Təhsil hər bir cəmiyyətin inkişafının təməl sütunlarından biri olmaqla yanaşı, həm də iqtisadi tərəqqinin mühüm hərəkətverici qüvvəsi kimi çıxış edir. Qloballaşan və rəqabətin sürətlə artdığı dünyada insan kapitalının gücləndirilməsi ölkələrin iqtisadi dayanıqlığını və inkişaf potensialını müəyyən edən əsas amillərdən sayılır.
Təhsilin keyfiyyəti və əhatə dairəsi yüksəldikcə, cəmiyyətin ümumi məhsuldarlığı artır, innovasiya potensialı güclənir, əmək bazarında ixtisaslı kadrların payı genişlənir.
Azərbaycanda da son illərdə təhsil sahəsinə yönəlik islahatlar, infrastruktur yatırımları, rəqəmsallaşma təşəbbüsləri bu sahənin iqtisadi artıma təsirini artırmaq məqsədi daşıyır. Lakin bu prosesin real təsirləri və davamlılıq perspektivləri hələ də geniş təhlil və müzakirəyə ehtiyac duyur.
Mövzu ilə bağlı AzEdu.az-a iqtisadçı Günay Hüseynova geniş müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Təhsil səviyyəsinin artması bir ölkənin iqtisadi inkişafına hansı konkret mexanizmlərlə təsir edir?
- Dünya praktikasında təhsil səviyyəsinin yüksəlməsi ölkə üçün peşəkar kadrların formalaşması, istehsalın və texnologiyanın inkişafı deməkdir. Lakin Azərbaycanda bu proses bir qədər fərqli şəkildə cərəyan edir. Təhsil səviyyəsinin artması çox vaxt əlavə imtahanlar, müxtəlif sistemlər və mürəkkəb prosedurlarla çətinləşdirilir.
Nəticədə, bu mərhələləri uğurla keçən şəxslər belə, əməklərinin real bəhrəsini görməkdə çətinlik çəkirlər. Bu isə ölkədə beyin axınının yaranmasına səbəb olur. Xüsusilə də ali təhsilli vətəndaşlar xaricə üz tuturlar.
Təəssüf ki, bizdə təhsil səviyyəsinin yüksəlməsi hələ arzu olunan nəticəni vermir. Bunun əsas səbəblərindən biri sistemin məzmun deyil, formallıq üzərindən qurulmasıdır. Yəni təhsil səviyyəsi artır, lakin bu artım iqtisadi və sosial səmərə ilə müşayiət olunmur.
- Azərbaycan gəncləri niyə aldıqları təhsili real iqtisadi dəyərə, yəni kapitala çevirə bilmirlər və bu problemin aradan qaldırılması üçün təhsil və əmək bazarı arasında hansı əlaqə qurulmalıdır?
- Hər bir ali təhsilli, peşə və ya kollec məzunu əldə etdiyi təhsili kapitalla, yəni real gəlir və ya iqtisadi dəyərə çevirə bilmir. Bunun bir sıra səbəbləri mövcuddur. Tələbələr ixtisas seçərkən əvvəlcədən düşünməlidirlər: bu sahəyə ölkədə tələbat varmı? Bu ixtisası bitirdikdən sonra iqtisadi inkişafda iştirak edə, təhsilini kapitallaşdıra biləcəklərmi?
Hazırda müəllimlik ixtisasını müəyyən mənada kapitalla çevrilmiş sahə kimi göstərmək olar. Lakin bir çox istiqamətlər var ki, həmin sahələri seçən tələbələrin öz ixtisası barədə kifayət qədər anlayışı olmur. Bu da nəticədə onların əmək bazarına uyğunlaşmasını çətinləşdirir.
Ümumilikdə, bu məsələdə həm təhsil sisteminin yönləndirmə mexanizmləri, həm də abituriyentlərin fərdi seçim mədəniyyəti zəif inkişaf edib.
- İxtisaslı kadrların hazırlanması ilə əmək bazarının real tələbləri arasında balans varmı?
- Qeyri-neft sektorunun inkişafı ölkəmiz üçün hər zaman prioritet istiqamət olub. Neft gəlirlərinin bir hissəsi bu sahələrin inkişafına yönəldilib, müxtəlif layihələr və təlim proqramları vasitəsilə ixtisaslı kadrların hazırlanması üçün addımlar atılıb.
