Azedu.az

“Hətta qızların da ağır təsərrüfat işlərinə məhkum edilməsinin şahidi oluruq” - Kənd məktəbinin direktoru  

22 Aprel 2019, 14:54
“Hətta qızların da ağır təsərrüfat işlərinə məhkum edilməsinin şahidi oluruq” - Kənd məktəbinin direktoru  

AzEdu.az direktorların valideyn-məktəb münasibətlərini əks etdirən  fikirlərini oxuculara çatdırmaqda davam edir.

“Bəzən valideyn məktəbli övladına ağır təsərrüfat işləri gördürür. Hətta qızların  da bu tip işlərə məhkum edilməsinin şahidi oluruq. Kənd həyatı belədir… Ağır fiziki işlə məşğul olduğuna görə gec yatan şagirdin dərsdə yuxuladığını da görmüşəm”.

Budəfəki həmsöhbətimiz - direktorZaur Abbasov kənd şəraitində məktəb idarə etməyin çətinliklərini bu cür sadalayıb. Söylədiklərindən sadaladığı çətinliklərlə bərabər, bir o qədər də kiçik və səmimi ortamda direktorluq etməsi aydın olur.

AzEdu.az bu dəfə həmişəkindən fərqli olaraq, kiçik kənd məktəbində valideyn-məktəb münasibətlərindən bəhs edən söhbəti diqqətinizə çatdıracaq:

Zaur Abbasov - 1996-cı ildən Yardımlı rayon Bozayran kənd tam orta məktəbində, 2000-2015-ci illərdə ikinci iş yeri kimi indiki Yardımlı şəhər 3 saylı tam orta məktəbində müəllimlik edib. O, 2016-cı ildən Bozayran kənd tam orta məktəbində direktor müavini kimi çalışıb. 2018-ci ildən Dəlləkli kənd ümumi orta məktəbinin direktorudur.

Zaur müəllim bugünəcən3 fərqli məktəb mühitində işlədiyinə görə, müxtəlif xarakterli valideynlərlə təmasda olub. Dediyinə görə, hər zaman valideynlərin rəğbətini qazanıb, onlarla ünsiyyətdən qaçmayıb:

“Əlbəttə, valideynlərin məktəbdən istək, tələb və arzuları başadüşüləndir. Heç bir valideyn övladının pisliyini istəməz. Amma ən azından adi valideynlik borcunu yerinə yetirə bilməyən birinin məktəbdən bunu tələb etməyə də haqqı yoxdur.

Cəmiyyətə layiqli vətəndaş yetişdirmək üçün hər şeyi məktəbin üzərinə yükləmək yanlışdır. Məktəb öz funksiyasını yerinə yetirir. Amma ailə və şagirdin asudə vaxt fəaliyyətləri bu missiya ilə üst-üstə düşmədikdə problem yaranır.

Valideynlər uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün səy göstərməlidirlər. Uşaq gün ərzində 3-4 saat valideyni ilə birgə stress və həyəcan dolu şou proqramlara baxırsa, tərbiyəsi düzgün qurulmayacaq. Bu, böyük nöqsandır. Cəmiyyət olaraq uşaqları düzgün tərbiyələndirmək üçün çox işlər görməliyik”.

“Bundan ötrü şəhərdəki kimi sosial şəbəkə və geniş auditoriyalara müraciət etmirlər”

Zaur müəllimin sözlərinə görə, şəhər və kənd orta təhsil müəssisələrində valideyn-məktəb münasibətləri tam fərqlidir:

“Yanaşmalar, tənqidlər, hətta təəssüf hissi ilə rastlaşdığımız böhtanlar da fərqlidir.

Bizdə ən azından ictimai qınaq hissi güclüdür. Kənd məktəblərində valideyn, onun övladı, həmçinin,müəllimə təsir mexanizmi asandır. Bu yolla mənfiləri həll etmək olur. Çünki hamı bir-birini tanıyır. Hərə öz yanlışını düzəldir. Bundan ötrü şəhərdəki kimi sosial şəbəkə və geniş auditoriyalara müraciət etmirlər”.

Zaur müəllim bir qədər düşünərək əlavə edir:

“Kənddə yaşayan indiki valideynlər, xüsusilə də əksər analar müstəqilliyimizin ilk illərində kütləvi surətdə təhsildən uzaq qalanlardır. Problem də elə buradan başlanır. Təsəvvür edin, ata öz işi ilə məşğuldur, evə axşamdan-axşama gəlir. Uşaqla ən çox ünsiyyətdə olan həmin təhsildən yayınan anadır. İndi sual verirəm: gələcəyin uğurlu vətəndaşının yetişməsində bu analarımızın rolu yetərincə olacaqmı?

Söhbətin səmimi alınması üçün elə öz ailəmdən misal göstərəcəm: Oğlum Hüseyn I sinifdə oxuyur. Axşam evə nə qədər yorğun gəlsəm də, mütləq onun dərsləri ilə məşğul oluram”.

“Burada məktəb rəhbəri kəndin ağsaqqalıdır”

Onun sözlərinə görə, müasir dövrdə valideynin məktəbə yanaşması da dəyişib:

“Əvvəl təhsil müəssisələri ictimaiyyətə açıq deyildi. Məsələn, mənim şagird olduğum 1980-1990-cı illərdə vəziyyət belə idi.

İndi isə məktəbin qapıları valideynlərə açıqdır. Həqiqətən, övladı ilə maraqlanan valideynlər çoxdur. Yeniliyi sevir, məktəbin tədbirlərində iştirak etməkdən zövq alırlar. Təəssüf ki, yaxşılar arasında az da olsa, məktəbi sevməyənlər də var. Məqsədimizdə elə həmin şəxslərə təhsil islahatlarını, yenilikləri, valideynin hüquq və vəzifələrini çatdırmaq, onları inandırmaqdır.

Buna görə, məktəb rəhbəri də mütləq icma ilə mütləq ünsiyyətdə olmalı, onların xeyir-şərində yaxından iştirak etməlidir. Kənd məktəblərində bu, bir qədər asandır. Hər hadisədən xəbərdar olur, öz borcunu yerinə yetirirsən. Burada məktəb rəhbəri kəndin ağsaqqalı missiyasını daşıyır. Kəndlərdə dövlət müəssisəsi məktəb, ərazi nümayəndəliyi isə mədəniyyət və səhiyyə ocaqlarıdır”.

“Bəzi məktəblər sanki valideyndən uzaq qaçmağa çalışır”

Zaur müəllim geniş şəhər məktəblərində bu işlərin öhdəsindən gəlməyin çətinliyini də vurğulayıb. Bildirib ki, kənd yerində sadaladığı işlərin öhdəsindən gəlmək o qədər dəçətin deyil, təki, istək olsun:

“Təəssüf ki, heç də bütün məktəblər buna can atmır, bəziləri sanki valideyndən uzaq qaçmağa çalışırlar.Valideynin yanında başın aşağı deyil, sözü üzə deyə bilirsənsə, uğurdan danışmağa dəyər.

Şəhər məktəbində bu iş bir az çətindir. Heç buna vaxt çatdırmaq da olmur. Düzü, şəhər yerində faydası da bir o qədər olmaz.

Kənd yerinin də çətinlikləri az deyil. Məsələn, bəzən valideyn məktəbli övladına ağır təsərrüfat işləri gördürür. Hətta qızların  da bu tip işlərə məhkum edilməsinin şahidi oluruq. Kənd həyatı belədir. Ağır fiziki işlə məşğul olduğuna görə gec yatan şagirdin dərsdə yuxuladığını da görmüşəm. Sevindirici cəhət odur ki, uşaqlarımız saf, təmiz qəlbli, öyrənməyə həvəsli, gələcəyə inamlıdırlar. Bu, bizi bütün işlərin öhdəsindən gəlmək üçün ruhlandırır”.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox