AzEdu.az “İraq göz” layihəsi çərçivəsində xaricdə təhsil alan tələbə və məzun soydaşlarımızınAzərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.
Yəni, bu rubrikada özümüzə bir növ, iraqdan, iraq gözdən baxmağa çalışıq...
Qeyd edək ki, müsahiblərə bir çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar yalnız məlumatlı olduqları universitetlər haqqında danışıblar…
Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:
Türkiyənin Bilkent Universitetinin tələbəsi Əli Babayev:
Bakı Ali Neft Məktəbi – Təhsilin ingilis dilində tədrisi və bir sıra şirkətlərlə birbaşa əlaqələrinin olması bu universiteti digər ali təhsil müəssisələrindən üstün edən amillərdir. Tədrisin ingilis dilində olması tələbələrin xarici ölkələrdə karyeraları üçün şərait yaradır. Həmçinin, tədris ingilis dilində olduğu zaman tələbələr dərsləri daha ətraflı şəkildə mənimsəyə bilir. Çünki, hazırki dövrdə ingilis dilində kifayət qədər lazımi onlayn tədris materialları var, bu da tələbələrin dərslərdə çətinlik çəkdikləri məqamlarda çox yardımçı olur.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Bu ali təhsil müəssisəsi neftlə əlaqəli fakültələr üçün rəqabət apara bilən universitetdir. BANM-dən fərqli olaraq, ADNSU-nun özünəməxsus keçmişi, praktik səviyyədə tələbələrin faydalanması üçün güclü şirkətlərlə əlaqələri var. Lakin digər universitetlərin mühəndislik sahələri üçün bu sözləri deyə bilməyəcəyik…
ADA Universiteti– Bu ali təhsil müəssisəsində də tədrisin ingilis dilində olması, oranı digər universitetlərdən üstün edən amillərdəndir. İmtahanların keçirilmə metodları da dünyaca məşhur universitetlərin tətbiq etdiyi eyni sistem əsasında keçirilir. Lakin düşünürəm ki, ADA mühəndislik ixtisasları üzrə universitetlərin dünya sıralamasına girərək onlarla mübarizə apara bilmək baxımından güclü sıxıntılar keçirir. Universitetdə praktiki şəraitin əskikliyi, dərslər üzrə kadr çatışmazlığı, tələbələrin lazımi dərsləri tam mənimsəyə bilməməsinə səbəb olur. Onu da qeyd edim ki, universitetin gənc, tədrisin ingilis dilində olması öz sahələri üzrə az təcrübəsi olan, ciddi tədqiqatlarının olmadığı müəllimlərin cəlb olunmasına səbəb olur. Bu da ciddi şəkildə akademik karyera düşünən tələbələr üçün problemlər yaradır.
Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Mirəli Əhmədli:
Bakı Ali Neft Məktəbi – Bu ali təhsil müəssisəsi hazırda Azərbaycanda I ixtisas qrupuna hazırlaşan abituriyentlər üçün ən yüksək hədəflərdəndir. Neft-qaz mühəndisliyi, eləcə də elektrotexnika üçün Azərbaycanda idealolan universitet seçimidir. Burada tələbələr aktivliyi ilə seçilir.
ADA Universiteti – Azərbaycanda oxumağı düşünsəydim,şübhəsiz ki, ADA-nı seçərdim. ADA ilə Cənubi Koreyanın KAİST Universitetinin çox sıx əlaqəsi var. ADA Universitetinin Avropa və dünyanın bir sıra güclü ali təhsil müəssisələri ilə də tələbə mübadilə proqramları var.
Bakı Dövlət Universiteti – Bu ali təhsil müəssisəsi hazırda Ümumilli lider Heydər Əliyev və bir çox Azərbaycanın məşhur siyasətçiləri ilə tanınır. Amma bir vaxtlar Nobel mükafatı alan Lev Landau, Yusif Məmmədəliyev digər tanınmış elm adamlarını da yetişdirdiyini unutmaq olmaz. Təəssüf ki, son zamanlarda belə elm adamlarının olmaması çox üzücü hadisədir və universitetin nüfuzuna ciddi şəkildə təsir edir. Ölkəmizdə elmi araşdırmaya marağı, vəsaiti artıraraq daha gənc və həvəsli kadrlarla işləməklə bu problemlər həll oluna bilər.
Azərbaycan-Fransız Universiteti – Bu ali təhsil müəssisəsi barəsində çox məlumatlı olmasam da, amma nüfuzlu universitetlərlə əlaqələrini, hətta ikili diplomun olması haqqında bilirəm. Universitetin tələbələri fəallıqları ilə seçilirlər. Tələbələrin burada Fransız dilini öyrənməsi müsbət haldır və bu onlara irəlidəki karyeralarında çox böyük uğurlar verə bilər. UFAZ yeni yaransa da son illərdə etdikləri işlərlə ən yaxşı abituriyentləri cəlb edir.
Azərbaycan Dövlət Aqrar Universiteti – Azərbaycanın ən sevimli rektoru İbrahim Cəfərovun son illərdəki etdiyi işlər ADAU üçün sadəcə xoş təəssüratlar yaradır. Aqraristiqamətli olmasına baxmayaraq, ölkədəki bir çox texnologiya universitetlərindən daha innovativ olan ali təhsil müəssisəsidir. Dərs cədvəlindən başlayaraq, elmi-tədqiqata qədər hər şeyi universitetin website-larından öyrənmək mümkündür. Ümid edirəm ki, ölkədəki digər universitetlərdə elmi-tədqiqata ən az bu qədər üstünlük verər.