Könül Səmədova: “Azərbaycanlı tələbələrin diplom işində plagiatlıq aşkarlanmışdı”
AzEdu.az xaricdə təhsil almaq istəyənlər üçün yeni layihəyə start verir.
“Təhsil(in) səfiri” adlanan layihədə xarici ölkələrin Azərbaycandakı səfirlikliklərinin təhsil məsələləri üzrə rəsmi nümayəndələri ilə müsahibələr təqdim ediləcək.
Layihə çərçivəsində ilk müsahibimiz Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Könül Səmədovadır.
Onunla Britaniya təhsili haqda aldığımız müsahibəni təqdim edirik.
-Könül xanım, bildiyimizə görə, Britaniyada təhsil almısınız. İstərdik, özünüz haqda məlumat verməklə söhbətə keçək...
-Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin həm bakalavr həmdə magistr səviyyəsini bitirmişəm. Daha sonra Böyük Britaniyanın “University College of London” Universitetində siyasi elmlər üzrə magistr təhsili almışam.
-Böyük Britaniyada hansı təqaüd proqramı ilə təhsil almısınız?
-Böyük Britaniyada Çivninq təqaüd proqramından başqa elə birisi yoxdur ki, tələbələrin bütün xərclərini qarşılasın.
Universitetlər tələbələrə təqaüdü qismən verə bilər. Təhsil aldığım universitetin təqaüdünü qismən qazanmışdım. Qismən də öz xərcimlə getmişdim.
Şərqi Avropa Ölkələrində USAİL-in Şərqi Avropa ölkələri üzrə departamentinin yarım təqaüdünü qazanmışdım. Elə bunun özü də böyük bir şey idi. Ona görə ki, Böyük Britaniyada təhsil almaq heç də ucuz başa gəlmir. Çünki həm ölkə, həm də şəhərin özü bahalıdır. Avropa Birliyinə aid olmayan ölkələr və öz vətəndaşları üçün də Böyük Britaniyada təhsil çox bahalıdır.
-Könül xanım, bəs, digər xərclərinizi necə qarşıladınız?
-Digər xərclərim həm ailəm tərəfindən qarşılanırdı, həm də işləyərək ödəyirdim. Böyük Britaniyada tələbələrin əksəriyyəti müxtəlif işlərdə çalışırlar. Orada tələbələr istər “coffeeshop”larda, satıcı, istərsə də öz sahələri üzrə işləyə bilərlər. Böyük Britaniyada universitetlər çox zaman tələbələr üçün müxtəlif yerlərdə iş imkanı yaradır. Təhsil aldığım müddətdə təhsil vizası ilə gedən tələbələrin əksəriyyətinə həftədə 20 saat iş izni verilirdi.
-Sirr deyilsə, illik təhsil xərcləriniz nə qədər idi?
-Təhsil xərcləri universitetdən asılı olaraq fərqlənir və ildən-ilə dəyişir; Əfsus ki, getdikcə daha da bahalaşır. Məsələn, 2012-2015-ci illərdə Avropa Birliyinə aid olmayan ölkələr üçün magistr səviyyəsi 10.000-15.000 funt sterlinq civarında idi. Müqayisə etmək üçün qeyd edim ki, həmin fakültə Avropa Birliyinə aid olan ölkələr üçün 7000 funt sterlinq ola bilərdi. Böyük Britaniya vətəndaşları üçün isə 3000-4000 funt arasında dəyişirdi.
-Çoxları elə bilir ki, Böyük Britaniyada təhsili qazandıqdan sonra orada oxumaq rahatdır. Halbuki, hətta ingilis dilini bilsəniz belə orada oxumaq çox çətindir. Yeni mühit və akademik səviyyəli dərsliklər tələbələrə çətinliklər yaradır.
