“Azərbaycan Gənclər Fondunun tələbələrin xaricdə təhsilinin maliyyələşdirməsini müsbət hal kimi dəstəkləyirəm. Lakin bu prosesdə “zəng” və ya tapşırıqla nəsə olacaqsa, heç nə dəyişməyəcək”.
Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev bildirib.
Onun sözlərinə görə, gənclər xaricdə alternativ enerji sahələri üzrə təhsil alsalar, daha yaxşı olar:
“2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr dərəcəsi üzrə təhsilini AGF-nin maliyyələşdirməsi müsbət haldır. Çünki, hansı yolla olursa-olsun, gənclərin xaricdə təhsilinə maddi dəstək çox yaxşıdır. Onu da bildirim ki, zamanında bu dövlət proqramından bir çox gənclər yararlanıblar.
Azərbaycan Gənclər Fondu ilk növbədə prioritet ixtisas və şərtləri açıqlayıb, hansı ölkələrdə təhsilə üstünlük verəcəklərini də bildirməlidirlər. Fikrimcə, İngiltərədə bir tələbə üçün lazım olan bahalı xərclərin qarşılığında, hər hansı başqa Avropa ölkəsində 3 -4 nəfər rahat təhsil ala bilər. Yəni, belə olduğu halda, daha çox gənc bu proqramdan faydalana ola bilər.
Əgər “zəng” və ya tapşırıqla nəsə olacaqsa, heç nə dəyişməyəcək. Təbii ki, əgər belə bir hal olsa… Bunu da bizə zaman göstərəcək”.
Fuad Hacıyev bildirib ki, əgər belə proqramın icrasında iştirak etsəydi, gənclərin daha çox Almaniyada mühəndislik sahələri üzrə oxumaqlarına dəstək olardı:
“Xaricdə alternativ enerji sahələri üzrə təhsil almaq istəyənləri ön plana gətirərdim. Çünki, Almaniyada təhsil çox keyfiyyətlidir. Orada alternativ enerji sahəsi üzrə təhsil alanlar gələcəkdə ölkəmizdəki enerji resurslarından düzgün yararlanıb, dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsini də təmin edə bilərlər”.
Xaricdə təhsil üzrə mütəxəssis Ayan Əliyevanın sözlərinə görə, gənclərimiz daha çox ABŞ, Norveç, Finlandiya, Almaniya, Fransa kimi ölkələrdə təhsil alsalar, daha yaxşı olar:
“AGF-nin gənclərimizin xaricdə magistr dərəcəsi üzrə təhsilinin maliyyələşdirilməsi çox əhəmiyyətli addımdır. Çünki ölkəmizə bir çox sahələr üzrə mütəxəssislər lazımdır. Əgər maliyyə dəstəyi dövlət tərəfindən olacaqsa, gənclərimiz müsabiqə əsasında seçilib, dünyanın təhsildə öndə gedən ölkələrində oxumalıdırlar.
Gənclərimiz daha çox ABŞ, Norveç, Finlandiya, Almaniya, Fransa kimi ölkələrdə təhsil alsalar, daha yaxşı olar. Xaricdə təhsil alan tələbələrimiz isə bitirdikləri ixtisasları üzrə əldə etdikləri bilikləri ölkəmizdə tətbiq etməlidirlər. Gənclərimiz xaricdə İT, tibb, pedaqoji, mühəndislik sahələri üzrə təhsil alsalar daha çox perspektiv əldə edə bilərlər”.