Lakin əmək bazarının real tələbləri ilə mövcud ixtisas hazırlığı arasında hələ də balans tam şəkildə qorunmur. Təhsil və məşğulluq arasında tələb-təklif uyğunluğu zəif olduğundan, bəzi sahələrdə kadr çatışmazlığı, digərlərində isə artıq ixtisaslı mütəxəssislər problemi yaranır.
- Ali təhsil almağa qərar verən gənclər hansı əsas sualları özlərinə verməlidirlər?
- Bu şəxs özü bilməlidir ki, o öz təhsilini kapitala çevirə biləcəkmi? Nümunə olaraq belə deyim ki, məsələn, bir təhsil müəssisəsində təhsil haqqı ən aşağı 1500-1700-1800 manat civarındadır. 4 il tələbənin təhsil haqqını hesabladıqda və üstəlik onun xərcləri,təhsil alması üçün tələb olunan digər maddi vəsaitləri də nəzərə alsaq minimum 15-20 min manat civarında olar.
İlk növbədə tələbə özü və valideyni düşünməlidir ki, “mən bunu kapitala çevirə biləcəm?” Azərbaycanda bu sahəyə ehtiyac varmı? Hər kəs özünü və övladını tanıyır. Ona görə də bunu konkret demək olmaz ki, Azərbaycanda təhsilin iqtisadi geridönüşü olur və ya olmur.
- Regionlarda təhsilin inkişafı həmin bölgələrin iqtisadi göstəricilərinə hansı formada təsir göstərir?
- Regionlarda təhsilin inkişafı heç də paytaxt Bakıdan geri qalmır. Region məktəbləri var ki, şagirdləri yüksək balla ali məktəblərə qəbul olub. Lakin bir məqamı da nəzərə çatdırmaq istəyirəm ki, region şagirdlərinin əksəriyyətində belə bir düşüncə var ki, “yetər ki, mən oxuyum, təhsil alım və universitet yolu ilə Bakıya gedə bilim”.
Çünki çoxlarının elə bir şəraiti, mühiti olmur. Onlar regionlardakı işsizliyi, çətinlikləri görüb fikirləşirlər ki, elə təhsil yolu ilə Bakıya üz tutmaq daha yaxşıdır. Əslində regionda alınan təhsil həmin bölgənin iqtisadi göstəricilərinə müsbət təsir göstərmir.
- Ali təhsilli gənclərin işsizlik səviyyəsi yüksəkdirsə, bu, təhsilin iqtisadi səmərəliliyinə mənfi təsir göstərirmi?
- Əlbəttə mənfi təsir göstərir. Çünki ali təhsilli gənclərin sayı ildən-ilə artır. Hər bir şagirdin təhsil almaq arzusu var. Amma bu elə olmalıdır ki, onlar üçün də iş mühiti uyğun olsun. Hər kəs özündəki potensialı bilir. Əgər sən universiteti bitirib sadəcə diplom parçası əldə etmək üçün gedəcəksənsə heç ali təhsili alması məqsədə uyğun deyil. Ondansa hər hansısa bir peşəyə yönəlməsi, əmək fəaliyyətini öyrənməsi onun daha iqtisadi səmərəlilik təşkil edər nəinki ali təhsil almaq.
- Azərbaycanda təhsil sahəsinə qoyulan dövlət investisiyaları iqtisadi artım baxımından yetərlidirmi?
- Təhsil sahəsinə investisiyalar qoyulur, lakin geridönüşləri nə qədərdir? Dövlət Proqramı üzrə gənclər xaricdə təhsil alırlar. Həmin proqramdan faydalanıb neçə nəfər ölkəmizə geri qayıdıb? Neçəsi ölkə üçün iqtisadi səmərə təşkil edən fəaliyyət göstərib? Yəni bunlara da diqqət etmək lazımdır.
Təbii ki, bunun üçün mühit, şərait yaradılır. Ali məktəblər müasir standartlara cavab verir. Lakin bir məsələni unutmamalıyıq ki, bunun sonuna da baxmaq lazımdır. Müəssisə, zavodlara baxmaq lazımdır. Neçəsinin magistr, və ya doktorant dərəcəsi var?
Həmin şəxslərin təcrübəsinə baxmaq lazımdır. Hansı beynəlxalq təcrübəni ölkəmizin sənayesində, istehsalatında tətbiq ediblər? Bir sözlə, bu kimi məsələlərə də diqqət yetirmək lazımdır.
- Özəl sektorun təhsil sistemində rolu iqtisadi baxımdan necə dəyərləndirilə bilər?
