Bu il məktəblilərimiz dünya fənn olimpiadalarında beynəlxalq uğurlara imza atdılar.
Xüsusi ilə Dünya Biologiya Olimpiadasında iki məzunumuz qızıl medalı ölkəmizə gətirdi.Onlardan biri də Mətin Muradlıdır.
Mətin Muradlı iki il ardıcıl olaraq Dünya Biologiya Olimpiadasında qızıl medala layiq görülüb. Orta məktəbdən bu il məzun olan Mətin, dünyanın bir sıra universitetlərindən təqaüdlə qəbul təklifləri alıb.
AzEdu.az ölkəmizi layiqincə təmsil edərək, uğurlara imza atan bu istedadlı gənclə olan müsahibəni təqdim edir.
Əvvəlcə onu öz dilindən tanıyaq...
Mən, Muradlı Mətin Mahal oğlu, 6 noyabr 2003-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. 2010-cu ildə Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 saylı tam orta məktədə birinci sinifə başladım və bu il həmin məktəbdən məzun oldum.
Məktəbi yeni bitirmisiz. Bir az orta təhsil müəddətinizdən danışardız. Dərslərə hazırlığınız necə idi? Nə kimi aktivliklər göstərmisiz?
-Əslində, orta məktəbdə oxuyarkən yaşıdlarımdan fərqlənirdim,müxtəlif imtahanlara qatılırdım. Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, 2018-ci ildə orta məktəb biologiya müəlliməm Nəzakət İmaməliyeva məni aşağı yaş qrupu üzrə seçmə imtahanına göndərdi. Doğrudur, imtahan haqqında çox da məlumatım olmasa da yaxşı nəticə ilə keçmişdim və bunu gözləmirdim. İmtahanda uğur qazandıqdan sonra Təhsil Nazirliyi tərəfindən aşağı yaş qrupu hazırlıq dərslərinə dəvət olunduq. Bir il müddətində bu dərslərdə iştirak etdik. Sonda VIII sinif olmağıma baxmayaraq IX siniflərlə birlikdə Respublika Fənn Olimpiadalarına qatılıb gümüş mükafat əldə etmişdim. Növbəti il IX sinifdən etibarən artıq yuxarı yaş qrupu dərslərinə başladıq. Həmin ilin sonunda müxtəlif seçmə imtahanlarından keçərək beynəlxalq olimpiada heyətinə seçildim və 2019-cu ildə ölkəmizi Macarıstanda təmsil etdim. Həmin il 30-cu beynəlxalq Biologiya Olimpiadası Macarıstanın Seqed şəhərində keçirildi. Bu olimpiadada 4-cü yer həvəsləndiri mükafat qazanmışdım və eyni zamanda ən gənc mükafatçı adına da layiq görülmüşdüm. Belə ki, həmin il mən IX sinif idim,ancaq Beynəlxalq Olimpiadadakı rəqiblərim əsasən 18-19 yaş ortalamasında XI, XII və hətta XIII sinif şagirdləri idilər. Ancaq iştirak etdiyimiz zaman mənim və birgə qatıldığım komanda yoldaşım Asiman Ziyəddinovun cəmi 15 yaşımız var idi. Eyni il Respublika Fənn Olimpiadalarında “Birincilər birincisi” nominasiyasını qazanmışdım. Növbəti illərdə də eyni prosedura davam etdim və Beynəlxalq Biologiya Olimpiadasında qızıl mükafat,Respublika Fənn Olimpiadasından isə gümüş mükafata qazandım.Bu il isə hər iki olimpiadadan qızıl mükafatla başa vurdum. Amma olimpiadalardan əlavə tədris müddətində Sumqayıt şəhərində “Sağlam düşüncə” gənclər təşkilatının üzvü idim. Təşkilat tərəfindən həyata keçirilən, əsasən ekologiya ilə bağlı olan müxtəlif seminarlara,dərslərə, workshop’lara qatılırdım. Necə deyərlər zamanımı əyləncəli formada belə dəyərləndirirdim.
Dünya Biologiya Olimpiadasında ardıcıl 2 dəfə qalib olmusuz. Bu müsabiqəyə necə hazırlaşdız? Birinci və ikinci qalibiyyətiniz haqqında bir az məlumat verərdiniz...
