“İbtidai sinifdə usaqlar nənəli, babalı, atalı, analı olurlar. Yuxarı siniflərə keçdikcə nənə-baba, ata-anadan yalnız biri qalır. X-XI sinifdə isə şagird tamamən “yetim”dir”.
Füzuli rayonu 7 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova uzunmüddətli müşahidələri nəticəsində belə qərara gəlib. Düşünür ki, hər valideyn övladının yaxşılığını istəyər. Amma bəzən bu “yaxşılığı” valideynlər başqa cür istəyir.
Gülşən xanım azərbaycanlı valideynin övladına qarşı etdiyi yanlışlar barədə AzEdu.az-a danışır:
“İbtidai sinifdə uşaqlar nənəli, babalı, atalı, analı olurlar. O, hər tərəfdən həddən ziyadə, lüzumsuz qayğı ilə əhatələnir və ərköyünə çevrilir. Bu nənə, baba, ata-analar direktor və müəllimin gərəksiz işlərlə məşğul olmasına səbəb olurlar. Məsələn, mənim uşağım niyə ön sırada oturmadı? Müəllim niyə filankəslə çox, mənim övladımla isə az məşğul oldu? Və s.
Sonra isə…
Başlanır bəhsə-bəhs. Valideyn azyaşlı uşağı hazırlığa qoyur. Daha bir problem isə burada yaranır: Axı, mənim övladım müəllim yanına gedir. O, filan testi yaxşı bilirdi, müəllim qiymətin kəsdi və s... Bütün bu sadalananlar uşaqda ərköyünlüklə yanaşı, bir təkəbbür yaradır.
Sinfin nömrəsi artdıqca, yaxınlar bir- bir əksilir…
Yuxarı siniflərə keçdikcə nənə-baba, ata-anadan yalnız biri qalır. Baxın onda, valideyn məktəbə ancaq dəvət olunanda gəlir. Çünki ibtidai sinifdəki “qüsurlar” ümumi orta təhsildə üzə çıxmağa başlayır. Bu zaman şagird daha çox əziyyət çəkir. Çünki vərdiş halını almışların tərgidilməsi zaman alır.
Nəhayət…
X-XI sinifdə isə şagird tamamən “yetim”dir. Valideyni övladının dərsləri demək olar ki, maraqlandırmır. Məqsəd nə yolla olur-olsun, övladı ali məktəbə qəbul olunmasıdır. Bu psixologiya nəinki X-XI sinif, hətta aşağı sinif şagirdlərini də zəhərləyib. Şagirddən niyə oxumadığını soruşanda cavabı belə olur: “Müəllim yanına hazırlığa gedəndə oxuyacam””.
Əsas silah- məktəbə qarşı aqressiya
Direktor düşünür ki, bu korlanmış psixologiyanı birdən-birə dəyişmək mümkün deyil:
“Fikrimcə, valideyni düzgün istiqamətlındirən tərəflərdən biri məktəbdirsə, digəri cəmiyyət olmalıdır. Bu gün cəmiyyət hər şeydə məktəbi günahlandırmasa, bu proses tez baş tutar. Bəzən, sosial şəbəkələrdə hər hansı məktəb, direktor, müəllim haqqında dezinformasiya və ya reallığı əks etdirən paylaşımlar olur. Bu zaman posta yazılan rəyləri oxuyanda dəhşətə gəlirəm ki, müəllim həmin müəllim, məktəb də həmin məktəbdir. Necə olur ki, vaxt vardı övladını məktəbə qoyan valideyn “əti sənin, sümüyü mənim” deyirdi, amma indi “əti də mənim, sümüyü də mənim” deyir? Həmin rəyləri cəmiyyət üzvləri yazmırmı? Sanki məktəbə qarşı aqressiya ilə silahlanıblar. Təəssüf ki, bu hər gün davam edir”.