II və III qrup üzrə elan olan qəbul imtahanının nəticələrinə əsasən Bakı məktəblərinin iki məzunu maksimum nəticə göstərib.
Onlardan biri də Bakı şəhər 323 nömrəli tam orta məktəbin məzunu Aygün Mahmudovadır. O, II mərhələdə 396,2 bal toplayaraq, hər iki mərhələnin cəminə görə 657 bal toplayıb.
Aygün AzEdu.az-a açıqlamasında buraxılış imtahanında topladığı nəticənin onu qane etmədiyini bildirib:
“Həm buraxılış, həm də qəbul imtahanında yüksək nəticə göstərdim. Amma buraxılış imtahanında göstərdiyim nəticə məni o qədər də qane etmədi. Düşünürəm ki, o imtahanda potensialımı tam şəkildə göstərə bilmədim. Buraxılış imtahanlarına çox stressli bir şəkildə girmişdim. Çünki məktəbdə sinif yoldaşlarımla birlikdə sənədlərlə bağlı poroblemimiz yaranmışdı. Bu səbəblə müəyyən çətinliklərimiz oldu”.
O, əzbərçiliyi sevmədiyini, bu səbəblə bəzi fənlərdə çətinlik çəkdiyini qeyd edib:
“Qəbul imtahanına hazırlaşdığım fənlər arasında ən çox Riyaziyyat və İngilis dilini sevirdim. Ancaq Tarix və Ədəbiyyat fənləri, əsasən əzbərçilik tələb edir, mən isə əzbərçiliyi çox da sevmirəm.Bu səbəblə bu fənlərdə nisbətən çətinliyim olurdu”.
Aygün, sualların onun üçün çətin olmadığını vurğulayıb:
“Qəbul imtahanına girənə kimi toplayacağım nəticə mənim üçün gözlənilməz idi. Ancaq imtahan başlayanda sualların o qədər də çətin olmadığını gördüm, öhdəsindən gələcəyimə inanırdım”.
Məzunumuz bildirib ki, təhsilini harada davam etdirəcəyinə hələ tam qərar verməyib:
“Təhsilimi davam etdirmək üçün hazırda düşündüyüm iki universitet var. Onlardan biri Prezident yanında Dövlət İdarəçilik Akademiyası, digəri isə Bakı Dövlət Universitetidir. Hələ hansı fakultə və ixtisas olacağına tam qərar verməmişəm, buna valideynlərimlə birlikdə qərar verəcəm. Əsasən, hüquqşunaslıq, müəllimlik, yaxud Dövlət və İctimai Münasibətlər kimi ixtisas və fakultələri düşünürəm”.
O, savadın genetikaya bağlı olmadığını vurğulayaraq, qəbul imtahanlarına hazırlaşan abituriyentlərə öz tövsiyələrini verib:
“Buraxılış imtahanını verdikdən sonra ixtədiyim ixtisasa qəbul olmaq üçün yeganə şansım qəbulda 390 balı keçmək idi. Bunu nə zaman dilə gətirirdimsə ciddi qəbul etmir, mənə gülürdülər , “bir az real ol, bu ki qeyri-mümkündür” -deyirdilər. Çünki insanlar başqalarını daha çox öz potensialları ilə müqayisə edirlər. Bütün qəbul imtahanlarına hazırlaşan abituriyentlərə demək istəyirəm ki, savad genetikadan gəlmir.Bizim nəsildə ümumiyyətlə 600-ü keçən olmayıb. Bilik və savad insanın beyninin həcmindən də asılı deyil. Çünki beyin daim inkişaf etdirilə bilər. Uğur qazanmaq üçün irəlilədikləri zaman qarşılarına müxtəlif əngəllər çıxacaq¸mənim də qarşıma çıxırdı. Ancaq özümə bir şüar götürdüm və həmişə bunu təkrar edirdim:”Tərəqqi qarşısıalınmazdır!” Özünüzə hər zaman inanın, bütün maneələri aşacaqsız və hər şey yaxşı olacaq. Abituriyentlər daqima öz üzərlərində çalışsınlar, müəllimlərin verdiyi tapşırıqlarla kifayətlənməyib əlavə testlər işləsinlər. Bütün abituriyentlərə gələcək həyatlarında müvəffəqiyyətlər arzu edirəm”.
Məzunumuza uğurlar arzu edirik!