-Azərbaycanda təhsil aldığım müddətdə dərslərimi çox yaxşı oxuyurdum. Orta və ali məktəbi fərqlənmə ilə bitirmişdim. Düşünürdüm ki, həqiqətən də çox savadlı və ağıllıyam. Böyük Britaniyada iki ay oxuduqdan sonra başa düşdüm ki, hər şey necə də çətindir. Demək olar ki, müqayisədə hər bir şey fərqlidir. Çətin terminologiyalı kitabları oxuyub, mövzu üzərində esse, tezis yazmaq çox mürəkkəbdir. Təhsil aldığım müddətdə ilk 3 ay çox ağır keçdi. Amma bir neçə faktor var idi ki, mənə xeyli kömək oldu: Orada mənimlə oxuyan tələbələrin əksəriyyəti yerlilər idi. Bu amil mənə ingilis dilini daha da yaxşı öyrənməyə təkan verdi. Onu da qeyd edim ki, universitetin tələbələrə yaratdığı imkanlar da çox gözəl idi. Tələbələrin bütün kitabxanalara çıxışı var idi. Yəni ki, hər bir kitabxana bizlər üçün tam ödənişsiz idi. Bu da kitabxanalardakı bütün kitabları oxumağa imkan yaradırdı.Ümumiyyətlə, hər bir şeydə çətinliklər olur. Amma qarşınıza məqsəd qoyursunuzsa, çətinlikləri adlamaq mümkündür.
“Tələbələr ödədikləri hər funtun dəyərini bilir”
- Sosial şəbəkələrdə bəzən azərbaycanlı və əcnəbi tələbələrin müqayisəsini vurğulayırlar. Ümumiyyətlə, Böyük Britaniya və Azərbaycan tələbələrini müqayisə etmisinizmi?
- Böyük Britaniya səfirliyinin rəsmi səhifələrini idarə etdiyim üçün sosial medianı izləyirəm. Orada təhsil aldığım müddətdə gördüyüm tələbələri müqayisə edə bilərəm. Amma hazırda çox şey dəyişib: Böyük Britaniyada təhsilini davam etdirmək istəyənlər sırf öz iradəsi ilə oxuyurlar. Orada tələbələri universitetlərdə auditoriyada oturmağa heç kəs məcbur etmir. Tələbəlik illərimizi yada salanda görürük ki,çox vaxt arxada oturaraq danışıb-gülmək kimi hallar mövcud idi. Amma Böyük Britaniyada gördüyüm tələbələr belə deyildi. Böyük Britaniyada təhsil ümumiyyətlə, ödənişlidir. Tələbələr ödədikləri hər bir funtun dəyərini bilir. Orada tələbələrin həyatı bizdəkilərindən fərqlidir. Məsələn, tələbələr həftənin 5 günü dərs oxuyur. Buna baxmayaraq onlar əylənməyə də vaxt ayırırlar.
- Əsəbiləşmək insan psixologiyasına məxsus bir davranışdır. Bu mənada, bəs Böyük Britaniyada müəllimlər nə zaman tələbələrə əsəbiləşir?
-Böyük Britaniyada təhsil aldığım müddətdə müəllimlərin aqressiyası ilə qarşılaşmadım. Çünki orada tələbə-müəllim münasibəti, bir-biri ilə davranışları bir az başqadır. Böyük Britaniyada nə tələbə müəllimi hirsləndirə, nə də müəllim tələbəyə qarşı kobud şəkildə iradını bildirə bilər.
Onlar bilirlər ki, müəllimin işi dərs keçmək, tələbəninki isə öz iradəsi ilə təhsil almaqdır. Bir çox tələbə yoldaşlarım 3 ay oxuduqdan sonra təhsillərini davam etdirmək istəmirdilər. Çünki 2 ay mühazirəyə gəldikləri zaman gördülər ki, bu, onlara maraqlı deyil. Yəni onlarda “məcburi şəkildə oxuyum,diplomum olsun” deyə bir şey yoxdur. Orada tələbə təhsilini bakalavr və ya magistratura səviyyəsində davam etdirirsə, bu onun istəyindən asılıdır.
“Böyük Britaniya təhsili insanın analitik düşüncəsini inkişaf etdirir”
- Böyük Britaniyada təhsil əcnəbi tələbələrə nə qazandırır?
-Həqiqətən inanıram ki, Avropa ölkələrində xüsusilə də Böyük Britaniyada magistr səviyyəsində təhsil almaq tələbələrimiz üçün çox vacibdir. Böyük Britaniyada təhsil insanın analitik düşüncəsini inkişaf etdirir. Yəni tələbələr hər hansı mövzunu əzbərləmir. Ölkəmizdə hər hansı tarixi hadisəni nə cür oxuyurduqsa o formada da deyirdik. Amma Böyük Britaniyada tarixi hadisəni analiz edirdik ki, nəyə görə belə oldu. Yəni, tarix dərsini oxumaq keçmişdə nə olduğunu əzbərləmək deyildi. Tarixi hadisənin indiki zamana şamil etməyin yollarını da tapırdıq.
- Dünyanın aparıcı universitetlərinin təhsil sistemləri, metodologiyaları fərqlənir. Bəs Böyük Britaniya təhsil sistemini digər ölkələrdən fərqləndirən özəllikləri hansıdır?
-Bu suala cavab vermək çətindir. Çünki, buna cavab vermək üçün başqa ölkələrin də təhsil sistemini bilməliyəm. Fikrimcə, Avropa ölkələrində təhsil çox olmasa da bir-birinə bənzərdir. Amma mənə görə Böyük Britaniyanın fərqi ondadır ki, ölkə çox keyfiyyətli təhsil verir. Baxmayaraq ki, coğrafi baxımdan Böyük Britaniya balacadır,amma oradakı universitetlər dünya reytinqində ilk onluqdadır.
-Könül xanım, azərbaycanlı tələbələr əsasən orada hansı sahələr üzrə təhsil alırlar?
-Son 10ilə nəzər yetirsək,dəyişiklik görərik. Böyük Britaniyada öncəki illərdə humanitar sahələr üzrə təhsil alan çox idi. Daha sonra isə iqtisadiyyat sahəsi üzrə təhsil alanların sayı artdı. Hazırda isə azərbaycanlı tələbələr Böyük Britaniyada müxtəlif sahələr üzrə təhsil alırlar.
-Böyük Britaniya universitetlərinə qəbul prosesində azərbaycanlı tələbələr əsasən hansı səbəblərdən imtina cavabı alır?
-Böyük Britaniya səfirliyi sırf Çivninq təqaüd proqramı ilə məşğuldur. Çivninq təqaüd proqramı bir neçə mərhələdən ibarətdir. Təqaüd proqramı üçün 3 ay sənəd qəbulu olur. Daha sonra bütün sənədləri Londonda 2-3 ay ərzində mərkəzi Çivninq Katibliyi oxuyur. Oxu Komitəsi deyilən qurum var ki, oraya professorlar, müəllimlər daxildir. Onlar da sənədləri oxuyur və bizə“longlist” göndərirlər.
Daha sonra onu “shortlist” edirik və təhsil almaq istəyənləri müsahibəyə dəvət edirik.Əlavə olaraq bildirim ki, son tarix iyul ayına qədərdir. Müsahibəyə dəvət olunanlar iyul ayına qədər IELTS imtahanı verməlidirlər. Onu da qeyd edim ki, müsahibə ingilis dilində olur.
- Səhv etmiriksə, bu zaman mükəmməl ingilis dili tələb olunmur, elə deyilmi?
- Müsahibə zamanı təhsil almaq istəyənlərin dil biliyinə görə qiymət vermirik. Müsahibə zamanı onların suallarımızı necə cavablandıracaqlarını qiymətləndiririk. Təbii ki, ingilis dili biliyi zəif olanlar özlərini yaxşı ifadə edə bilməyəcəklər. Ona görə də Çivninq təqaüd proqramına müraciət edənlər həm də ingilis dilini təkmilləşdirməlidir.
Çivninq təqaüdü proqramı ilə 1il magistr təhsili alanlar sonra mütləq qaydada Azərbaycana qayıtmalı və ən azı 2il burada işləməlidirlər. Çünki bizə maraqlıdır ki, tələbələr qayıtdıqdan sonra onların planları necə olacaq. Yenə də qeyd edirəm ki, Böyük Britaniyada təhsil ödənişlidir. Böyük Britaniya vətəndaşları təhsil almaq üçün öz ölkələrinə pul ödəyirlər. Amma Böyük Britaniya hökuməti demək olar ki, bütün dünya ölkələrinə Çivninq kimi təqaüd proqramı ayırıb. Təqaüd proqramı isə tam ödənişsizdir. Çivninq təqaüd proqramında tələbələrin bütün xərcləri Böyük Britaniya hökuməti tərəfindən qarşılanır. Sual yaranır ki, Böyük Britaniya bundan nə qazanır? Böyük Britaniya Çivninq proqramı ilə özünə gələcək üçün dost qazanır.
