Azedu.az

Prezidentlə görüşən balaca Nilay: “Gələcəkdə həkim olacam”

Müsahibə və reportajlar

29 Sentyabr 2025, 11:47
Prezidentlə görüşən balaca Nilay: “Gələcəkdə həkim olacam”

Prezident İlham Əliyev sentyabrın 27- Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Həmçinin dünən Gəncə şəhər stadionunda baş tutan III MDB Oyunlarının açılış mərasimində Nilay da iştirak edib.

Həmin görüşdə Nilayın Prezidentlə səmimi fotoları sosial şəbəkə hesablarında pozitiv qarşılanıb.

AzEdu.az Prezidenti ilk dəfə görən Nilayla əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Müsahibəni təqdim edirik

- Salam, Nilay. Necəsən?

-Yaxşıyam, siz necəsiniz?

- Təşəkkür edirəm. Nilay, ötən gün Prezident İlham Əliyevlə görüşdün. İstərdim həmin görüşlə bağlı təəssüratlarını öyrənim.

- Özümü çox yaxşı hiss etdim. Prezidentin qarşısında dayandığım üçün qürur duydum və çox sevindim.

- Prezidentə sualın var idimi?

- Xeyr.

- Bəs, Prezident səndən nəsə soruşdu?

- Bəli, mənə dedi: “Neçə yaşın var? Neçənci sinifdə oxuyursan? Harada yaşayırsan? Dərslərini necə oxuyursan?” Mən də dedim ki, 6 yaşım var, 2-ci sinifdə oxuyuram və dərslərimi yaxşı oxuyuram.

- Qeyd etdin ki, dərslərini yaxşı oxuyursan. Ən çox hansı fənni sevirsən?

- Ən çox ingilis dili fənnini sevirəm və yaxşı oxuyuram.

- Böyüyəndə hansı peşəni seçmək istəyirsən?

168919

- Böyüyəndə həkim olmaq istəyirəm.

- Nə gözəl. Bəs nə həkimi olmaq istəyirsən?

- Mən ürək həkimi olmaq istəyirəm. Azərbayca Tibb Universitetində təhsil almaq istərəm.

- Sinif yoldaşlarınla münasibətin necədir? Onlar arasında ən çox hansı dostunla yaxınsan?

168927

- Sinif yoldaşlarımla münasibətim yaxşıdır. Onlar məni sevir və onlarla mehribanam. Emili, Əfşan, Nəzrin və Alsuyla daha yaxın dostam.

- Gəncə terroru hadisə ilə bağlı nələrsə xatırlayırsanmı?

- Evimizə bomba atdılar və evimiz dağıldı. Bir də atamla anamı xatırlayıram...(səsi titrəyir)

- Həmin gün yaralanmışdın?

- Bəli, başımdan yara almışdım.

- Dünən Gəncədə keçirilən III MDB yarışları necə keçdi? Sənin üçün maraqlı idi?

168924

- Bəli. Mehriban xanımın yanında əyləşmişdim. Biz üşüməyək deyə üstümüzü ədyalla örtdülər. həmin an mən yatmışdım.

168925

- Dərslərində sənə kim köməklik edir?

- Dərslərimdə mənə müəlliməm köməklik göstərir.

- Hazırda qaldığınız ev necədir? Məmnunsan?

- Bəli, rahatdır. Şəraiti yaxşıdır. Ona görə də bəyənirəm.

- Hobbi olaraq nələri xoşlayırsan?

- Rəsm çəkməyi, kitab oxumağı sevirəm.

- Nilay, heç Bakıya gəlmisən?

- Bəli.1 il Bakıda (Landau Shcool) oxumuşam.

Nənəsi Sevil xanım: Əslində , həmin məktəb 11 il Nilayı tam təhsillə təmin etməyi öz üzərinə götürmüşdü. Lakin səhhətimlə əlaqədar məcbur olub Gəncəyə qayıtdım.

- Həmin müddət ərzində Bakıda parklara gedirdinmi?

- Aha. Zooparka getmişəm. Orada ən çox ayıdan xoşum gəldi. Heç bir heyvandan qorxmadım.

- Maşallah ağıllı qızsan, sənə gələcək həyatında uğurlar arzulayıram.

- Çox sağ olun,minnətdaram.

Ana nənəsi Sevil Babazadə bildirib ki, görüş əvvəlcədən planlaşdırılmamışdı. “Mən heyrətə gəldim, çünki o, özünü sakit saxlayaraq həyəcanlanmadan təqdim etdi. Hətta ora çatmamış mənə deyirdi ki, Prezidentlə görüşəcək. Mən isə ona dedim ki, yox, biz kənardan izləyəcəyik. Amma o cavab verdi ki, yox, mən yaxından görüşəcəyəm".

YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu
Son xəbərlərDaha çox