“Avropa ölkələrinin daha qabaqcıl təhsilə sahib olduğunu düşünürəm. Elə buna görə də gənclərimizin Avropa ölkələrində magistr dərəcəsində təhsilini fikirləşməliyik”.
Bunu AzEdu.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib.
Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin aprelin 11-də keçirilən iclasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı ayın sonunda elan veriləcəyini bildirib.
Onun sözlərinə görə, 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək
Deputatın AGF-nin bu addımını çox təqdirəlayiq hal hesab edir:
“Bu gün Azərbaycan Respublikasının Gənclər Fondu öz fəaliyyətini şəffaf şəkildə qurub. Cənab Prezidentin göstərişi ilə gənclərə dövlətin dəstəyi və cəmiyyətdə inkişafı istiqamətində AGF-a daha da çox səlahiyyətlər verilib. AGF-nin vasitəsilə gənclərin inkişafı istiqamətində müəyyən treninq və kurslar keçirilir.Müəyyən müsabiqələrdə qalib gələn gənclər AGF vasitəsilə beynəlxalq təcrübə qazanmaq üçün AŞPA-ya göndərilir. Həmçinin, istedadlı gənclərin beynəlxalq elmi simpoziuma göndərilməsi AGF-nun təqdirəlayiq fəaliyyət istiqamətidir. Hazırki dönəmdə AGF xaricdə təhsil almaq istəyən gəncləri magistr dərəcəsində maliyyələşdirməsi prosesinə başlayıb. Fikrimcə, bu proses çox təqdirəlayiq haldır. Çünki müəyyən kateqoriyalara aid tələbələr var ki, onlara dövlət dəstəyi vacibdir. AGF-nun rəhbərliyinin bildirdiyinə görə, gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilin maliyyələşdirilməsi istiqamətində işlər davam etdirilir. Düşünürəm ki, gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsili çox şəffaf şəkildə həyata keçiriləcək.
Azər Badamovun sözlərinə görə, xaricdə təhsil alan tələbələrimiz bitirdikləri ixtisasları üzrə əldə etdikləri bilikləri sonradan ölkəmizdə tətbiq etməlidirlər:
“Təhsildə yüksək nəticə əldə etmiş gənclər AGF tərəfindən müəyyənləşdirilib, mətbuat vasitəsilə açıqlanacaq. Həmçinin, müsabiqədə iştirak üçün hansı meyarlar göstərilməsi də AGF tərəfindən müəyyən ediləcək. Onu da bildirim ki, həmin müsabiqədə gənclər çox şəffaf şəkildə iştirak edəcəklər.
Ölkəmiz artıq dördüncü sənaye inqilabında qədəm qoyub. Dördüncü sənaye inqilabında isə yeni elmi innovasiyalara əsaslandırılan iqtisadiyyatın qorunmasından danışılır. Məhz ona görə də daha çox elmi innovasiyaların öyrənilməsinə yönəlmiş mütəxəssislərin hazırlığını daha çox düşünməliyik. Hazırda informasiya-kommunikasiya texnologiyaları əsridir. Yəni, gənclərimizi təhsildə daha çox bu istiqamətə yönəltməliyik. Beləliklə, gənclərimiz inkişaf edən iqtisadiyyatımızın daha da sürətlənməsinə səbəb olar .
Avropa ölkələrinin daha qabaqcıl təhsilə sahib olduğunu düşünürəm. Elə buna görə dəgənclərimizin Avropa ölkələrində magistr dərəcəsində təhsilini düşünməliyik”.