-Bəs, Con Smit təqaüd proqramını hansısa xüsusiyyətinə görə Çivninq təqaüd proqramına bərabər tuta bilərikmi?
- Siz dediyiniz proqram hazırda Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir. Təqaüd proqramı isə professional, peşəkarlıq cəhətdən öz yerini tutan insanlar üçündür. Məsələn, jurnalistlər istəyər ki, öz sahələrini təkmilləşdirsinlər. Con Smit təqaüd proqramı 3 həftəlikdir. Proqramdan yararlanmaq istəyənlərin ingilis dil biliyi mükəmməl olmalıdır. Proqramda IELTStələb olunmur, amma burada müsahibə zamanı ingilis dili biliyinə diqqət edilir.
- Britaniyada təhsil almaq istəyən azərbaycanlılar sənədləşmə prosedurunda hansı çətinliklərlə qarşılaşırlar?
-Çivninq təqaüd proqramını qazanan tələbələrlə məşğulam. Sənədləşmə proseduru zamanı isə onların heç bir problemi olmur. Təqaüdü qazanmaq istəyənlərə bildiririk ki, bütün xərclər Böyük Britaniya hökuməti tərəfindən qarşılanacaq. Vizanı almaq o qədər də çətin olmur. Amma öz hesabı ilə təhsil alan tələbələrə müəyyən çətinliklər ola bilər. Onlar sübut etməlidirlər ki, onların ödəyə biləcəyi maliyyə vəsaitləri var.
-IELTS məlumdur bəs, TOEFL imtahanın nəticəsi ilə orada təhsil almaq mümkündür?
-Bəli... Təhsil almaq mümkündür. IELTS Böyük Britaniyanın , TOEFL isə ABŞ-ın imtahan sistemidir.
-Könül xanım, deyək ki, tələbənin dil biliyi və digər keyfiyyətləri yüksək dərəcədədir. Amma beynəlxalq imtahan sertifikatı yoxdur. Bu halda müsahibə zamanı istisnalar olurmu?
-Təəssüf ki, elə bir istisnalar yoxdur.
-Böyük Britaniya ali təhsil müəssisələrində oxuyan əcnəbi tələbələrin universiteti bitirdikdən sonra işlə təmin olunması prosesi hansı səviyyədədir?
-Böyük Britaniyada hər bir universitet tələbələrə iş imkanı verir.Orada hər hansı qurumlar tələbələrə güzəştlər edir. Bunu istər Xarici İşlər Nazirliyi, istərsə də başqa nazirliklər “internship” kimi qəbul edirlər. Daha sonra onlar tələbələri yoxlayırlar. Ümumiyyətlə, Böyük Britaniyada ali təhsili olan insanın iş tapmaq çətinliyi çox azdır.
-Könül xanım, az öncə qeyd etdiniz ki, tələbələr orada işləyirlər. Bəs, siz işləyirdinizmi?
-Bəli, kitabxanada işləyirdim. Təhsil aldığım universitetdə Şərqi Avropadan gələn tələbələr çox idi. Rus dilini bildiyim üçün həmin tələbələrə, eyni zamanda yeni gələnlərə yardım edirdim. Demək olar ki, həm universitetin kitabxanasında çalışırdım, həm də professorumun assistenti idim. Onu da qeyd edim ki, orada işləmək mənə çox şey öyrətdi. Çünki hər şeydən öncə yeni dostlar qazandım.
-Bəs, işlədiyiniz zaman nə qədər qazancınız olurdu?
-İşlədiyim zaman qazanc müxtəlif olurdu. Orada qazanc bir çox hallarda saatda 10 və ya 20 funt da ola bilər.
-Böyük Britaniyada tələbələrin gündəlik xərcləri təxmini nə qədər idi?
-London çox bahalı şəhərdir. Orada tələbələrin əksəriyyəti restoranlara getmir. Onu da qeyd edim ki, Böyük Britaniyada tələbələr üçün çox güzəştlər edilir. İstər geyim dükanlarında, istərsə də “fast food” restoranlarında tələbələrə 10% endirim edilirdi.
Çivninq təqaüd proqramına əsasən qeyd edim ki, Böyük Britaniyanın digər şəhərləri ilə müqayisədə London universitetlərində təhsil alanların aylıq xərci bir az baha olur. Orada tələbələr restorana getməsə, onların aylıq xərci 200-300funt sterlinq arasında dəyişə bilər. Londonda vətəndaşların ictimai nəqliyyatdan istifadəsi çox bahadır. Amma yenə də tələbələr üçün endirimlər olur.
-Böyük Britaniya səfirliyi tələbələrə Çivninq təqaüd proqramı təklif edir. Gələcəkdə səfirliyin başqa proqramları da cəlb edəcəyi gözlənilmirmi?
-Çivninq təqaüd proqramı ilə bir neçə il öncə “British Council” məşğul olurdu. Hazırda isə Çivniniq təqaüd proqramı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşir. Amma universitetlərin öz təqaüdünə Böyük Britaniya hökuməti qarışa bilməz.
-2019-cu il üçün müraciətlər başlayıbmı?
- Bəli. Çivninq təqaüd proqramına artıq müraciətlər başlayıb.
-Çivninq təqaüd proqramına 2018-ci ildə nə qədər müraciətlər olub və neçə tələbə məzun oldu?
-Səhv etmirəmsə keçən il 252müraciət aldıq. Hazırda isə Böyük Britaniyada 9 tələbəmiz təhsil alır. Açıq etiraf edim ki, 10 tələbə təhsil almalı idi. Əfsuslar olsun ki, çox zaman IELTS imtahanına görə tələbə göndərə bilmirik. Çünki, yenə də qeyd edirəm ki, müsahibə zamanı ingilis dilini qiymətləndirmirik. Tələbə müsahibədən uğurlu keçirsə,son tarixə qədər mütləq qaydada IELTS imtahanı verməlidir. Əgər tələbə imtahanı uğursuz verirsə və müsahibə zamanı onu seçmişiksə o təhsil almağa gedə bilmir. İlk dəfə idi ki, Azərbaycandan 10 nəfər gedəcəkdi. Çünki, bizim yerli sponsorumuz Paşa Bank oldu. Ona görə də müsahibəyə gələnləri yola saldıqda mütləq qaydada tapşırırıq ki, IELTS imtahanınızı tez verin.
-Könül xanım qeyd etdiniz ki, sizə “long list” göndərilir, müsahibəyə dəvət edirsiniz. Bundan sonra isə“short list” Britaniyaya göndərilir. Britaniyada “short list”ə baxıldıqdan sonra nələrə diqqət edilir?
-Bəli... “Short list” də müsahibəyə dəvət edirik, sonra qərarımızı veririk. Daha sonra məsləhətlərimizi Çivninq təqaüd proqramının Katibliyinə göndəririk. Daha sonra yeni büdcənin təsdiqini gözləyirik. Çünki ildən-ilə büdcə dəyişə bilər. Məsələn, elə büdcə ayırarlar ki, 2 və ya 15 tələbə də göndərə bilərik. İyunda dəqiq deyə bilərik ki, kim seçilib, kim yox. Çünki büdcə mayda təsdiq olunur. İyun ayına qədər isə təhsil almaq istəyənlər IELTS imtahanı verməlidir.
- Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts ildə bir dəfə Çivninq təqaüdü proqramı çərşivəsində təhsil alan məzunlarla görüşlər keçirir. Bu ənənə sizin təşəbbüsünüzdən irəli gəlir?
-Çivninq təqaüd proqramı ilə təhsil alan məzunlarla görüşün keçirilməsi deyərdim ki, bütün səfirliyimizin təşəbbüsüdür. Amma sırf bununla məşğul olduğum üçün deyə bilərəm ki, həm də mənim təşəbbüsümdür. İnanıram ki, Böyük Britaniyada oxuyub gələn tələbələrimiz iki ölkə arasında olan münasibətlərə çox müsbət təsir göstərirlər. Onu da qeyd edim k, həqiqətən orada təhsil alanlar çox fərqlənirlər. Onlar həm çox gözəl insandırlar, həm də öz sahələrində professionaldırlar. Təhsil alan məzunlarımızı da hər kəsə nümayiş etdirməliyik.
