Azedu.az

Vətən uğrunda vuruşdu, bu gün tələbədir: “Qələbə xəbərini eşidəndə inanmadım” - MÜSAHİBƏ

Müsahibə və reportajlar

27 Sentyabr 2025, 13:46
Vətən uğrunda vuruşdu, bu gün tələbədir: “Qələbə xəbərini eşidəndə inanmadım” - MÜSAHİBƏ

44 günlük Vətən müharibəsi xalqımızın yaddaşına qəhrəmanlıq, vətənpərvərlik və milli birlik nümunəsi kimi həkk olunub.

Bu mübarizənin ön cəbhəsində mərdliklə vuruşan igidlərimizdən biri də bu gün qarşımızda əyləşib. 

Vətənin müdafiəsində göstərdiyi qətiyyət və iradəni bu gün təhsil yolunda davam etdirir, elm və biliklə ölkəmizin gələcəyinə xidmət edir.

Söhbət Babək Həsənovdan gedir. O, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.

Babək Həsənov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistratura pilləsində II kurs üzrə təhsilini davam etdirir.

İndi isə gəlin onu daha yaxından tanıyaq.

Salam, Babək bəy, xoş gördük sizi. Oxucularımız üçün özünüzü təqdim etməyinizi istərdik. 

168802

- İlk növbədə sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən, Həsənov Babək Telman oğlu, 1986-cı ildə Tərtər rayonunda anadan olmuşam. İlk təhsilimi də doğma Tərtərdə almışam. Daha sonra, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilimi davam etdirmişəm.

Hərbi liseyi bitirdikdən sonra 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuşam. 2007-ci ildə hərbi məktəbi bitirdikdən sonra Azərbaycan Ordusunda müxtəlif bölmələrdə xidmət etmişəm.

Hazırda xidmətimi Təlim-Tədris Mərkəzində davam etdirirəm.

- Babək bəy, müharibədən sonra həyatınızda yeni bir mərhələ başladı. Təhsilinizi davam etdirmək qərarını necə verdiniz və bu yolda sizi ən çox nə motivasiya etdi?

- Müharibədə iştirak etdikdən sonra Cənab Prezidentin müharibə iştirakçılarına və şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya şəxsən şahid oldum. Prezidentin Fərmanı ilə müharibə iştirakçılarına ilkin təhsilin pulsuz olması məndə xüsusi bir hiss oyatdı. Ondan sonra təhsilimi davam etdirmək qərarına gəldim.

Çünki həyatda inkişaf etmək, xidmətdən sonra da hər hansı bir sahədə fəaliyyət göstərmək üçün bu fürsət mühüm rol oynadı.

- Magistraturaya hazırlaşmaq üçün xüsusi hazırlıq keçmisinizmi?

- Bəli, bunun üçün kurslara getmişdim. Birinci imtahanda 48 bal, ikinci imtahanda isə 52,5 bal topladım.

- Gələcəkdə doktorantura üzrə təhsil almağı düşünürsünüzmü?

- Sözün düzü, bu barədə hələ dəqiq qərarım yoxdur.

- İndi isə müharibə illərinə qayıdaq. Həmin günü necə xatırlayırsınız və müharibənin başlayacağı xəbərini ilk dəfə nə zaman aldınız?

168805

- 2020-ci ilin Tovuz döyüşlərindən və hörmətli general Polad Həşimovun şəhid olmasından sonra baş verənlər göstərdi ki, xalqımız və dövlətimiz müharibəyə həm mənəvi, həm də psixoloji baxımdan hazırdır. Yəni biz, dövlət və ordu olaraq daim buna hazırlıq görmüşdük, eyni zamanda xalqın səbr kasası da artıq dolmağa başlayırdı.

Bu hadisələr fonunda müharibənin olacağı ehtimalı mövcud idi. Düzdür, dəqiq zamanını heç kim əvvəlcədən bilmirdi. Müharibə başladıqda mən N saylı hərbi xidmətdə idim və ilk döyüşlərə birbaşa qoşulmamışdıq.

Lakin sonradan xəbərlər gəldi ki, digər qoşun birləşmələri düşmən təxribatının qarşısını almaq üçün əks-hücuma başlayıb. Cəbhədəki uğurlu əməliyyatlardan gələn xəbər və nəticələr hamıda böyük sevinclə qarşılandı. Çünki 30 il idi ki, hamımız bu günü gözləyirdik. İlk günlərin uğurları və əldə olunan xəbərlər vətəndaşların inamını daha da möhkəmləndirdi.

Hər kəs kimi biz də ən qısa zamanda döyüşlərə qoşulmaq istəyirdik.

Hansı döyüşlərdə iştirak etmisiniz?

- Füzuli rayonunda döyüşlər uzun çəkmişdi. Sentyabrın 27-dən oktyabrın 25-30-na qədər burada ağır döyüşlər getdi. Mənim döyüş yolum Füzuli rayonundan keçib və rayonun işğaldan azad edilməsində oktyabrın 10-14-də fəal iştirak etmişəm.

- Döyüş bölgəsində elə bir anınız varmı ki, bu gün belə o anı xatırlayanda sizi kövrəldir və ya həyəcanlandırır?

168807

- Əlbəttə var. (dərin köks ötürür) Döyüşə daxil olmamışdan əvvəl sağlam gördüyümüz yoldaşlarımızın şəhid olduğunu görmək, onların yaralı vəziyyətini unutmaq mümkün deyil.

Hətta bir hadisəni heç vaxt unutmaram…

Bir yaralı əsgərimiz var idi, ağır vəziyyətdəydi və ona ilkin tibbi yardım göstərdik. Hamı bilirdi ki, yaralılara su vermək olmaz, çünki bu, qan laxtalanmasını poza bilər. Lakin həmin yoldaş gözlərimə baxdı və dedi: “Əgər Allahın varsa, mənə su ver". (gözləri dolur)

- Bəs, həmin yoldaşın son arzusunu yerinə yetirə bildinizmi?

- Bəli. Çünki bilirdim ki, artıq son nəfəsini verir və sağ qalması mümkün deyil. Amma ən azından son arzusunu yerinə yetirdim ki, doyunca su içə bilsin. (susur)

Elə yanımda şəhid oldu…

- Döyüşlərin o çətin anlarında, yoldaşlarınızı itirərkən və ağır vəziyyətlərlə üzləşərkən özünüzü necə güclü saxlaya bilirdiniz? Bu vəziyyətdə ruhunuzu və iradənizi necə toparlayırdınız?

- Müharibə çox ağır prosesdir. Orada gözlərimizin önündə yoldaşlarımızı itirirdik, onların şəhid olması və yaralanması hər birimiz üçün böyük zərbə idi. Buna baxmayaraq, hər gün əldə etdiyimiz uğurlar, Vətən torpağını qarış-qarış düşməndən azad etməyimiz, bizə böyük motivasiya verirdi. Eyni zamanda şəhid olan yoldaşlarımızın intiqamını almaq hissi də bizi döyüşdən-döyüşə daşıyan əsas stimul idi. Bu həm mənəvi güc verirdi, həm də psixoloji olaraq irəliyə aparırdı.

- Bəs, heç olubmu ki, müharibə bitəndən sonra yuxularınıza şəhid yoldaşlarınız gəlib? Və ya müharibə ilə bağlı nələrsə görmüsünüz?

- Tam səmimi şəkildə deyəcəyəm. Müharibə zamanı bizim iki komandirimiz şəhid oldu: biri Mehman Şirvanov, digəri Qərib Baxşəliyev.

Təxminən müharibədən 3-4 ay sonra Mehman Şirvanovu yuxuda gördüm,. Sanki həyətdə onunla qucaqlaşıb görüşürdük. Həmişə deyirlər ki, şəhidlər ölmür. Biranlıq ona sual verdim: “Sən ölməmisən?” İnanın səmimiyyətimə, mənə dedi: “Mən sağam və yaşayıram”(gözləri dolur və gülür) Həmin gün yuxudan oyanmaq mənim üçün çox ağır oldu.

Daha sonra məscidə gedib Quran oxutdurdum. O zaman bir daha əmin oldum ki, şəhidlər həqiqətən ölmür və bizim ətrafımızda yaşayırlar.

Allah hər birinə rəhmət eləsin…

- Ümumiyyətlə döyüşdə sizə güc verən əsas motivasiya nə idi? Vətən sevgisi, ailəniz, dostluq, yoxsa başqa bir şey?

168806

- Döyüşdə peşəkar hərbiçi, zabit kimi iştirak edirdim. Bu mənim birinci vəzifə borcum idi. Bundan əlavə, ən əsas motivasiya Vətən sevgisi, ailəmizə və torpağımıza olan bağlılıq idi.

Müharibədə iştirak edən döyüşçülər şəhid olanda bir dəfə ölür, amma bizim ailə üzvlərimiz - anamız, atamız, bacımız hər gün ölüb-dirilirdilər. Çünki orada evlə əlaqə saxlamaq mümkün deyildi və hər zəngdən yalnız bizim sağ olduğumuzu bilirdilər.

Siz hazırda ailəlisiniz?

- Xeyr.

- Qeyd etdiniz ki, Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşmüsünüz. Döyüşə getməmişdən əvvəl ailənizlə əlaqə saxlaya bildinizmi? Həmin günlərdə danışa bilirdiniz?

- Biz döyüşlərə bir neçə gün sonra qoşulduq. Artıq döyüşlərə getmə günündə ailəmlə əlaqə saxladım və vəziyyəti bildirdim. Məxfilik səbəbindən əvvəlcədən bilmirdik ki, bizi Füzuliyə, yoxsa Suqovuşan istiqamətinə göndərəcəklər. Hardasa Bərdəyə çatanda atama zəng etdim və dedim ki, rayondan keçsəm, görüşə bilərik.

Ümumiyyətlə, ailəyə yalnız məlumat vermək kifayət edirdi. Çünki heç bir məxfilik saxlamağın mənası yox idi.İstər-istəməz onları da hazır vəziyyətə gətirmək lazım idi.

- Bəs, torpaqlar işğaldan azad edildikdən sonra bu sevincli xəbəri ilk kimlə bölüşdünüz?

- Düzü, mən oktyabrın 14-ü yaralanmışdım. Sol qolumu güllə qırmışdı. Yaralandığım günü hospitalda olduğumu ailəmə bildirdim. Hətta atama dedim ki, anama de. O isə cavab verdi: “Mən deyə bilmərəm, özün de”. Orada insanlar vardı ki, bədən üzvlərini itirmişdilər, amma mənim vəziyyətim o qədər də ağır deyildi.

Qələbə xəbərini isə müalicə müəssisəsində aldım. O an anladım ki, Ermənistan kapitulyasiya aktına qol çəkib və təslim olub.

- O an nə hiss keçirdiniz?

- Əvvəl inanmadım. Elə hiss edirdim ki, müharibə uzanacaq, çünki Füzuli rayonunda təxminən bir ay davam edən döyüşlər getmişdi. Belə tez bitəcəyini gözləmirdik.

Qalib olduğumuzu öyrənəndə isə çox sevindim. Ailəm zəng edib məni təbrik etdilər. (gülür) Həqiqətən də, çox böyük bir sevinc idi.

- Müharibədən sonra gündəlik həyata və tələbəliyə uyğunlaşmaq sizin üçün necə keçdi? Ən böyük çətinlik nə idi?

- Müharibə hamıda dərin psixoloji yaralar buraxır. Mən öz təcrübəmdən deyə bilərəm ki, yaralanma anından sonra səhnəciklər vardı ki, onları üç ay sonra xatırladım. Bunlar çox ağır xatirələr idi.

Müharibənin travmasından bəzi şeyləri unutmuşdum, çünki orada çox ağır hadisələrə şahid olmuşdum. Mərmi düşməsi nəticəsində yoldaşlarımızın bəzilərinin başı, ayağı yox idi. İlk döyüşdə 8 şəhid, 14 yaralı verdik. Onlardan 7 nəfəri çox ağır şəkildə yaralanmışdı. (dərin köks ötürür)

Müharibənin şokunu atlatmaq xeyli zamanımı aldı və bəlkə də indi sinir sistemim hələ də bunun təsirini göstərir. Düzdür, biz qalib gəldik, amma bundan sonra heç vaxt müharibənin olmasını arzulamazdım.

- Döyüş yoldaşlarınızla aranız necədir? Hələ də əlaqələriniz var?

- Döyüş yoldaşlarımla əlaqələrimiz davam edir. Əsgərlik yoldaşı ən yaxın dost və yoldaşdır. Bayramlarda həmişə bir-birimizi təbrik edirik, xoş günlərimizdə birlikdə sevinir, çətin anlarımızda isə yan-yana oluruq. Cəbhədə biz bir yumruq olmuşuq. Hər kəs bir-birinə tam etibar edir.

- Sizcə, bu gün gənclərin vətənpərvərlik anlayışı nə qədər realdır? Onların müharibə və dəyərlərə baxışında nə çatışmır?

168804

- Müharibədə iştirak edən gənclər Prezident İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış gənclərdir. Döyüşlər göstərdi ki, gənclərimiz vətənpərvər ruhda yetişib və hər birində yüksək ruh yüksəkliyi var. Biz bunu cəbhədə birbaşa müşahidə edirdik.

Düzdür, buna nümunə olaraq Mübariz İbrahimovun qəhrəmanlığını, Aprel və Tovuz döyüşlərini göstərmək olar. Hazırkı gənclər artıq müharibədən sonra daha özgüvənlidir. Mənim gənclərə tövsiyəm sadəcə budur: yüksək səviyyəli və keyfiyyətli təhsil alın və xalqımızın inkişafı üçün savadlı, bilikli gənclər olun.

- Bəs, sizə görə “Vətən” anlayışı nəyi ifadə edir?

- Vətən anlayışı mənim üçün ən müqəddəsdir. Düzdür, Allahla heç nəyi müqayisə etmək olmaz, amma Vətən də çox böyük məna kəsb edir. Vətən bizim hər şeyimizdir və mənim fikrimcə, Allahdan sonra ən önəmli olan Vətəndir.

- Bu günün gənclərinə, həm tələbə, həm də vətəndaş kimi hansı mesajı vermək istərdiniz?

- Birinci tövsiyəm odur ki, mübariz olsunlar. Hər şey insanın öz əlindədir. Sən bunun üçün çalışıb çaba göstərsən, nəticəyə nail ola bilərsən. Ən azından cəhd etməlidirlər.

Həm orta, həm də ali məktəblərimizdə yüksək savadlı professor-müəllim heyəti var. Təhsil almaq istəyən hər kəs üçün yaşın heç bir əhəmiyyəti yoxdur. Heç vaxt gec deyil.

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox