Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsində əyani və qiyabi təhsilalma forması üzrə təhsil alan tələbələrin pedaqoji təcrübəsinin yekunlarına həsr edilmiş konfrans keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildiriblər ki, konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, BŞTİ-nin müdiri Rəşad Tağıyev, universitetin prorektorları, fakültə dekanları, metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə təcrübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar, Təcrübə Komissiyasının üzvləri, tələbələrin pedaqoji təcrübə keçdikləri tam orta məktəblərin direktorları, müəllimlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Konfransda pedaqoji təcrübədə olmuş tələbələrin “Pedaqoji təcrübədə nə gördük? Nə eşitdik? Nə etdik?” sualları əsasında debatı təşkil edilib.
ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov 2018-2019-cu tədris ilinin pedaqoji (istehsalat) təcrübəsinin nəticələri haqqında ümumi məlumat verib. Qeyd edilib ki, ADPU üzrə 2018-2019-cu tədris ilinin pedaqoji (istehsalat) təcrübəsi 14 həftə müddətində keçirilib.
Prorektor universitetin 3 min 827 tələbəsinin pedaqoji təcrübə keçdiyini bildirib.
BŞTİ-nin müdiri Rəşad Tağıyev universitet-məktəb əməkdaşlığının təkcə təcrübə müddətində deyil, tədris ili ərzində davam etməsinin və sistemli xarakter daşımasının vacibliyini qeyd edib.
BŞTİ-nin müdiri dərsin düzgün, səmərəli təşkilinin müəllimin elmi səviyyəsi ilə yanaşı, eyni zamanda, praktik hazırlığından da asılı olduğunu deyib.
Son illərdə müəllimlərin və rəhbər pedaqoji işçilərin işə qəbulu sahəsindəki müsbət təcrübədən bəhs edən R. Tağıyev bütün bunların müəllimlik ixtisasını seçmiş gənclərə əlavə stimul verdiyini söyləyib.
Konfransda 57 nömrəli tam orta məktəbin direktoru Gülnarə Cəfərova, 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Elşən Dadaşov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi Zülfiyyə Vəliyeva çıxış edərək ADPU-nun tələbələrinin yüksək bilik və bacarığa, müasir dünyagörüşünə malik olduqlarını, müasir informasiya-kommunikasiya texnologiyalarını yaxşı bildiklərini vurğulayıblar.
ADPU-nun rektoru Cəfər Cəfərov pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin tədris planlarında pedaqoji təcrübəyə xüsusi yer verildiyini diqqətə çatdırıb.
Rektor universiteti bitirən tələbələrin gələcəkdə yüksək ixtisaslı mütəxəssis, faydalı və ləyaqətli vətəndaş olacaqlarına inandığını deyib.