- Bildirmək istərdim ki, özəl təhsilə qarşı deyiləm. Lakin düşünürəm ki, özəl təhsilə əsasən az bal toplayan abituriyentlər ixtisas seçimi zamanı ilk sıralarda dövlət, daha sonra isə özəl ali məktəbləri seçirlər.Yəni ən sonuncu variant kimi əksəriyyəti seçim edir.
Özəl sektorda çalışanlar haqqında da deyə bilmərik ki, özəl təhsil savad verir və ya yaxud vermir. Çünki bu tamamilə şəxsin özünə bağlı bir məsələdir. iqtisadi səmərə o zaman faydalı olar ki, həqiqətən də özəl universiteti bitirən bir şəxs hansısa yenilik etmiş olsun. Yaxud ölkəyə iqtisadi səmərə təşkil etsin.
- Təhsilin rəqəmsallaşdırılması və texnoloji tədris modellərinin tətbiqi iqtisadi inkişaf üçün yeni fürsətlər yaradırmı?
- Yeni rəqəmsallaşdırma yaxud texnoloji tədris modellərinin yaradılması tələbəyə təkcə bilik, savad vermir. Baxmaq lazımdır ki, tələbənin həqiqətəndə biliyi varmı? Tələbənin dünyagörüşü varmı? Bu standart kitab cümlələri, əzbərlə heç nə olmur. Düşünürəm ki, biz əgər yenilik etmək istəyiriksə, tələbənin təhsil aldığı ixtisasına baxmaq lazımdır. Bu ixtisasda hansı ölkə ixtisaslaşıb? Məsələn, texnoloji avadanlıqlar Sinqapur, Malaziyada formalaşır. O zaman tələbəni 1 semestr xarici universitetə yollamaq lazımdır. İxtisasa baxmaqla həmin tələbənin müəyyən bir müddət üçün hansı ölkəyə göndərmək lazım olduğunu bilməliyik.
Bütün bunları praktiki etmək lazımdır. Rəqəmsallaşdırma ilə deyil. Bundan əlavə düşünürəm ki, beyni yükləmək təhsilin modernləşdirilməsi demək deyil. Təhsili daha da çətinləşdirmək, tələbəni daha da bezdirmək, universitetdən soyutmaq, lazımlı-lazımsız yazılar yazdırmaq və s etmək doğru deyil.
Bəzi universitetlərdə sərbəst iş, kurs işi və s. lazım olan və ya olmayan yazılar yazdırılır. Ondan bir müddət sonra bütün kağızlar zibil qutusuna atılır. Modernləşdirilmə budurmu? Təhsilin iqtisadi səmərə təşkil etməsinin bir yanı da odur ki, dünya təcrübəsindən yararlanaraq biz bunu ölkəmizdə tətbiq etməliyik.
- Azərbaycanda təhsilin iqtisadi inkişafa təsirini daha da gücləndirmək üçün hansı addımlar atılmalıdır?
- Təhsilin iqtisadi inkişafına nail olmaq üçün ilk növbədə çətinləşdirilmiş şəraitdən qurtulmaq lazımdır. Ölkəyə xarici mütəxəssisləri cəlb etmək lazımdır. Hansı ki azərbaycanlı tələbələr üçün real praktika yaradılsın.
Bundan başqa lazımsız fənləri aradan qaldırmaq vacibdir. Orta məktəb deyil ki, bütün fənlər keçirilsin. Universitetlər hazırda orta məktəb səviyyəsindədir. Ona görə də sırf mühit, şərait yaradılmalıdır. Boş-boş, lazımsız kağızlar aradan qaldırılıb, tamamilə praktiki yönə üstünlük verilməlidir.
Universitet şəxsə bilik, bacarıq verməlidir. Hazırkı vəziyyətdə tələbələrin əksəriyyəti ali məktəbi bitirib, amma ixtisası ilə bağlı heç bir məlumatı yoxdur. Sadəcə əzbərə cümlələrlə imtahandan keçiblər. Buna görə də düşünürəm ki, təhsil iqtisadi səmərə təşkil etməsi üçün bu istiqamətdə dəyişməlidir. Bundan əlavə bir sıra ixtisaslar aradan qaldırılmalıdır. Əgər Azərbaycanda o ixtisas istifadə olunmursa valideynin büdcəsinin də boşu-boşuna zərərə uğramasına ehtiyac yoxdur.