“Azərbaycanda oxuduğum müddətdə bəzən, müəllimlərə sual verməkdən çəkinirdim. Çünki, onların verdiyim sualdan əsəbləşəcəklərini fikirləşirdim”.
Bunu AzEdu.az-a müsahibəsində Macarıstanda oxuyan gənc soydaşımız Sabir Sədrəddinli deyir.
Sabirlə müsahibəni təqdim edirik:
Öz dilindən dosye: Mən Sabir Sədrəddinli 1999-cu ildə Bakı şəhərində anadan olmuşam.Orta təhsilimi Xəzər Universitetinin “Dünya” məktəbində bitirmişəm.Hazırda isə Macarıstanın Szeged Universitetində “Economics and business administration” (İqtisadiyyat və biznesin idarəsi) ixtisası üzrə bakalavr təhsili alıram.
-Sabir, ali təhsil almaq üçün niyə Macarıstanı seçdin?
-Uşaqlıqdan ailəm və doğmalarımla birlikdə Avropa ölkələrini səyahət etmişəm. İtaliya, İspaniya və digər ölkələrin incəsənəti, muzeyi, tarixi abidələrini görüncə xaricdə təhsil almağa həvəsim oyandı. Açıq etiraf edim ki, əvvəl Amerika Birləşmiş Ştatlarında təhsil almağı planlayırdım. Lakin yaşım az olduğuna görə orada oxumaq istəyim alınmadı. Çünki, bir çox ölkələrdə ali təhsil almaq üçün yaş həddi minimum 18 olmalıdır. Lakin Macarıstanda bu kimi şərtlər olmadığındanorada təhsil almağa qərar verdim.
“Tələbələr şərab içib…”
-Macarıstan təhsil sisteminin bəyənib-bəyənmədiyin cəhətləri hansılardır?
-Macarıstan təhsil sisteminin bəyəndiyim cəhətləri çoxdur.Məsələn:tələbələr vacib dərsləri hansı semestrdə istəyirlərsə, seçə bilərlər. Eyni zamanda,tələbələr 1 il Macarıstanda, 1 ildə digər Avropa ölkələrinin universitetlərində təhsil alaraq, diplom ala bilərlər. Macarıstan universitetlərində həm də “Erasmus” proqram var ki, tələbələr 6 ay istədikləri ölkədə təhsil alıb,geri qayıdırlar.
Tələbələr həmçinin, buradakı universitetlərin nəzdində istədikləri dili öyrənə bilərlər.
Macarıstan təhsil sisteminin bəyənmədiyim cəhəti yoxdur. Əksinə, çox razıyam. Onu da qeyd edim ki, burada bir çox maraqlı dərslər keçirilir. Məsələn: tələbələr şərab içib daha sonra onun keyfiyyətini qiymətləndirilməsini test edirlər. Eyni zamanda, burada paraşütdən hoppanmaq və s. kimi təlimləri öyrədən xüsusi dərslər var.
-Bəs, macarlı müəllimlərdə gördüyün hansı keyfiyyətin azərbaycanlı həmkarlarında da olmasını istərdin?
-Azərbaycanlı müəllimlərin əksəriyyəti ciddi olurlar və buda tələbə ilə müəllimin arasında baryer yaradır. Macarıstanda isə müəllimlər dərsə biraz yumor da əlavə edirlər.Dərsdə onlar müəllimimiz, auditoriyadan kənarda isə dostumuzdur.Onlarla hərdən kafeyə gedir, çay içib, söhbətləşirik. Əlbəttə ki, müəllimlərin tələbələrlə səmimi olması əla keyfiyyətdir. Azərbaycanda orta təhsil aldığım müddətdə bəzən, müəllimlərə sual verməkdən çəkinirdim. Çünki, verdiyim sualdan müəllimlərimin əsəbləşəcəklərini fikirləşirdim.
-Yəni, demək istəyirsən ki, azərbaycanlı müəllimlər şagirdlərə qarşı çox aqressivdirlər?
- Xeyr… Azərbaycan müəllimləri də şagirdlərlə münasibətdə macar pedaqoqlardan geridə qalmırlar.Sadəcə, bəzən, ciddi olurlar.
-Macarıstanda təhsil almaq həyata olan baxışında nələri dəyişdi?
-Macarıstanda təhsil aldığım müddətdə dünyagörüşümdə, həyata olan baxışımda çox dəyişiklik hiss etmədim.Macar dostumu bir dəfə Azərbaycana dəvət etmişdim;ölkəmizdən çox razı qalmışdı.Lakin Macarıstanda təhsil almaqla daha çox humanistləşdim. Eyni zamanda, irqçiliyə də qarşı oldum.
-Səncə, orta məktəblərdə hansı yeniliklərin tətbiqi təhsilə fayda verə bilər?
-Azərbaycanda orta məktəblərdəki tədris qənaətbəxşdir.Əhalimizin 99 %-inin yazma-oxuma bacarığı var. Onu da bildirim ki, qeyd etdiyim göstərici Macarıstanın statistikasından çoxdur.
Düşünürəm, kitablardan yavaş-yavaş imtina edib, digər texnoloji avadanlıqlardan istifadə etmək lazımdır.Sevinərdim ki, ali məktəbə qəbul imtahanında testlərdə dəyişiklik olsun. Məsələn: iqtisadiyyatçı olmaq istəyənlər ancaq riyaziyyat oxusun. Həmçinin, hər bir qrup üzrə hazırlaşan şagirdlər Azərbaycan dilini və Azərbaycan tarixi fənnini çox yaxşı öyrənsin çünki, onu hər bir azərbaycanlı bilməlidir.
-Bəs, səncə tələbənin şəxsi inkişafına kömək edən amillər hansılardır?
-Fikrimcə, tələbənin şəxsi inkişafına kömək edən əsas amil sevdiyi işlə məşğul olmağıdır.
-Sabir, Macarıstana təhsil almağa getdiyin ilk zamanlarda rastlaşdığın çətinliklərdən danışa bilərsən?
-Təhsil aldığım müddətdə irqçilik halları ilə rastlaşmışam.Əlbəttə, bu, çox xoşagəlməz haldır. Lakin bununla çox nadir hallarda rastlaşmışam. Macarlar azərbaycanlılar kimi çox istiqanlı, qonaqpərvər xalqdır. Amma ölkədə çoxu ingilis dilini bilmir ki, buda xarici tələbələrdə narahatlıq yaradır.
-Son zamanlar gənclərimizin əksəriyyəti xaricdə təhsil almaq üçün ən çox Macarıstan universitetlərini seçir. Səncə, bunun əsas səbəbləri nədir?
-Azərbaycanla Macarıstanın əlaqələri çox yaxşı olduğundangənclərimizin əksər hissəsi xaricdə təhsil kimi məhz bu ölkəni seçir. Onu da qeyd edim ki, Macarıstan bizlərə vizanı çox tez və rahat şəkildə verir. Macarıstanda təhsil üçün “StipendiumHungaricum” adlı təqaüd proqramı var ki, bu da orada oxumaq istəyənlər üçün çox əlverişlidir.
-Çoxları düşünür ki, iqtisadiyyat və biznes ixtisası üzrə yalnız xaricdə oxumaqla yaxşı mütəxəssis olmaq olar....
-...Məncə, bu, çox pessimist fikirdir. İnanıram ki, iqtisadiyyat sahəsini də inkişaf etdirə bilərik.
-Səncə, şagirdin imtahanda qazandığı uğurun neçə faizi müəllimin, nə qədəri isə şagirdin payına düşür?
-İmtahan və ya dərslərdə uğur qazanmaq tamamilə şagirdin üzərinə düşür. Amma demirəm ki, müəllim peşəsi lazımsız sahədir. Müəllim sadəcə şagirdin işini asandlaşdıraraq, daha dasürətləndirir.
-Hansı Azərbaycan filmlərini bəyənirsən?
-Azərbaycan filmlərini izləmirəm. Amma bir dəfə “Ögey ana” filminəbaxmışam və çox bəyənmişəm.
-Sabir, asudə vaxtını necə dəyərləndirirsən? Ümumiyyətlə, macar gənclər boş zamanlarını necə keçirirlər?
-Belə vaxtlarda mahnı bəstələyirəm və bəzən də kompüterimdə kitab yazıram.
-Səncə, ənənəvi təhsil sistemi insanı əsl dünyagörüşlü şəxsiyyət kimi yetişdirə bilərmi?
- Fikrimcə , ənənəvi təhsil sistemi insanı əsl dünyagörüşlü şəxsiyyət kimi yetişdirə bilməz.Çünki, dünyagörüş yalnız kitab oxumaqla kifayət etmir. Həmçinin çoxlu səyahət də etmək lazımdır.Fərqli millətlərin mədəniyyətlərinə aid tarixi əsərləri,heykəl,skulptura,kilsələri gözlərinlə görməsən onun nə faydası var?
-Macarıstanda tələbələr daha çox hansı ixtisaslar üzrə təhsil almağa üstünlük verirlər?
-Azərbaycan tələbələri 95-% demək olar ki, iqtisadiyyat ixtisasını seçir. Amma macarlı tələbələr barədə dəqiq bilmirəm çünki, onların sayı hər fakültədə çoxdur.
-Orada bakalavr səviyyəsində təhsil almaq çətin deyil ki?
-Macarıstanda bakalavr səviyyəsində təhsil almaq nə asan, nə də çətin deyil!
-Macar mətbəxini necə qiymətləndirirsən?
-Bir çox ölkələri gəzmişəm, amma fikrimcə,dünyada ən gözəl dadlı yeməklər Azərbaycan mətbəxindədir. Macarlar daha çox donuz ətindən hazırlanan yeməkləri sevirlər. Həmçinin, onların bişirdikləri çox yağlı olur. Onu da qeyd edim ki, azərbaycanlıların bişirdikləri ət məhsulları keyfiyyətli olsa da,macarlar ondan daha yaxşıtəam hazırlamağı bacarırlar.
-Bəs, qərib ölkədə vətənimizi necə təmsil edirsən?
-Qürbətdə vətən üçün çox darıxıram.Bir dəfə Azərbaycan bayrağını belimə asıb şəhərin mərkəzində gəzə-gəzə dostlarımla milli mahnılar oxuyurduq.Bəzən,fikirləşirdim ki,kaş qalardım, Azərbaycanda axı ora vətənimdir. Bizimkilər fikirləşirlər ki, Azərbaycanı tərk edib, xarici ölkəyə getmək çox asandır. Amma düşünürəm ki, bu çox yanlış fikirdir.
-Bəs gəzdiyin hansı ölkələrin qəribə adətlər səni təəccübləndirib?
-Qəribə adət sayılmasa da onu deyim ki, Macarıstanda bağlanan hər 2 nikahdan biri pozulur. Yəni, burada ailə hissi, dəyərləri çox zəifdir. Məsələn: Ənənəmiz var ki, qardaş bacısına və ya qardaşına kömək etməlidir. Amma macarlarda bu kimi xüsusiyyət, keyfiyyətlər yoxdur. Ümumiyyətlə , macarlarda ailə problemləri çox rastlanır.
-Danimarka filosofu Sorn Kyerkeqor hesab edirdi ki, mükəmməl eşq, insanın özünü bədbəxt edəcək adamı sevməsidir, səncə, belədir?
-Əslində verdiyiniz sual çox mübahisəlidir. Amma haradasa deyilən fikrə görə müəlliflə razılaşıram. Lakin bu formada eşqin “mükəmməl”sayılmasına yox...
-Bəs, Sabir sevdiyin var?
-Hazırda sevdiyim yoxdur.
-Yəqin,ürəyindən əcnəbi vətəndaşla evlilik xəyalı keçib... Ümumiyyətlə, macar qızla evliliyə necə baxırsan? Seçim qarşısında qalsaydın, nə edərdin?
-Ümumiyyətlə, evlilik haqqında heç vaxt xəyal etməmişəm. Amma xarici vətəndaşla evliliyə normal baxıram.
-Ümumiyyətlə, hər ölkədə bir çox universitetlər müvafiq ixtisas və ya ixtisaslar üzrə peşəkarlaşıb,məşhurlaşırlar... Bəs, Macarıstanda hansı sahələrin tədrisində bu peşəkarlıq hiss olunur?
- Digər sahələrlə müqayisədə Macarıstanda tibb təhsili daha çox inkişaf edib. Macarlar idman sahəsində isə su polosu, həndbolu çox yaxşı oynayırlar.
-Xaricdə təhsil alan tələbələrin çoxu sonradan oxuduğu ölkələrdə qalıb, Azərbaycana gəlmək istəmirlər. Səncə, bunun əsas səbəbi nədir?
-Xaricdə təhsil alan tələbələr yəqin ki, oxuduqları ölkədə istədikləri işi, dostları tapıblar.
-Xaricdə təhsil almaq istəyən gənc soydaşlarımıza tövsiyən nədir?
-Gənc həmyerlilərimizə tövsiyəm odur ki, xüsusilə özünüzü inkişaf etdirmək üçün xaricdə təhsil almağa çalışsınlar.Əlbəttə, Azərbaycanı da unutmasınlar!Ölkəmizin mədəniyyət və adət-ənənələrini layiqincə tanıtsınlar.