I sinfə elektron sistem vasitəsilə qəbul davam edir. Sistem istifadəçini addımbaaddım izləsə də, müəyyən suallar yaranmaqda davam edir. Valideynlərin əsas sualları isə digər dillərdə təhsil almaq üçün müsahibədə iştirak edənlərlə bağlıdır.
AzEdu.azən çox verilən sualları cavablamaqda davam edir:
Sual:
Övladımın rus bölməsində təhsil almasını istəyirəm. Qeydiyyatdan keçib, uşağın müsahibədə iştirakını təmin etdim. Övladım hansı müsahibə mərkəzində olubsa, mütləq həmin məktəbə getməlidir? Yoxsa, sonradan göndəriş yaxınlıqdakı məktəbə keçə bilər?
Cavab:
Digər dillərdə təhsil almaq istəyən azyaşlılar öncə qeydiyyatdan keçərək, nitq bacarıqlarının yoxlanması üçün müsahibədə iştirak etməlidirlər. 7 dəqiqə davam edən müsahibənin nəticəsi günün sonunda valideynə SMS vasitəsilə göndərilir. Övladı müsbət cavab alan valideynlər isə mayın 1-dən sistemə daxil olmalı, istədikləri məktəbə sorğu yerləşdirməlidirlər.
Qeyd edək ki, müsahibə prosesində heç bir bilik yönümlü sualdan söhbət gedə bilməz. Bu, yalnız azyaşlının ilkin nitq bacarıqlarını yoxlamaq məqsədilə keçirilir. Müsahibə verəcək şəxs azyaşlı olduğundan valideynlə birgə iştirakına şərait yaradılır.