“Slovakiya universitetlərinə qəbul üçün attestat, TOEFL və ya IELTS dil sertifikatları, motivasiya məktubu lazımdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə mütəxəssis Ayan Əliyeva deyib.
Onun sözlərinə görə, Slovakiya universitetlərində təhsil haqqı digər Avropa ölkələri ilə müqayisədə ucuzdur.
“Slovakiya universitetlərində magistratura təhsilinin müddəti ixtisaslara uyğun olaraq, ya bir, ya da iki il olur. Həmçinin, bakalavr dərəcəsində təhsilin müddəti isə ixtisaslara uyğun olaraq, üç və ya da dörd ildir. Slovakiya universitetlərində təhsil haqqı 1000-5000 avro arasında dəyişir. Yaşayış xərcləri isə illik 2500-4000 avro civarında ola bilər. Ümumiyyətlə, Slovakiyada bir tələbənin aylıq xərci 300-400 avrodur.
Şərqi Avropa ölkələrində əsasən informasiya texnologiyaları sahələri çox güclüdür. Slovakiyada humanitar sahələr üzrə təhsil daha çox inkişaf etməkdədir. Məhz ona görə də gənclərimizə orada həmin sahələr üzrə təhsil almaqlarını məsləhət görərdim”.
Ayan Əliyevanın sözlərinə görə, Slovakiya universitetlərində tədris proqramları slovak və ingilis dilindədir:
“Slovakiya Şengen zonasına daxil olduğu üçün orada təhsil alan tələbələr Avropanın istənilən məkanına gedə bilərlər.
Təhsil vizasına gəldikdə isə qeyd edim ki, bunun üçün bank hesabında pul olmalıdır. Şərqi Avropa ölkələrində təhsil vizası almaq üçün bank hesabında 5000 avrodan başlayan qiymətlərdə vəsaitin olması tələb edilir. Viza prosedurası zamanı universitetin illik təhsil haqqının yarısı ödənilməlidir. Həmçinin, bu proses zamanı valideynlərin iş yerindən arayış, universitetə qəbul məktubları da lazım olur”.
Qeyd edək ki, Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.
Təqaüd proqramına əsasən, bakalavriat və ya magistratura pillələri üzrə təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları çərçivəsində təqaüdlər təklif edilir.
Təqaüd proqramına müraciət edəcək iddiaçılar 30 may 2019-cu il tarixədək müraciət etməlidirlər.