Azedu.az

Növbəti ilin imtahan proqnozu: keçid balları artacaq, azalacaq, yoxsa stabil qalacaq? - MÜSAHİBƏ

Müsahibə və reportajlar

14 Oktyabr 2025, 09:33
Növbəti ilin imtahan proqnozu: keçid balları artacaq, azalacaq, yoxsa stabil qalacaq? - MÜSAHİBƏ

2025-ci il ali məktəblərə qəbul imtahanlarının nəticələri bir sıra maraqlı tendensiyaları üzə çıxarıb. Əksər abituriyentlərin yüksək nəticə göstərməsi, xüsusilə 600 və daha çox bal toplayanların sayının artması bəzi ixtisaslarda keçid ballarının kəskin yüksəlməsinə səbəb olub. Bu vəziyyət bir çox abituriyent üçün gözlənilməz çətinliklər yaradıb.

Hazırda valideynləri və gələcək abituriyentləri düşündürən əsas sual budur: bu tendensiya növbəti ildə də davam edəcəkmi? Keçid balları daha da yüksələcək, yoxsa sabitləşəcək? Təhsil mütəxəssisləri və analitiklər bu mövzu ətrafında müxtəlif proqnozlar irəli sürürlər.

Mövzu ilə bağlı STM əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri AzEdu.az-a geniş müsahibə verib.

169997

Müsahibəni təqdim edirik:

- Son illərdə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin sayının artması keçid ballarına da təsir edir. Bəs bu dəyişikliklərin arxasında hansı real amillər dayanır? Keçid ballarının növbəti ildə artıb-azalacağını əvvəlcədən elmi əsaslarla proqnozlaşdırmaq mümkündürmü?

Əvvəlcə onu vurğulamaq lazımdır ki, keçid ballarının qalxması hansısa ilə görə dəyişən bir amil deyil. Məsələn, 2025–2026-cı tədris ili üçün keçirilən qəbul imtahanlarında keçid ballarının yüksəlməsi növbəti il də eyni prosesin davam edəcəyi mənasına gəlmir. Qarşıdakı ildə bir çox ixtisaslarda ballar arta da bilər, azala da bilər, bəzilərində isə stabil qala bilər. Çünki keçid ballarını formalaşdıran və onların dəyişməsini müəyyən edən amil “növbəti il” deyil.

Keçid ballarını müəyyən edən bir neçə əsas meyar var. Birinci meyar: ali təhsil müəssisələrinə qəbul üçün qeydiyyatdan keçən abituriyentlərin ümumi sayıdır; İkinci meyar: həmin ümumi sayın ixtisas qrupları arasındakı nisbət göstəricisidir; Üçüncü meyar: buraxılış imtahanlarının ümumi nəticələridir; Dördüncü meyar: blok imtahan göstəriciləridir; Beşinci meyar: ixtisas seçiminə müraciət edəcək abituriyentlərin ümumi sayı və qruplar üzrə bölgüsüdür; Altıncı meyar isə bütün ixtisaslar üzrə ayrılan plan yerləridir.

Təsəvvür edin, növbəti ildə keçid ballarının artması və ya azalması barədə proqnoz vermək üçün bu altı meyarın ən azı üçü barədə dəqiq statistik məlumata malik olmalıyıq. Amma bu məlumatlar hazırda yoxdur və nəzəri baxımdan da mümkün deyil. Çünki 2025-2026-cı tədris ili hələ indi başlayıb, növbəti tədris ili ilə bağlı ümumi statistikanı isə yalnız mart–aprel aylarından sonra demək mümkündür.

Odur ki, indidən bu istiqamətdə təhsil mütəxəssisləri, yaxud ekspertlərinin hər hansı proqnozunu qətiyyən ciddi hesab etmək olmaz. Sadəcə bu meyarlardan heç biri məlum olmadan danışmaq təcrübəsizlik və qeyri-peşəkarlıq kimi görünər. Əks halda, dediklərimiz real faktlara yox, “il ildən çətin gəlir” kimi mücərrəd bir düşüncəyə əsaslanacaq.

Bu səbəbdən, keçid balları ilə bağlı dəqiq və dolğun proqnozlar üçün bir qədər gözləmək, dataların formalaşmasını və analizini gözləmək lazımdır.

- Bu il qəbul imtahanlarında abituriyentlərin yüksək nəticələr əldə etməsinin arxasında hansı əsas səbəblər dayanır?

- Az öncə qeyd etdiyim kimi, hazırda lazımi 6 meyar barədə dəqiq məlumatımız olmadığı üçün keçid balları haqqında danışmaq düzgün deyil. Eyni qaydada, abituriyentlərin nəticələri və imtahan göstəriciləri barədə də dolğun fikir söyləmək mümkün deyil. Lakin müəyyən proqnozları iki əsas faktora əsaslanaraq vermək olar.

Birinci faktor buraxılış imtahanlarının son iki ildəki kimi nisbətən asan tərtib olunmasıdır. Məhz bu səbəbdən 2024-cü ildə 51, 2025-ci ildə isə 53 şagird maksimum 300 bal toplaya bilib. Bu, o deməkdir ki, buraxılış imtahanlarında digər bal aralıqlarında (250-300, 200-250 və s.) nəticələr də artan xətt üzrə dəyişib. Doğrudur, sonradan blok imtahanlarının kifayət qədər çətin olması ixtisas seçimi mərhələsində müəyyən tarazlıq yaradıb, lakin yenə də buraxılış imtahanlarının təsiri ilə yüksək bal toplayanların sayı xeyli artıb.

İkinci faktor isə şagirdlərin ildən-ilə yeni imtahan modelinə daha çox uyğunlaşması ilə bağlıdır. Abituriyentlər həm yeni qəbul modelinin tələblərinə, həm də bu model əsasında hazırlanan sualların məzmun və formasına il keçdikcə daha yaxşı bələd olurlar. Bu, tamamilə təbii prosesdir, çünki hər il bu tipli tapşırıqlar üzərində vərdiş və təcrübə formalaşır, situasiya xarakterli suallara yanaşma bacarığı güclənir.

Bütün bunları nəzərə alsaq, demək olar ki, qarşıdakı ildə də abituriyentlər əvvəlki illərlə müqayisədə daha yüksək nəticələr göstərə bilərlər.

-Keçid ballarının yüksəlməsi sizcə daha çox rəqabətin artması ilə, yoxsa ixtisas seçimlərinin meyilləri ilə bağlıdır?

- “Artan keçid balları” anlayışı özlüyündə qəbul prosesində rəqabətin gücləndiyini ifadə edir. Yəni, qəbul imtahanlarının artan rəqabət gücü birbaşa olaraq yüksələn keçid ballarında özünü göstərir. Bu rəqabət isə təsadüfi yaranmır, məhz yuxarıda qeyd olunan 6 vacib meyarın formalaşması nəticəsində meydana çıxır. Odur ki, biz əvvəlcə gözləməliyik. 2026-cı ildə bu vacib “altılıq” necə dəyişəcək? Bir daha vurğulamaq istəyirəm ki, keçid balları fenomeni məhz bu meyarlardan asılıdır. Sizin sadaladığınız “ixtisas seçimləri” faktoru isə bu altılıq sistemində yalnız bir elementdir və rəqabətdə müəyyən paya malikdir.

- Abituriyentlər keçid ballarının dəyişkənliyini nəzərə alaraq ixtisas seçimini necə strateji şəkildə planlaşdırmalıdır?

- Abituriyentlər keçid ballarının dəyişən hər zaman dəyişən bir mexanizm olduğunu heç zaman unutmamalıdırlar. Doğrudur, biz onların hər birisindən az öncə dəfələrlə dediyimiz meyarların dəqiq statistikalarını tələb edə bilmərik. Amma Dövlət İmtahan Mərkəzi bu işi onlar üçün asanlaşdırır: ixtisas seçimindən bir həftə qabaq hər qrup üzrə məlumat kitabçaları buraxır. Oradakı statistik gösətəricilər, həmçinin,  o kitabçalarla eyni vaxtda çapdan çıxan “Abituriyent” jurnalının ixtisaslar üzrə plan yerlərinin əksi olan 4-cü sayı, eləcə də,  ötənilki keçid ballarını göstərən 2-ci nömrəsi bu planlamada əsas yardımçı olmalıdır.

Abituriyent ixtisas seçimi zamanı xüsusi olaraq 4 amilə diqqət yetirməlidir. Birinci amil - imtahan verdiyi ixtisas qrupu üzrə ümumi statistika; yəni bal aralıqları arasındakı ümumi vəziyyətin necə olmasıdır. İkinci amil - onun topladığı balın aid olduğu “aralıq qrupu”ndakı göstəricilər; məsələn, II ixtisas qrupu üzrə 490 bal toplamış abituriyent 450-500 bal aralığında yer alır. Üçüncü amil - seçmək istədiyi ixtisasın builki plan yeridir. Dördüncü amil isə həmin ixtisasın ötənilki keçid balıdır. Təəssüf ki, praktikada seçim zamanı adətən yalnız sonuncu amil - ixtisasın ötənilki keçid balı nəzərə alınır ki, bu yanaşma kökündən yanlışdır.

- Bəzi ixtisaslarda keçid balının sürətlə artmasının səbəbi sizcə nədir?

- Bunun çox sadə və konkret cavabı var: həmin ixtisasa olan tələb-təklif mexanizmi. Həyatda da elədir, marketinqdə də, nəyə tələbat artırsa, onun dəyəri daha da qalxır. Eyni prinsip ixtisas seçimlərində də elədir. Məsələn, BDU-nun Hüquq fakültəsini ixtisas seçimi zamanı şərti olaraq deyək, 8 min abituriyent yox, 800 abituriyent seçsə, bu həmin ixtisasla bağlı rəqabətliliyi 10 dəfə azaldar və onun keçid balının qalxmasının qarşısını almış olar. Çünki bir ixtisasın keçid balını həm də ixtisas seçimi zamanı ona olan abituriyent marağı həll edir.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox