II - III qrup üzrə elan olunan imtahan nəticələrinə əsasən, Bakı məktəblərinin iki məzunu maksimum nəticə göstərib.
Onlardan biri 192 nömrəli tam orta məktəbin məzunu Mirsaleh Məmmədovdur. O, II qrup üzrə keçirilən qəbul imtahanında 400 bal toplayaraq maksimum nəticə göstərib.
İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.
AzEdu.az maksimum nəticə göstərən Bakı məktəbinin məzunu Mirsaleh Məmmədovla müsahibəni təqdim edir:
Həm buraxılış, həm də qəbul imtahanında yüksək nəticə göstərmisiz. İmtahanlara hazırlıq prosesiniz necə idi?
-Düşünürəm ki, qəbul imtahanına məktəbdə təhsil aldığımız 11 il müddətində hazırlaşmaq lazımdır. Orta məktəbdə təhsil aldığımız müddətdə müəllimlərin verdiyi tapşırıqları yerinə yetirərək müəyyən təməl qoyulur. Daha sonra 10-11-ci sinifdə isə internsiv hazırlaşaraq biz bildiklərimizi təkrar edirik. Uğurlu nəticə göstərməyimin əsas səbəblərindən biri də bu idi ki, mən aşağı sinifdən dərslərimə önəm verirdim. Heç vaxt günümün 12-14 saatını dərs oxumaqla keçirməmişəm. Günümün sadəcə 5-6 saatını düzgün şəkildə planlaşdıraraq və bölərək dərslərə ayırırdım. Əsasən, çətinlik çəkdiyim hissələrin üzərində çalışırdım, günün qalan saatlarını isə özümə ayırırdım.
Bu müddətdə sevdiyiniz, yaxud nisbətən sizə çətin gələn fənn hansı oldu?
-Blok imtahanlarındakı fənnlər mənim üçün çətin deyildi və nəticə olaraq 400 bal topladım. Nisbətən buraxılış imtahanında çətinliyim oldu. Fənlər arasında İngilis dilində bir az çətinlik çəkirdim, çünki məktəbdə bu fənnin tədrisi zamanı çox da önəm vermirdim. Ancaq imtahanda İngilis dili üzrə göstərdiyim müsbət nəticəyə 11-ci sinifdə çox çalışaraq nail oldum.Gələcək üçün də İngilis dilinin önəmini anlayıram və üzrəimdə çalışıb bu dil üzrə səviyyəmi daha da yüksəldəcəyəm. Hətta ixtisas seçimi zamanı bu dil bölməsi üzrə seçimə üstünlük verəcəm ki, öyrənmək üçün daha çox diqqət ayırım.
Bildiyimiz kimi buraxılış imtahanında da yüksək bal toplamısız. Qəbul(blok) imtahanında göstərdiyiniz nəticə sizin üçün nə dərəcədə gözlənilən idi?
-Əslində, yüksək bal toplayacağımı gözləyirdim. Həm iştirak etdiyim sınaq imtahanlarına əsasən, həm də hazırlaşdığı müddətdə insan nəyə malik olduğunu bilir. Yüksək bal toplacağımı bilirdim, ancaq nəticənin maksimum, yəni 400 olacağını gözləmirdim. Bu nəticə məni çox sevindirdi. Ancaq ümumilikdə balımın 650-dən yuxarı olacağını gözləyirdim.
Təhsilinizi hansı universitet və ixtisas üzrə davam etdirməyi düşünürsüz?
-Təhsilimi İqtisadiyyat üzrə İngilis bölməsində davam etdirməyi düşünürəm. Burada iki universitet arasından seçim etməyi planlaşdırıram: ADA və UNEC. Hər iki universitetin imkanları və xarici proqramlarını yaxşı araşdırıb elə qərar verəcəyəm ki, sonradan peşman olmayım.
Növbəti illərdə qəbul imtahanlarına hazırlaşacaq abituriyentlərə nə kimi tövsiyələriniz olar?
-Qəbul imtahanlarına hazırlaşan abituriyentlərə tövsiyə edirəm ki, günün bütün hissəsini dərs oxumaqla keçirməsinlər. Bacardıqları qədər çox çalışsınlar, ancaq doğru şəkildə çalışsınlar. Yaxşı bildikləri mövzunu təkrar işləməklərinə ehtiyac yoxdur. Diqqəti zəif olduqları mövzulara yönəlsinlər. Bilmədiyin mövzuda 100 test işləmək, bildiyin mövzuda 1000 test işləməkdən daha yaxşıdır. Bununla yanaşı, ancaqq sevdikləri ixtisas üçün çalışsınlar. Çünki sevmədiyin bir şey üçün çalışmaq çox çətindir. Yaxşı nəticə göstərməyimin əsas səbəblərindən biri də bu idi ki, hazırlaşdığım fənnləri çox sevirdim və bu fənləri oxumaqdan zövq alırdım. Sistemli şəkildə çalışmağa diqqət etsinlər. Bu gün həvəsim yoxdur deyib sonraya saxlamasınlar. Mən özümü yaxşı hiss etməsəm belə, özümü məcbur edərək qalxıb dərslərimlə məşğul olurdum.
Məzunumuza uğurlar arzu edirik!