Elektron sistem vasitəsilə I sinfə qeydiyyat davam edir. Sistem proses zamanı istifadəçini addımbaaddım izləsə də, valideyn sualları bitmək bilmir.
AzEdu.az məktəbəqəbulla bağlı valideynləri maraqlandıran əsas sualları cavablamaqda davam edir:
Sual:
-Övladım məktəbəhazırlıq qrupunda təhsil alır. Gecikdiyinə görə I sinfə qəbulda öz müəlliminin sinfinə düşə bilməsə, necə olacaq? Sonradan o müəllimi seçmək mümkün olacaq? Həmin təhsil müəssisəsində hazırlıq keçmiş azyaşlını məktəbdə yer olmadığına görə, qəbul etməyə bilərlər?
Cavab:
-Xeyr. Məktəbəhazırlıq qruplarında təhsil almış şagirdlərin sorğusu avtomatik olaraq həmin məktəb və müəllim üzrə yerləşdirilir. I sinfə qəbulda məktəbəhazırlıq qruplarında təhsil almış azyaşlılara verilən əsas üstünlüklərdən biri də elə budur. Bu səbəbdən həmin təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarında təhsil almış azyaşlının ora qəbul edilməməsindən söhbət belə gedə bilməz.
Qeyd edək ki, övladı məktəbəhazırlıq qruplarında təhsil alan valideynlər başqa məktəbi istədikdə öncə sistemə daxil olaraq, avtomatik yerləşdirilmiş sorğunu ləğv etməlidirlər. Daha sonra elektron ərizəsini çap etməli, qəbul olunduqları məktəbə sentyabrın 15-dək təqdim etməlidirlər.