-Böyük Britaniyada nə qədər azərbaycanlı tələbə təhsil alır?
-Böyük Britaniyada təhsil alan azərbaycanlıların sayını söyləməkdə səhvə yol verərəm. Çünki, statistik məlumatlarla daha çox “British Council” məşğul olur. Bildiyimə görə, son 5 ildə 5000-dən çox azərbaycanlı tələbəyə təhsil vizası verilib. Çivninq təqaüd proqramı isə Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. İndiyə qədər isə 200-ə yaxın tələbə Çivninq təqaüd proqramı ilə təhsil alıb.
-Böyük Britaniya universitetlərinə əcnəbi tələbələrin bakalavr, magistratura və doktorantura təhsil pilləsinə qəbul proseduru necə olur?
-Təhsilin bakalavr səviyyəsi üçün onlarda “A Level” deyilən imtahanlar var. Bakalavr səviyyəsində təhsil almaq istəyənlər 4-5 fəndən imtahan verməlidir. Ümumiyyətlə, Böyük Birtaniyada təhsilin magistratura səviyyəsinə qəbul proseduru o qədər də çətin deyil. Tələbələr əsasən qarşısına məqsəd qoymalıdır.
- Magistr təhsili üzrə diplom işini müdafiə etmək də çətin olar. Plagiatlıq necə aşkarlanır?
- Bizim üçün çətindir.Böyük Britaniya universitetlərində hər hansı problemi qarşınıza qoyaraq onun təhlilini istəyirlər. Hətta problemi təhlil etməklə bərabər ona yenilik də gətirməlisiniz. Təbii ki, sizdən öncə bu işlə məşğul olanlara da istinad etməlisiniz. Çünki istinad çox mühümdir. Böyük Britaniyada bir dəfə plagiatlıq aşkar edildikdə, bu, akademik karyeranın sonu deməkdir. Ümumiyyətlə, Böyük Britaniya innovasiyalar ölkəsidir. Onların xüsusi sistemləri var ki, hər şey oraya daxil olur. Daha sonra dərhal bilirlər ki, nə plagiatdır, nə yox...
-İstər azərbaycanlı , istərsə də əcnəbi tələbə yoldaşlarınızda hər hansı plagiatlıq aşkar edilmişdi?
-Təəssüf ki, var idi. Azərbaycanlılar daxil olmaqla, müxtəlif ölkələrdən gələn tələbələrdə plagiatlıq aşkar olunmuşdu. Təəssüf ki, kiməsə ödəniş edərək işini yazdıranlar da olurdu. Müəyyən şirkətlər təklif edir ki, ödəniş müqabilində diplom işini yazsınlar. Amma Britaniyada bunu da asanlıqla aşkarlayırdılar.
-Deyək ki, magistratura pilləsi üzrə təhsil alıram, amma məndə hər hansı nöqsan aşkar edilib və diplom verilmir. Diplomu almaq üçün qalıb növbəti il də təhsil almalıyam?
-Çivninq təqaüd proqramı ilə magistratura təhsili 1ildir. Onu da qeyd edim ki,bu proqram çərçivəsində təhsil alan tələbələrdə indiyə qədər plagiatlıq kimi hallarla rastlaşmamışıq və buda çox müsbət haldır. Tələbələrimizin əksəriyyəti fərqlənmə diplomu ilə təhsilini başa vururlar. Amma fikirləşirəm ki, belə hallar olsa Böyük Britaniya hökumətinin həmin şəxsə xərclədiyi maliyyəsi geri verilməlidir. Çünki əsas məqsəd orada oxuyub geri qayıtmaqdır. Yəni əlavə heç bir xərc ödənilmir.
- Brekzitdən sonra ümumiyyətlə, viza məsələlərində hansı problemlər ortaya çıxıb?
-Bu, çox böyük məsələdir. Hələ ki, nəyisə dəqiq demək çox çətindir. Fikrimcə, mart ayından sonra bir çox şeyə dəqiq nəsə demək olacaq.
Günel YAŞARQIZI
Aqşin KƏRİMOV