Xəbər verdiyimiz kimi,bugündən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb.
Əksər ixtisaslara qəbul zamanı xüsusi tələblər qoyulmasa da, bəzi universitetlər tələbə qəbul edərkən müəyyən şərtlər elan edirlər.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən, qəbul zamanı xüsusi şərtlər tələb olunan ali məktəbləri və ixtisasları diqqətə çatdırır:
Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” ixtisasına 23 yaşına çatmamış kişi abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasına isə 23 yaşına çatmamış həm kişi, həm də qadın abituriyentlər ərizə verə bilərlər.
Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında xüsusi tibbi müayinədən və “Psixofizioloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçməlidirlər.
“ADA” Universitetində təhsil almaq istəyənlər “Abituriyentin elektron ərizəsi” forması ilə yanaşı, “ADA” Universitetinin də elektron ərizə formasını universitet tərəfindən müəyyən olunmuş qaydada doldurmalıdırlar.
“ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar.
“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.
Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdikdən sonra 2019-cu il aprelin 1-dən iyulun 31-dək “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası”nda xüsusi tibbi müayinədən keçməlidirlər.
Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə qəbul imtahanında topladıqları ümumi balları ən azı 150, imtahanın ikinci mərhələsi üzrə balları isə ən azı 50 olduğu halda, imtahan nəticələri elan olunduqdan sonra iyulun 20-dən 24-dək eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində müvafiq bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı pulsuz olacaq.
Qeydiyyatdan keçən abituriyentlər iyulun 27-dən avqustun 2-dək Azərbaycan İlahiyyat İnstitutunda yaradılan dini-psixoloji komissiya tərəfindən aparılan qabiliyyət imtahanında iştirak edirlər.
Qabiliyyət imtahanının proqramı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında dərc olunub. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq” ixtisasını da seçə bilərlər.
Xatırladaq ki, qeyd olunan universitet və ixtisaslarla yanaşı, xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul zamanı da müəyyən tələblər qoyulub.
Eyni zamanda ali məktəblərə qəbul aparılan bir neçə ixtisas üzrə xarici dil tələbi müəyyənləşdirilib.
Hər iki məlumatla ətraflı tanış olmaq üçün aşağıda qeyd olunan linklərə daxil ola bilərsiniz:
//azedu.az/az/news/12571