AzEdu.az “İraq göz” rubrikası çərçivəsində xaricdə təhsil alan tələbə və məzun soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.
Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...
Qeyd edək ki, müsahiblərə bir çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar yalnız məlumatlı olduqları universitetlər haqqında danışıblar…
Yəni, hər hansı universitetin adının çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:
Macarıstanın Szeged Universitetinin tələbəsi İbad Bayramov:
Bakı Dövlət Universiteti- Azərbaycanın ən böyük və qədim universiteti özünün keçmiş əzəmətli günlərindən təəssüf ki, xeyli uzaqdadır. Universitetdə yaşlı müəllimlərin çoxluğu və istifadə olunan metodların köhnəliyi ali təhsil müəssisənin inkişafına əngəl törədir.
Bundan əlavə, tələbələrin yığdığı baldan asılı olmayaraq, hər kəsə tək bir binada təhsil verməsi inkişafa əngəl törədən səbəblərdəndir. Lakin son bir neçə ayda baş vermiş kadr dəyişikliyi doğru şəkildə istifadə edilərsə, universitetinin işıqlı gələcəyi olmasına imkan yarada bilər.
UNEC- Azərbaycanda son illərdə ən böyük dəyişikliyə məruz qalmış universitet özünün köhnə imicini bərpa etməkdədir. Xüsusilə, haqqında bəhs etdiyimiz universitetin ISE korpusu son illərdə alqışa layiq təhsil göstərir. Universitetin problemi isə buradakı dərs materiallarının çox irihəcmli olmasıdır. Bəzi dərslərin imtahanına hətta 600 səhifəyə yaxın bir material oxumağa ehtiyac duyulur və bu da tələbələr üçün baş ağrısıdır.
ADA universiteti -Buranın keçmiş tələbələri ilə söhbətləşən zaman universitetin verdiyi yüksək səviyyəli təhsildən və müasir tələblərə uyğun olmasından danışardılar. Həqiqətən də ADA universiteti həm kadr, həm də imkanlar baxımından digər universitetlərdən çox üstün idi.
Lakin bundan 2 il əvvəl universitetin giriş balının aşağı salınması təhsil səviyyəsini də çox qısa bir müddətdə aşağı saldı. Burada oxuyan tələbələr arasında yaranan bilik uçurumu bilavasitə dərslərin keyfiyyətini də aşağı salır.
Azərbaycan-Fransız Universiteti- Yalnız 3 ildir fəaliyyət göstərən UFAZ verdiyi təhsil və şagirdlərə yaratdığı imkanlarla qısa müddətdə çox irəliləyib.
Strasburq Universitetin tələblərinə cavab verən bu ali təhsil müəssisəsi tələbələri üçün tez-tez fərqli layihələr təşkil edir. Universitetin tələbələrinin aktivliyi də təqdirə layiqdir.
Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetin məzunu Sevinc İskəndərova:
Xəzər Universiteti-Burada köhnə zamanlardan öyrəndiyimiz semestr sonu imtahanları deyil, midterm(aralıq) və final(son) imtahanları keçirilir. Tələbələr burada semestr ərzində müəyyən kateqoriyalar üzrə ballar yığırlar və bütün balların toplamında həmin fənni uğurla bitirib-bitirməməyi bilinir. Yəni tələbələrin bir dəfə verdiyi imtahanlara görə nəticələri müəyyənləşdirilmir. Ona görə də universitetin tələbələri təhsillərini davam etdirmək üçün xarici ölkələrə getdikləri zaman oxumaqda çətinlik çəkmirlər.
ADA Universiteti- Burada təhsil sistemi fərqlidir. ADA Universitetində tələbələrə kifayət qədər sərbəstlik verilir. Düşünürəm ki, bu xüsusiyyət bir çox dövlət universitetlərimizdə olmayan cəhətdir. Yəni, tələbələr azad şəkildə dərs keyfiyyətini bəyənmədikdə və ya hər hansı xoşagəlməzlik hiss etdikdə rahat bir şəkildə onu rektorla görüşüb müzakirə edirlər. Özüm Azərbaycanda dövlət universitetini bitirmişəm, amma təhsil aldığım müddətdə cəmi rektoru 2-3 dəfə görmüşəm. Rektorla görüş digər universitetlərimizdə də olsa daha yaxşı olar.
Bakı Slavyan Universiteti- Burada oxuduğum illərdə təhsil qənəatbəxş idi. Buna baxmayaraq, C.Koreyada təhsil aldığım ilk zamanlarda çətinliyim olub. Çünki, xarici dövlətlərdə universitet dərslərin çox böyük qismi təqdimat, semestr boyu yazılmış qısa məqalələr üzərində aparılır. Yaxşı olardı ki, bizim ölkənin dövlət universitetlərində bu bacarıqlar inkişaf etdirilsin və tələbənin hər tərəfli inkişafına töhfə versin. Onu da qeyd edim ki, tələbə və müəllimlərimizin potensialı daha çoxdur. Xarici dövlətlərdə təhsil alanlarda bu məsələdə mənimlə həmfikir ola bilər.
Son olaraq qeyd etmək istərdim ki, hazırda Azərbaycanda universitetə qəbul olan tələbələrin sayı artıb və bu çox gözəl göstəricidir. Lakin tələbələrin sayı artdıqca, iş imkanlarının azalmağı məsələsini də unutmamalıyıq.
Ümid edirəm ki, bizim ölkənin də təhsil sistemi vaxt gələcək nümunəvi olacaq. Təbii ki, yalnız ümid etməklə deyil, hər kəs öz payına düşdüyü qədər töhfə verərsə…