“Dərsi izah edəndə, uşaqlar danışdıqlarımı “səsyazma” proqramı ilə telefonlarına yazırdılar.
Səbəbini soruşduqda… "Tarapp” layihəsinin rəhbəri Günel Əhmədova hazırladığı “audio kitab”la bağlı AzEdu.az- açıqlama verib.
O, şagirdlərin dərsə münasibətindən sonra bu layihəni hazırlamağa qərar verdiyini deyir:
“Bakının mərkəzindəki orta məktəblərin birində Tarixdən dərs deyirdim. İstər məktəbdə, istərsə də evdə repetitor hazırlığındakı şagirdlər üçün dərsləri kitabdan oxumağın yorucu olduğunu görürdüm. Dərsi izah edəndə, uşaqlar danışdıqlarımı “səsyazma” proqramı ilə telefonlarına yazırdılar. Səbəbini soruşduqda, belə daha rahat və asan olduğunu, dərsdən sonra da qulaq asdıqlarını dedilər. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra tarixi onlara məcbur etmədən, istədikləri kimi, rahat formada, sevdirərək öyrətmək qərarına gəldim”.
”Audiokitab” üzərində uzun müddət çalışan Günel xanım, daha yaxşı nəticə əldə etmək üçün hətta işindən çıxmalı olub:
-Uzun müddət araşdırma apardıqdan sonra şagirdlər və abituriyentlər üçün Tarix fənnindən lazım olan informasiyaları bir yerə toplayıb, səsləndirdim. Bu işləri görməyə mənə xeyli vaxt lazım olduğundan, layihəyə daha çox vaxt ayırıb, daha yaxşı formada hazırlamaq üçün ərizəmlə işimdən istefa verməli oldum.
Mövzular üzrə 300-dən çox səs yazısı hazırladıqdan sonra “audio montaj” proqramını öyrənib səsləri redaktə etdim. Bu prosesə 1 ilə yaxın vaxt apardı. Audiokitab‚ abituriyentlər‚ birinci kurs tələbləri‚ müəllimlər‚ müəllimliyə hazırlaşanlar və xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Proqram daxilində 6-11-ci sinif Azərbaycan və Ümumdünya tarixi fənlərini əhatə edən dərslər səsləndirilərək yığılıb. Öyrənməyi əylənəcəyə çevirən “Tarapp”ın metroda‚ marşrut avtobusunda‚ piyada yol gedərkən də istifadəsi mümkündür. Səhər məktəbə gedən şagird, və ya hazırlığa gedən abituriyent elə yoldaca dərslərini təkrarlaya, müəllim bildiklərini yeniləmək üçün evində, başqa bir işlə məşğul olarkən bu proqramdan istifadə edə bilər.
Daha sonra, proqram vasitəsilə xaricdə yaşayan həmvətənlərimiz övladlarına tariximizi öz ana dilində çatdıra biləcək. “Trapp” həm də uzun müddət ölkədən kənarda qalan şəxslərin Azərbaycan dilindən uzaqlaşmaması üçün əla vasitə olacaq. Bunun üçün onlara “Tarapp” dan əlavə, müasir smartfon və qulaqcıq və ya sadəcə komputer lazımdır. Həmçinin‚ audiyo kitab gələcəyimiz olan şagirdlərin gözlərinin zəifləməsinin qarşısını alacaq. Xüsusilə də‚ görmə qüsurlu və ya gözündə müəyyən problem olan şagirdlər tarixi bu proram vasitəsilə asanlıqla öyrənə biləcəklər”.
“Xatırladaq ki, kursu əldə etmək istəyənlər "Tarapp"ın Facebook səhifəsindən ətraflı məlumat əldə edə bilərlər”.
Onu da əlavə edək ki, “Udemy”-də 50-dən çox dildə kurslar yayımlanır, 30 milyondan çox tələbəsi var. Amma bu beynəlxalq platformada Azərbaycan dilində kurs barmaqla sayılacaq qədərdir. Azərbaycan tarixinə aid material isə ümumiyyətlə yox idi. İki gündür yayıma verilməsinə baxmayaraq, bizim kursu artıq bir neçə nəfər alıb və istifadə etməyə başlayıb.
Rəna Nəbi