Azedu.az

Şəmkirdən Böyük Britaniyaya uzanan yol - azərbaycanlı gəncin uğur HEKAYƏSİ

Müsahibə

18 Avqust 2025, 18:00
Şəmkirdən Böyük Britaniyaya uzanan yol - azərbaycanlı gəncin uğur HEKAYƏSİ

Xəbər verdiyimiz kimi, Bakı Mühəndislik Universitetinin (BMU) “Maliyyə” ixtisasının (ingilis bölməsi) məzunu Zərifə Vəliyeva Böyük Britaniyanın Vorvik Universitetində magistratura səviyyəsi üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

Belə ki, 2020-ci ildə BMU-ya 620 balla qəbul olan Zərifə Vəliyeva universiteti ortalama 97.48 balla fakültə birincisi kimi fərqlənmə diplomu ilə bitirib.

Bu münasibətlə AzEdu.az Zərifə Vəliyeva ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

- İlk növbədə sizi Böyük Britaniyada təhsil almaq hüququ qazanmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Oxucularımıza sizi daha yaxından tanıtmaq istərdik.

- Təşəkkür edirəm. 2020-ci ildə BMU-nun Maliyyə ixtisasına qəbul oldum və universiteti fərqlənmə diplomu ilə bitirdim. Bir il fasilə edib işləməyə başladım. Hazırda “Baker Tilly Azərbaycan” şirkətində “Tax and Legal” (Vergi və hüquqi məsələlər) departamentində çalışıram. Bu il xarici ali məktəblərə müraciət etməyi düşündüm. Cəmi bir neçə universitetə müraciət etdim və top universitetlərdən qəbul aldım. Son qərarım isə Vorvik Universiteti oldu.

- Ümumiyyətlə, Böyük Britaniyada təhsil almaq qərarına necə gəldiniz?

- Sözün düzü, bunu uzun müddətdir düşünürdüm. Yaxşı perspektiv əldə etmək, fərqli təhsil almaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq insanın inkişafı üçün olduqca önəmlidir. Ona görə də xaricdə təhsil almağı əvvəlcədən planlaşdırmışdım.

- Bəs, nə üçün məhz Böyük Britaniyada təhsil almaq istədiniz?

- İlk növbədə düşünürəm ki, Avropada keyfiyyətli təhsil verən ölkələrdən biri Böyük Britaniyadır. Həmçinin seçdiyim universitet maliyyə ixtisası üzrə top ali məktəblərdən biridir. Bu səbəbdən burada təhsil almaq qərarına gəldim.

- BMU-dakı təhsil həyatınızı necə xatırlayırsınız? Bu təhsil sizi Böyük Britaniyada oxumağa necə hazırladı?

- Bəli. Əslində qəbul olduğum universitetin modullarına, proqramlarına baxsaq, bizim universitetdə də müəllimlər əlində olan bütün materiallardan istifadə edərək yüksək təhsil verməyə çalışırdılar. Ona görə də düşünürəm ki, xaricdə heç bir çətinlik çəkməyəcəyəm. Baza biliklərim baxımından rahat olacağımı düşünürəm.

- Həm bakalavr, həm də magistratura üzrə maliyyə ixtisasını seçməyinizin səbəbi nə idi?

- Özüm rayonda (Şəmkir) böyümüşəm. Burada qızlar əsasən riyazi və ya biznes sahəli ixtisaslara demək olar ki, üz tutmurdular. Uşaq vaxtından ailəmə bildirmişdim ki, maliyyə ixtisasını öyrənmək istəyirəm və bu sahədə davam edəcəyəm. Bir az narahatlıqlar olsa da, valideynlərimi razı sala bildim. Nəticə etibarilə istədiyim ixtisası oxudum.

- Qəbul prosesi necə keçdi? Qarşınıza hər hansı çətinlik çıxdımı? Böyük Britaniyada təhsil almaq sizə hansı yeni imkanlar yaradacaq?

- Qəbul prosesi olduqca rahat idi. Lazım olan sənədləri hazırlamışdım. İntervyu mərhələsi də çox yüksək səviyyədə həyata keçirildi. Əvvəlcədən qəbul olunacağımı təxmin edirdim. Britaniyadakı təhsil isə düşünürəm ki, baza biliklərimi daha da təkmilləşdirməyimə kömək edəcək. Çünki burada daha çox praktik tapşırıqlara üstünlük veriləcək. Bu səbəbdən mənim üçün olduqca faydalı olacağını düşünürəm.

- Xaricdə təhsil almağın sizin gələcək karyera planlarınıza necə təsir edəcəyini düşünürsünüz?

- Düşünürəm ki, daha fərqli baxış bucağına malik bir kadr olacağam. Yenilik gətirmə bacarığına sahib olacağımı fikirləşirəm.

- Sizin kimi xaricdə oxumaq arzusunda olan gənclərə nə məsləhət verərdiniz?

- İlk növbədə istədikləri ixtisası seçsinlər. Onun üzərində həm nəzəri, həm də praktiki olaraq çalışsınlar. Müəyyən çətinliklərlə qarşılaşsaq belə, onlarla üzləşəcək qədər gücümüz olur. Hesab edirəm ki, hər bir insan öz üzərində çox çalışmalıdır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox