Beynəlxalq olimpiada birincisi - "Yüksək təhsil haqqı səbəbindən istədiyim yerdə oxuya bilməyəcəyəm"-MÜSAHİBƏ
Məktəblilərimiz və məzunlarımız bu il müxtəlif fənlər üzrə təşkil edilən dünya olimpiadalarına uğurlara imza atıblar.
Xüsusi ilə iki iştirakçımız Portuqaliya tərəfindən onlayn şəkildə təşkil edilən 32-ci Beynəlxalq Biologiya Olimpiadasında hər biri ölkəmizə iki qızıl medal qazandırıb.
Bu gənc istedadlı qaliblərdən biri də Ranal Qurbanovdur.
AzEdu.az bu istedadlı gənclə olan müsahibəni təqdim edir.
Əvvəlcə onu tanıyaq...
Ranal Bəşir oğlu Qurbanov, 2 may 2004-ci ildə Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Lənkəran şəhər V.Əliyev adına 4 №-li HTML-nın 1-ci sinifinə gedib. 2014-2016-cı illərdə S.Kazımbəyov adına 6 saylı tam orta məktəbində oxuyub. 2016 –cı ildə Lənkəran şəhər İSTƏK liseyində, 2017 –ci ildə isə Bakı şəhər İSTƏK liseyində təhsil alıb. Daha sonra təhsilini Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbində davam edib və 11-ci sinifi həmən məktəbdə bitirib.Uğur qazandığı sahə - biologiya fənnidir.
-Bildiyimiz qədəri ilə məktəbi yeni bitirmisiz. Bir az orta təhsil illərinizdən danışardız. Dərslərə hazırlığınız necə idi? Nə kimi aktivliklər göstərmisiz?
-Orta təhsil aldığım zaman bir çox məktəb dəyişmişəm. Azərbaycan məktəblərində məcburi surətdə keçirilən humanitar-dəqiq olmayan fənləri heç vaxt sevməmişəm. Nəticə olaraq qiymətlərim aşağı olub. Bu kimi səbəblərə görə xaricdə təhsil almaq qərarına gəldim.
-Dünya Biologiya Olimpiadasında qızıl medala layiq görülmüsüz. Bu müsabiqəyə necə hazırlaşdız? Ümumi proses barədə bir az danışardız ...
-Olimpiadaya xarici ədəbiyyatlar vasitəsi ilə hazırlaşmışam.Bu proses müddətində ingiliscə bilməyim mənə xeyli kömək oldu. Keçən il Azərbaycanın biologiya fənni üzrə ən yaxşı 4 şagirdindən biri seçildim. Yaponiyanın təşkilatçı olduğu 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş medal qazandım. 50-ə yaxın ölkənin iştirak etdiyi yarışda Azərbaycanı təmsil etdim. Keçən il gümüş medal qazandığım üçün artıq bu il daha hazırlıqlı idim. Sevinirəm ki, ölkəni beynəlxalq səviyyədə təmsil etmişəm.
Bununla yanaşı 2021ci ildə Respublika Fənn Olimpiadasından qızıl medal qazandım və “Birincilərin birincisi” nominasiyasının qalibi oldum.
-Azərbaycan və Türkiyənin nüfuzlu universitetlərindən qəbul təklifi aldğınız bildirilib. Maraqlıdır, bu siyahıda hansı ali təhsil müəssisələri var?
-Türkiyədə heç bir nüfuzlu ali təhsil müəssisəsinə qəbul almamışam. Amerika Universitetlərindən fərqli olaraq Türkiyə Universitetləri şagirdin imtahanlardan kənar akademik nailiyyətlərini qəbul prosesində dəyərləndirmir. Türkiyədə Acıbadem kimi özəl universitetlərdə təhsil almaq şansım var. Ancaq oranın da illik ödənişi 20 min dollardır. Bu səbəblə oranı seçməyi düşünmürəm. Azərbaycanda isə Nazirlər Kabinetinin qərarına əsasən, istənilən fakültədə təhsil ala bilərəm. Lakin mən Azərbaycanda təhsilimi davam etdirməyi planlaşdırmıram.
-Təhsilinizi harada davam etdirməyi düşünürsüz və seçiminizin səbəbi nədir?
-Mən Flex təqaüd proqramının qalibi olmuşam. Beləcə bir il ABŞ-da təhsilimi davam etdirməyi düşünürəm. Əgər ABŞ-a yola düşməmişdən əvvəl Türkiyə universitetlərindən qəbul gələrsə, akademik məzuniyyət alıb yola düşməyi planlaşdırıram.
-Maraqlıdır,uğurlu təhsil yoluna malik istedadlı bir məzun olaraq gələcək üçün nə kimi planlarınız var?
-Həkim olmaq istəyirəm. Bu arzumun reallaşması üçün Türkiyə universitetlərindən tam təqaüd almalıyam. Əks halda KAİST kimi daha prestijli universitetlərdə biotibb fakültəsini oxumaq məcburiyyətində qalacam.Türkiyədən qəbul almasam, bura müraciət edəcəyəm.
-Son olaraq, təhsilində uğurlara imza atan biri kimi digər təhsilalanlara nə kimi tövsiyələriniz olar?
-Digər təhsilalanlara məsləhətim budur ki, təhsillərini ölkə xaricində davam etdirsinlər.
Qeyd edək ki, Ranal, 2019-cı ildə 9-cu sinifdə oxuyarkən Fənn Olimpiadalarının Respublika turunda Biologiya fənni üzrə 3-cü yerə laiq görülüb və bürünc medal qazanıb.
Məzunumuza uğurlar arzu edirik!