Azedu.az

Ata və qızı sertifikasiyada iştirak etdilər: “Daha uğurlu olacağıq”

Müsahibə və reportajlar

22 Sentyabr 2025, 14:16
Ata və qızı sertifikasiyada iştirak etdilər: “Daha uğurlu olacağıq”

Sentyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.

AzEdu.az Təhsil Portalı müsahibələrdə iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Qeyd edək ki, müsahibəyə qatılanlar arasında maraqlı məqamlar da olub.

Ata və qız eyni fənnin müəllimləri kimi prosesdə iştirak ediblər.

Onlar Siyasət İsayev və qızı Ulduz İsayeva olub.

Siyasət İsayev Bakı Dövlət Universitetinin fizika ixtisasının məzunu olub:

168328

“Təyinat üzrə ilk pedaqoji fəaliyyətimə Biləsuvar rayonu Əliabad kənd tam orta məktəbində başlamışam. 1994–2010-cu illərdə həmin məktəbdə çalışmışam. 2010-cu ildə isə müsahibə yolu ilə Milli Qəhrəman Mübariz İbrahimov adına məktəb-lisey kompleksinə müəllim və fənn rəhbəri kimi qəbul olunmuşam. Hazırda da fəaliyyətimi bu təhsil ocağında davam etdirirəm.

Müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edərək 57 bal toplamışam. Bu prosesi təhsildə dönüş nöqtəsi hesab edirəm. Çünki sertifikasiya müəllimlərin üzərində daha çox işləməsinə, peşəkar inkişafına təkan verir. Bugünkü müsahibə mərhələsində də iştirak etdim və xoş təəssürat aldım. Verilən suallar müəllimlik peşəsinə uyğun idi və hər iki mərhələdən - həm test, həm də müsahibədən razı qaldım. İmtahana qızımla birgə qatıldım və o da müsahibəni müsbət dəyərləndirdi. Ümumiyyətlə, bizim ailədə 7 nəfər riyaziyyat-fizika müəllimi var. Demək olar ki, müəllim ailəsiyik.

Daim dövlətimiz və xalqımız üçün vətənpərvərlik dəyərlərinin formalaşmasına çalışmışıq. Mənim üçün böyük qürurdur ki, Milli Qəhrəman Mübariz İbrahimovun 7-ci sinifdən 11-ci sinfə qədər müəllimi olmuşam. Bu gün Türk dünyasında Azərbaycanı tanıdan bir qəhrəmanın müəllimi olduğuma görə fəxr edirəm.

Mənim üçün digər qürur məqamı isə qızımla eyni ixtisas üzrə, həm müəllim, həm də həmkar kimi fəaliyyət göstərməyimizdir. Biz bir-birimizə söz vermişik ki, gələcəkdə daha böyük nailiyyətlər qazanacağıq. Çünki hər bir müəllimin amalında öyrənmək və öyrətmək dayanır. Yeniliklərə açıq olmaq vacibdir. Müsahibə mərhələsindən də uğurlu nəticə əldə edəcəyimə inanıram”.

Ulduz İsayevanın sözlərinə görə, müsahibə mərhələsində heç bir çətinliklə qarşılaşmayıb:

168327

“Biləsuvar rayonu Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində çalışıram. Bu gün müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsində iştirak etdim. Müsahibə olduqca rahat və şəffaf şəkildə keçirildi. Verilən suallar normal idi.

2016–2020-ci illərdə Sumqayıt Dövlət Universitetində fizika müəllimliyi ixtisası üzrə təhsil almışam. 2020-ci ildə MİQ imtahanında uğur qazanaraq hazırda çalışdığım məktəbdə fəaliyyətə başlamışam. Artıq 5 ildir pedaqoji fəaliyyətlə məşğulam.

Sertifikasiya imtahanından 55 bal toplamışam. Müsahibə mərhələsindən isə 35-dən yuxarı bal gözləyirəm. Atamla eyni imtahanda iştirak etmək mənim üçün həm qürurverici, həm də şərəfli hissdir. Ümumiyyətlə, müəllimliyə olan marağımın əsas səbəbi ziyalı ailəsində böyüməyimdir. Müsahibə zamanı heç bir çətinliklə üzləşmədim”.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox