Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi olaraq ali təhsil müəssisələri və elmi təşkilatlarda həyata keçirilir.
Bu təhsil səviyyəsi müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.
AzEdu.az əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin doktorantura təhsili barədə ümumi məlumatı təqdim edir:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin doktoranturada təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun həyata keçirilir. Təbii ki, bu, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələrə əsaslanır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir.
Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.
Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.
Vacib qeyd: Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.
Qeyd edək ki, bu şəxslərin doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili qanunvericiliyə uyğun olaraq həyata keçirilir.