-Olimpiadalara hazırlıq prosesi əslində kifayət qədər çətindir. Əvvəl də vurğuladığım kimi mən, əslində dördüncülükdən birinciliyə yüksəldim. Normalda ikincilikdən üçüncülüyə belə yüksəlmək çox çətin bir proses olduğu halda biz çox qısa bir müddətdə bu böyük fərqi yaratmağı bacardıq. Bunu necə bacardıq? Əslində bizim olimpiadanın mövzu ehtivası ali təhsil müəssisələrində istifadə olunan materiallarla eynidir,hətta bir az daha çətindir. Bizim olimpiada iki strukturlu imtahandan ibarətdir. Bunlardan birinici təcrübə, digəri isə nəzəriyyə imtahanıdır. Ənənəvi formatda 4 təcrübə, 2 nəzəriyyə imtahanı təşkil edilirdi. Təcrübə imtahanları xüsusi ilə çətin olur. Çünki xüsusi təchizatlı laboratoriyalarda bizdən elmi araşdırmalara aparmaq tələb olunurdu. Əslində, Azərbaycanın da indiyə kimi aşağı dərəcəli mükafatlar alması yaxud ümumiyyətlə almamasının də əsas səbəblərindən biri bu idi. Çünki biz təcrübə imtahanlarına necə hazırlaşacağımızı bilmirdik. Hansı ki, təcrübə imtahanlarına hazırlaşmaq üçün 2019-cu ildə İran İslam Respublikasına səfərimiz oldu və bu boşluğu aradan qaldırdıq. Təcrübə imtahanında olan boşluğumuzu ciddi şəkildə doldurduqdan sonra nəzəriyyə imtahanında da özümüzü kifayət qədər təkmilləşdirdik. Onu da qeyd etmək istəyirəm ki, 2020-ci ilin əvvəlində biz olimpiadaya Türkiyə milli komandası ilə hazırlaşırdıq və bu da bizim xüsusi ilə nəzəri göstəricilərimizi artırmağımıza ciddi kömək olmuşdu.
Mətin, 2020-ci ilin pandemiya ilə üst-üstə düçməsinin onlara üstünlük gətirdiyini bildirib:
-Ən vacib iki problemi həll etdikdən sonra biz gördük ki, potensialımız gözlədiyimizdən daha yüksəkdir. 2020-ci ilin xüsusilə pandemiya ilə üst-üstə düşməsi bizə nisbətən üstünlük gətirdi. Biz artıq ölkə sərhədlərini tərk etmədən xarici əməkdaşlarla çalışa bilirdik və dərslərə qatılmaq üçün hər hansısa bir məsafə qət etməyimiz tələb olunmurdu. Beləcə biz yolda itirəcəyimiz vaxtı daha çox çalışmağa sərf edirdik, daha çox çalışdığımız üçün göstəricilərimiz günü-gündən daha yaxşı olurdu. Bir neçə ildə topladığımız təcrübə və bilikləri bu il çox yaxşı bir variantda tətbiq edə bildik. Bu tətbiqin nəticəsi olaraq artıq iki ildir ki, mən qızıl mükafat qazanıram. Burada sadəcə çalışmaq və oxumaqla yanaşı təcrübələrə yiyələnməklə yanaşı və bu təcrübələri necə istifadə edəcəyimizi bilmək də əhəmiyyətlidir. Buna görə də mən yoldaşlarımdan bir az daha ön planda idim,artıq 3-cü il idir ki, qatılırdım. Normalda beynəlxalq olimpiadalara iki dəfə qatılmaq limiti var. Ancaq pandemiya səbəbi ilə olimpiadalar onlayn təşkil edildiyi üçün mən üçüncü dəfə iştirak edə bildim və bu fərqli bir hadisə idi.Üçüncü il qatılmağım bilavasitə digərlərindən daha təcrübəli olmağım mənasına gəlirdi və bu təcrübəmi doğru dəyərləndirdim deyə düşünürəm.
Bir çox dünya universitetlərindən qəbul təklifi almısız. Maraqlıdır, bu siyahıda hansı ali təhsil müəssisələri var?
-Müəyyən müəssisələrdən qəbul təklifləri və xüsusi təqaüd imkanları əldə etdim. Xüsusi ilə. Türkiyənin Bilkənt, Koç,Sabancı, Cənubi Koreyadan KAİST,Sinqapurdan Nanyanq Texniki Universitetindən qəbul imkanları qazandım. Təssüflər olsun ki, Massaçusets Texnologiya İnstitutunnu (MIT) qazana bilmədim, amma müsahibə mərhələsinə kimi getmişdim.
Təhsilinizi harada davam etdirməyi düşünürsüz və seçiminizin səbəbi hansı meyarlardır?
-Təhsilimi Cənubi Koreyanın KAİST universitetində davam etdirməyi düşünürəm. İstənilən uzaq şərq ölkəsi nizam-intizamı ilə seçilir. Düşünürəm ki, bu ölkələrdə, xüsusi ilə də Koreyada təhsilimi davam etdirməyim nəticəsində həm çox yaxşı inkişaf edə, həm də göstəricilərimizi gözlənilməz dərəcəyə kimi artıra bilərəm.
Təhsil yolunda uğurlara imza atan biri olaraq digər təhsilalanlara nə kimi tövsiyələriniz olar?
-Digərlərinə tövsiyəm o olar ki, bilsinlər ki, hər şey mümkündür. Yəni insan istədiyi hər şeyi edə bilər. Düzdür, bu artıq şablon halına gəlib amma çox doğru bir ifadədir. Sadəcə olaraq bunu bilmək kifayət etmir, tətbiq etmək lazımdır. Məsələn, Azərbaycanın qısa müddət ərzində qızıl mükafat alması gözlənilmirdi. Çünki bizim infrastrukturumuz hələ ki, qızıl mükafat almağa əl vermirdi, çox sayda boşluqlarımız vardı. Amma biz heyət olaraq, müəllimlər, şagirdlər, ümumilikdə prosesdə əməyi keçən hər kəs bu ehtimalın mümkünsüz olmadığını da bilirdi və biz bu ehtimalı dəyərləndirdik. Gənclərə də bunu demək istəyirəm ki, hən hansısa bir prosesdə inamları, ümüdləri yoxdursa, ümumiyyətlə fəaliyyətə başlamasınlar. Yox, əgər az da olsa bir ümüd varsa o zaman bacardıqlarının ən yaxşısını yüksək səviyyədə etsələr o zaman istədiklərinə nail olacaq, hər şeyi mümkün edə biləcəklər. Sadəcə olaraq ciddi riskə getmək lazımdır.Risk nə qədər böyükdürsə, mükafat da bir o qədər çox olur. Risk və dataları əldə edib, diqqətli şəkildə düşünüb bu prosesə başlasalar, o zaman gözlənilməz nəticə əldə etmək mümkündür.
Mətin qeyd edib ki, hər uğursuzluq gələcək uğura bir stimuldur:
-Hər hansı bir uğursuzluq halı olarsa qətiyyən ruhdan düşmək halının sözü belə getməməlidir. Çünki uğursuzluqlar da gələcəkdə qazanacağımız uğurların göstəricidir. Məsələn, bizim indiyə kimi sistemimizdə müəyyən boşluqlar vardı. Hər il olimpiadalardan sonra müəllimlər şagirdlərlə iclaslar, görüşlər təşkil edib,uşaqların nəyə görə yaxşı göstəricilər əldə edə bilməməsini soruşur və analiz edirdilər.Hər dəfə müəyyən mülahizələr irəli sürülürdü. Məsələn, sual təcrübəmiz yox idi, təcrübə imtahanında boşluqıar vardı və.s kimi. Bizə kimi gələn, nəticə göstərməyən şagirdlərin verdiyi təkiliflərlə biz öz sistemimizi təkmilləşdirmişdik. Əslində, elə bizim qızıl mükafat qazanmağımızda onların rolu böyükdür. Arxaya baxanda uğursuzluqlarından əsla kədərlənməsinlər. Mənim 2020-ci ildə Respublika Olimpiadasında qazandığım gümüş medal, amma bu medal mənim dünya olimpiadasında qızıl medal qazanmağıma ciddi bir stimul olmuşdu.
O son olaraq- “Gələcək planım isə, biotexnologiya sahəsində araşdırmaçı elm adamı olmaqdır”- deyə qeyd edib.