Təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Avstriyadır.
Avstriyada orta və ali təhsilə çox böyük vəsait ayrılır. Ölkədə orta məktəblər ödənişsiz və məcburidir.
Burada 2001-ci ilə qədər bütün universitetlər ödənişsiz idi. Həmin ildən etibarən ali təhsil müəssisələri özəl və dövlət statuslu olmaqla 2yerə ayrıldı. Avstriyada 2009-cu ildən etibarən dövlət ali təhsil müəssisələri də ödənişli fəaliyyət göstərir.
“Avstriya universitetlərinə qəbul olmaq üçün dil sertifikatı mütləqdir”
Bunu AzEdu.az-a xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev deyib. Onun sözlərinə görə, Avstriya universitetlərində təhsil haqqı digər Avropa ölkələri ilə müqayisədə ucuzdur.
“Avstriyanın dövlət universitetlərdə maksimum təhsil haqqı 2500 və ya 4000 avrodur. XI sinfi bitirən şagirdlər birbaşa Avstriya universitetlərinə qəbul oluna bilməzlər. Çünki, orada orta məktəb təhsili 12 illikdir. Amma özəl universitetlərdə XI sinfi bitirənlər təhsil ala bilər. Avstriya universitetlərində həm ingilis, həm də almanca tədris proqramları mövcuddur.
Dövlət universitetlərində bakalavr təhsili 3, özəl universitetlərdə isə 4 ildir.
Avstriya universitetlərində magistratura təhsilinin müddəti ixtisaslara uyğun olaraq, ya bir, ya da iki il olur. Amma tibb sahələri üzrə nisbətən, çox oxumaq lazım gəlir: 3 il.
Avstriyada tələbələrin normal yaşayışı üçün aylıq 600-700 avro kifayət edir. Onu da qeyd edim ki, buradakı universitetlərə qəbul olunmaq üçün dil sertifikatı (alman və ingilis dilləri üzrə) mütləqdir”.
Həsən Əliyev Avstriya universitetlərində əcnəbi tələbələr üçün təqaüd proqramının olmadığını vurğulayıb:
“Avstriya universitetlərində əcnəbi tələbələr üçün təqaüd proqramları yox dərəcəsindədir. Amma bəzilərində bu, mövcuddur. Lakin azərbaycanlı gənclərin həmin təqaüd proqramı ilə təhsil almaq şansları çox azdır. Çünki Hindistan, Pakistan, Çin və digər xarici ölkələrdən daha güclü, istedadlı tələbələr təhsil almaq üçün Avstriya universitetlərini seçir. Onu da qeyd edim ki, Avstriyada təhsil almaq üçün vizaproseduru çox uzun çəkir.Viza proseduraları bəzən 3 və ya 6aya qədər davam edir. Tələbələrin ən çox çətinlik çəkdikləri prosedurlardan biri də ingiliscə müsahibə mərhələsidir”.
Qeyd edək ki, Avstriyada ali təhsil pilləsi bakalavr, magistr, doktorluq olmaqla üç mərhələyə bölünür. Avstriyanın əsas ali təhsil müəssisələri isə Vena Universiteti, Qras Universiteti, İnsburk Universiteti və Salzburq Universitetləridir.