“Xaricdə təhsil şirkətlərinin lisenziyalaşdırılması prosesində heç bir problem yoxdur”
Bu sözləri AzEdu.az-a millət vəkili Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, xaricdə təhsil alıb, ölkəyə gələnlər aldıqları diplomu mütləq tanıtdırmalıdırlar:
“Elə gənclər var ki, DİM imtahanlarında iştirak edərək, lazımi səviyyədə bal toplasalar da xarici universitetlərdə təhsil almağı hədəf seçirlər.
Məhz elə tələbələr xarici universitetdə təhsil alıb ölkəyə qayıtdıqdan sonra heç bir problem yaşamırlar. Amma qəbul imtahanlarında yetəri səviyyədə bal toplamayıb xaricdə təhsil almağı hədəf seçənlər ölkəyə qayıtdıqdan sonra problem yaşaya bilərlər. Xaricdə təhsil alıb, ölkəyə gələnlər aldıqları diplomu mütləq tanıtdırmalıdırlar.
Xarici universitetlərin diplomunu tanıtmağın müəyyən şərtləri var. Onu da bildirim ki, xaricdə təhsil şirkətlərinin lisenziyalaşdırılması prosesində heç bir problem yoxdur. Ölkəmiz hüquqi dövlətdir. Həmçinin, qanunvericiliyimiz var. Ölkəmizdə heç kim qanunsuz fəaliyyətlə məşğul ola bilməz. Mövcud qanunvericiliyə hörmət etmək şərti ilə hər kəs istədiyi fəaliyyət növü ilə məşğul ola bilər”.
Millət vəkili Asim Mollazadə xaricdə yalnız diplom satışı üçün yaradılan universitetlərə diqqət yetirməyin lazım olduğunu qeyd edir:
“Hazırda demək olar ki, dünyanın bütün universitetləri haqqında ətraflı məlumatlar mövcuddur. Bununla yanaşı, keçmiş SSRİ məkanında bilik vermək üçün yox məhz “diplom satışı” üçün yaradılan universitetlər var. “Diplom satışı” üçün yaradılan universitetlərə isə diqqət yetirmək lazımdır. Tanınmış universitetlərin lisenziyalarının təsdiq edilməsində problem görmürəm. Amma tanınmayan, süni yaradılan universitetlərə diqqət yetirmək lazımdır. Diplomların lisenziyalaşması prosesində problem olmamalıdır. Çox zaman bu kimi problemlərin arxasında məmur özbaşınalığı dayanır. Həmçinin xaricdə təhsil almış tələbələr üçün də problem yaradılır.Azərbaycanda xaricdə təhsil şirkətlərinin lisenziya problemləri olur. Bu kimi təhsil şirkətləri müvafiq məmurların fəaliyyətindədir. Məhz ona görə də onlar ciddi araşdırılmalıdır”.