Azedu.az

Çində tam təqaüd qazanan tələbə: "Əziyyət heç zaman yerdə qalmır"

Müsahibə və reportajlar

Tələbələr

17 İyul 2025, 16:07
Çində tam təqaüd qazanan tələbə: "Əziyyət heç zaman yerdə qalmır"

Xəbər verdiyimiz kimi, BMU-nun tələbəsi Səliqə İsayeva Çin universitetinə tam təqaüdlə qəbul olub.

Belə ki, o, Çin Xalq Respublikasının Hökumətlərarası Təqaüd Proqramı (Type A) çərçivəsində 2025-2026-cı tədris ilindən etibarən tam təqaüdlə Nanjing Elm və Texnologiya Universitetində (Nanjing University of Science and Technology) “Materialşünaslıq və material mühəndisliyi” ixtisası üzrə magistratura təhsilinə başlayacaq.

Bu münasibətlə AzEdu.az həmin tələbə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib.

Səliqə xanım, tam təqaüdlə Çin universitetinə qəbul olmağınız münasibəti ilə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Oxucularımıza sizi daha yaxından tanıtmaq istərdik.

-Təşəkkür edirəm. 149 nömrəli tam orta məktəbdə orta təhsil almışam. Daha sonra 2020-ci ildə Bakı Mühəndislik Universitetinin (BMU) fizika müəllimliyi ixtisasına qəbul olmuşam. Universiteti 2024-cü ildə fərqlənmə ilə bitirdim.

Magistratura üzrə təhsil ala bilmək üçün Çin Xalq Respublikasının təqaüd proqramına müraciət etdim. Hazırda Nanjing Elm və Texnologiya Universitetinə qəbul olmuşam və “Materialşünaslıq və material mühəndisliyi” ixtisası üzrə magistratura təhsilimi davam etdirəcəyəm.

-Qeyd etdiniz ki, BMU-da fizika müəllimliyi ixtisası üzrə təhsil almısınız. Çində isə materialşünaslıq və material mühəndisliyi üzrə oxuyacaqsınız. Bu ixtisası seçməyinizə səbəb nə idi?

-Bu ixtisası seçməyimdə əsas səbəblərdən biri də gələcək illərdə həmin sahənin çox uğurlu olacağını düşündüyümə görədir. Özüm bu sahə üzrə ixtisaslaşmaq istəyirəm.

-Nə üçün Çin universitetində təhsilinizi davam etdirmək istəyirsiniz?

-Çünki materialşünaslıq və material mühəndisliyi ixtisası üzrə digər ölkələrə nisbətdə Çin daha yaxşı tədris edilir. Yəni istər elmi tədqiqatları, istərsə də laboratoriyaları olsun inkişaf etmiş ölkədir. Məndə ona görə Çini uyğun bildim. Özüm-özümə dedim ki, bu ixtisas üzrə qabaqcıl ölkədə niyə də təhsil almayım?!

-Səliqə xanım, Çinin təhsil proqramı ilə bizim ölkənin təhsil proqramlarını müqayisə etsək, sizə görə nə kimi fərqləri mövcuddur?

-Bu proqramın tədrisi ingilis dilindədir və daha çox praktik tərəfə üstünlük verilir. Məndə bu ixtisas üzrə praktikaya daha çox önəm verdiyim üçün qəbul olduğum ali məktəbdə təhsil almaq qərarına gəldim.

-Bəs, Azərbaycan və Çin təhsilini müqayisə etsək sizə görə, hansı fərqlər var?

-Çində daha çox tələbələrin araşdırma etməsinə üstünlük verilir. Həmçinin laboratoriya mühitində daha çox olmasına yer verirlər. Bəzi ixtisaslar var ki, sadəcə nəzəri biliklə kifayətlənmək mümkün deyil. Ölkəmizdə çox savadlı və dünyagörüşlü müəllimlərimiz var. Lakin bizə həm də ixtisasımız üzrə praktiki yönümdə inkişaf etməyimizdə lazımdır.Bunun üçün də bizə xüsusi avandanlıqlar, laboratoriyalar lazımdır.

-Ötən ay Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi. Bu xəbər bir çox valideyn eləcə də Çində təhsil almaq istəyənlərə şad xəbər oldu...

-Çinə dekabrda müraciət etmişdim. Viza ilə bağlı məsələ isə artıq ondan sonra baş verdi. Təbii ki, ilk eşidən zaman çox sevindim. Əlaqələrimizin gücləndirilməsi hər iki ölkə üçün çox yaxşıdır. Düşünürəm ki, bu addım Azərbaycanın inkişaf etdirilməsində mühüm rol oynacaq.

-Bəs dil bilikləriniz necədir? Hansı dilləri daha yaxşı bilirsiniz?

-Azərbaycan, türk, ingilis dili yaxşı bilirəm. koreya dili üzrə öyrənməyə yeni başlamışam. Eyni zamanda çin dilində də hazırda öyrənməyə çalışıram.

-Çin dili üzrə təhsil alacaqsınız?

-Xeyr. Tədris ingilis dili üzrə təhsil alacağam.

-Qəbul olduğunuz universitetdə magistratura təhsil pilləsi neçə il müddətində davam edəcək?

-Əslində 2 il yarım müddətində tədris aparılır. Lakin təcrübə proqramları əlavə olunarsa, 3 ilə qədər bu prosesə uzana bilir.

-Çində təhsilinizi bitirdikdən sonra vətənə dönməyi düşünürsünüz?

-Universiteti bitirdikdən sonra təcrübə şirkətlərində olmaq fikrim var. Çünki həmin mühiti görüb və öyrəndikdən sonra vətənə dönən zaman bildiklərimi tətbiq etmək istəyirəm. Əsas məqsədim Azərbaycanın inkişafında mənim də qatqım olsun.

-Xaricə ilk səfərinizdir?

-Bəli.

-Tək yaşayacaqsınız, yoxsa ailə üzvlərinizlə gedəcəksiniz?

-Xeyr. Tək yaşayacağam.

-Az əvvəl ilk dəfə xaricə səfər edəcəyinizi qeyd etdiniz. Heç düşünürsünüzmü ölkənin mühitinə, mətbəxinə alışmaq sizə çətin olar?

-Sözün düzü, Çin mətbəxinin təamlarını dadmamışam. Lakin bilirəm ki, çox acı və istiotlu yeməkləri var. Bu bəzən azərbaycanlıların damaq dadına çox da uyğun olmur. Məsələn, bizim ölkə ət yeməyi sevəndir. Lakin Çində daha çox xəmirdən hazırlanan içi tərəvəzli yeməklərə üstünlük verirlər. Düşünürəm ki, zamanla alışmaq mümkün olar.

-Savadlı gənc kimi, gələcəkdə xaricdə təhsil almaq istəyənlərə nə tövsiyə edərdiniz?

-Hər kəsə xəyallarının ardınca getməyi tövsiyə edirəm. Düzdür, həyat bizi bəzən çətinliklərlə sınaya bilər. Lakin bu çətinliyə görə məyus olmaq lazım deyil. Əksinə, dərs çıxarmaq lazımdır. Əziyyət heç zaman yerdə qalmır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox