlərin yerinə yetməyən arzuları ilə yaşamaqdır. Valideynlər vaxtı ilə Rus bölməsində oxumaq istəsələr də, bacarmayıblar. İndi də övladlarını bu bölməyə qoyurlar. Halbuki uşaq rusca kəlmə də bilmir. Artıq bu kimi halların qarşısını almaq üçün Rus bölməsinə qəbulda müsahibə keçirilir.
Tələb və standartların üzərində işləməkdənsə, süni axının qarşısını süni yollarla almağa çalışırıq. Bu, düzgün deyil. Təfəkkürləri rusca olan şagirdlər var. Niyə də onlar Azərbaycan təhsilini rusca mənimsəməsinlər? Baxı, buna heç nə mane olmur. Tolerant dövlətik, vtənpərvər və milli ruhda böyüdülən nəsil yetişdirməliyik”.
“Uşaq nə etsin ki, Türkiyə verilişlərində uşaqların obrazını daha xoşbəxt görür?”
Ekspertin sözlərinə görə, bəzən valideynlər məcbur etməsə də, izlədiyi cizgi filmləri şagirddə Rus və ya Türk dilinə meyl yaradır. Amma bunu məktəblinin günahı adlandırmaq olmaz:
“Azərbaycanca səviyyəli cizgi filmləri çəkməli, məşhur əcnəbi filmləri yaxşı tərcümə etməliyik ki, uşaqlar süni şəkildə hansısa dilə meyillənməsinlər. Türkiyənin uşaq kanallarındakı layihələrə baxın. Bəlkə biz də əvvəl uşaqlığı azərbaycanca təbliğ edək, ondan sonra azyaşlıların əcnəbi dillərə meyillənməsindən gileylənək?
Yazıq uşaq nə etsin ki, Türkiyə verilişlərində uşaqların obrazını daha xoşbəxt görür? Bizim kütləvi informasiya vasitələri isə bu haqda heç düşünmür. Təəssüf, səbəbdən danışmadan nəticə ilə mübarizə aparmağa çalışırıq. Bu, cəmiyyətin, valideyn yanaşmasının problemidir, amma məktəbin üstünə düşmüşük. Maliyyəni dayandırmaqdan söz açırıq”.
Qeyd edək ki, deputat Fazil Mustafa ölkədə ingilis, türk məktəblərinin özəl olmasını əsas gətirərək bunları demişdi:
“Rus dili tədrisini də özəl sektora buraxmaq lazımdır. Biz niyə hansısa xarici ölkənin dilini öz büdcəmizdən vəsait ayırmaqla həll etməliyik? Mən rus dilində tədrisin tərəfdarıyam, amma bunu büdcə hesabına etmək yanlışdır”.